525.Az

Belarusa qarşı növbəti ittiham - ŞƏRH


 

Belarusa qarşı növbəti ittiham -<b style="color:red"> ŞƏRH</b>

Avropa Birliyi ilə Belarus arasında yeni münaqişə yaranıb. Avropa ölkələri Belarusu qanunsuz miqrant axınının təşkilində ittiham edir. Elə bir vəziyyət yaranıb ki, artıq bu məsələ ilə bağlı Almaniya prokurorluğu araşdırmaya başlayıb. Almaniya prokurorluğunu hərəkətə keçməyə sövq edən məqam isə alman polisinin araşdırmasıdır. Almaniya federal polisinin məlumatına görə, avqust ayından bu həftənin əvvəlinə kimi Belarus üzərindən Almaniyaya 4 min qanunsuz miqrant daxil olub. Onların əksəriyyəti İrak və Suriyadan olan gənclərdir. Oktyabr ayının ilk on günü ərzində bu ölkələrdən Almaniyaya gələn qanunsuz miqrantların sayı 1183 nəfərdir. Almaniya prokurorluğu Yaxın Şərq ölkələrindən olan qanunsuz miqrantların Belarus üzərindən Avropaya keçməsini Lukaşenko iqtidarı tərəfindən təşkil olunduğu qəanətindədir. Almaniya ilə yanaşı, bir çox Avropa ölkəsində də belə qənat yaranıb ki, qanunsuz miqrant axını Belarus hakimiyyəti tərəfindən təşkil olunur. Məqsəd isə Avropa Birliyini Belarusla masa arxasında oturmağa vadar etmək və Minskə qarşı tətbiq edilmiş sanksiyaların yumşaldılmasına nail olmaqdır. Lakin Avropa Birliyi Belarusa qarşı mövqeyini dəyişməkdən uzaqdır. 

Almaniya polisinin məlumatına görə, Yaxın Şərqdən olan qaçqınlar Bağdad, İstanbul, Dubay, Dəməşqdən təyyarə ilə Minskə gətirilir və daha sonra Belarusun Avropa ölkələri ilə sərhədlərinə göndərilir. Bu əməliyyat bir nəfər qaçqına 4 min avroya başa gəlir. Ancaq bu o demək deyil ki, 4 min avro xərcləyib Belarusun Avropa ölkələri sərhədinə gələn hər kəs dərhal "köhnə qitə"yə keçə biləcək. Onların bəzilərinə Avropa ölkələrindən birinə keçmək müəyəssər olsa da, bəziləri geri, öz ölkələrinə qayıtmaq məcburiyyətində qalırlar. 

Avropa ölkələrində isə Belarus hakimiyyətinin təşkil etdiyi miqrant axının qarşısını kəsməyin yollarını axtarır. Bu yollardan biri Belarusla sərhədlərin möhkəmləndirilməsidir. Hazırda Litva, Latviya və Polşa Belarusla sərhədində möhkəmləndirmək üçün tikanlı məftillər çəkir, xəndəklər qazır və divar çəkilişi ilə bağlı hazırlıqlar görürlər. 

Digər tərəfdən, Avropa Birliyi qanunsuz miqrant axını ilə bağlı Belarusa qarşı yeni sanksiyalar haqqında müzakirələr aparır. Bu sanksiya Belarus iqtisadiyyatın tamamilə çökdürə bilər. Eyni zamanda, Almaniya və bir neçə Avropa ölkəsində Belarus rəsmilərinə qarşı miqrant axını ilə bağlı hüquq-mühafizə orqanları araşdırmalar aparırlar. Məqsəd Belarus rəsmilərini qanunsuz miqrant axınını dayandırmağa sövq etməkdir. 

Hələlik isə Belarus üzərindən Avropaya miqrant axını davam edir. Belə görünür, Belarus rəsmiləri çox gəlirli bu "biznes" sahəsinin faydasını hiss ediblər və onu dayandırmaq istəmirlər.  
 

 





13.10.2021    çap et  çap et