525.Az

Tovuzda fermer qadınlarla maarifləndirici görüş keçirilib - Foto


 

TƏDBİR ÇƏRÇİVƏSİNDƏ QADIN SAHİBKARLARIN MƏHSULLARININ YARMARKASI DA TƏŞKİL EDİLİB

Tovuzda fermer qadınlarla maarifləndirici görüş keçirilib -<b style="color:red"> Foto</b>

Azərbaycanın  iqtisadi və ictimai həyatında qadınların rolu gündən-günə artır, onlar ölkəmizin inkişafı naminə bütün sahələrdə get-gedə daha yüksək əzm və işgüzarlıq nümayiş etdirirlər. Arqrar sektorda da uğurla fəaliyyət göstərən qadın təsərrüfatçılarımız az deyil. Onların bu sahədə daha böyük müvəffəqiyyətlərə nail olmasını təmin etmək üçün dövlətin dəstəyi ilə ardıcıl tədbirlər həyata keçirilir.

Aqrar  sahədə çalışanların ardıcıl maarifləndirilməsi tədbirləri çərçivəsində qadın fermerlərə, sahibkarlara və liderlərə onların ölkəmizin dayanıqlı kənd təsərrüfatı və qida təhlükəsizliyi sistemlərinin yaradılması üçün bərabər şərtlərlə töhfə verə bilmələri və onların bu fəaliyyətlərinə diqqəti cəlb etmək üçün yerlərədə silsilə tədbirlər həyata keçirilir. Qarşıdakı "Beynəlxalq Kənd Qadınları Günü"nə (15 oktyabr),  həmçinin, "Dünya Ərzaq Günü"nə (16 oktyabr) həsr edilən bu tədbirlər BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatı (FAO), Kənd Təsərrüfatı Nazirliyi, Aqrar Kredit və İnkişaf Agentliyi (AKİA), ABŞ Beynəlxalq İnkişaf Agentliyi (USAID) və Azərbaycan Kənd Qadınları Assosasiyası ilə  əməkdaşlıq şəraitində təşkil olunur.

Nazirlikdən bildirilib ki, Tovuz şəhərində də bu çərçivədə "Kənd qadınlarının COVİD-19-un təsirlərinə qarşı dayanıqlılığını gücləndirilməsi" mövzusunda görüş keçirilib. Tədbir COVİD-19 pandemiyasına qarşı mübarizədə, xüsusilə kənd təsərrüfatı sistemlərinin gücləndirilməsində qadınların rolunu vurğulamaq, habelə hökumətin kənd yerlərində qadınların səlahiyyətləndirilməsi üçün verdiyi dəstək və beynəlxalq təşəbbüsləri öyrənmək üçün müxtəlif maraqlı tərəfləri bir araya gətirib.

Tədbirdə FAO-Azərbaycan Tərəfdaşlıq Proqramının (FATP) "Qadınların iqtisadi güclərinin artırılması" layihəsi və USAİD Özəl Sektor Fəaliyyəti Proqramının "Qadınların Assosiasiyalarda iştirakı" layihələrindən faydalanan 50 nəfərdən çox istehsalçı və Kənd Qadınları Assosasiyasının üzvləri iştirak ediblər.

Tədbirdə bu layihələrin əhəmiyyəti barədə məlumat verilib. Bildirilib ki, COVİD-19 pandemiyasının fermerlərə, xüsusilə qadın fermerlərə və onların iqtisadi imkanlarına təsiri təhlil edilib.

Dünyada ərzaq məhsullarının yarısından çoxunun qadın fermerlər tərəfindən istehsal olunduğu, həmçinin, Azərbaycanda əmək fəaliyyəti ilə məşğul olan qadınların üçdə birinin aqrar sektorda çalışdığı diqqətə çatdırılaraq, qeyd olunub ki, Aqrar Kredit və İnkişaf Agentliyi kənd təsərrüfatının prioritet istiqamətləri üzrə tərəfdaşlıq etdiyi beynəlxalq təşkilatlarla birlikdə layihələr həyata keçirir və belə əməkdaşlıqlardan biri də FAO-Azərbaycan Tərəfdaşlıq proqramıdır. Bu proqram çərçivəsində qadın fermerləri hədəfləyən, kənd yerlərində yaşayan qadınların imkanlarının genişləndirilməsinin nəticəsi olaraq təkmilləşdirilmiş ərzaq təhlükəsizliyi, sosial inklüziv kənd yerlərinin inkişafı və dayanıqlı yaşayışın təmin edilməsi məqsədilə "Qadınların iqtisadi güclərinin artırılması - WEP" layihəsi və "Gənc kənd qadınlarının və kişilərinin, o cümlədən, həssas əhali qruplarından olanların özünüməşğulluq və sahibkarlıq imkanlarının genişləndirilməsi məqsədilə “Aqrar Məşğulluğun Artırılması - AMAL" layihəsi xüsusilə vurğulanaraq bildirilib ki, WEP layihəsi 12 rayonu əhatə edir və 300-ə yaxın qadın benefisiarı var, AMAL layihəsinin isə benefisiarlarının 30%-ni qadınlar təşkil edir.

Tədbir çərçivəsində kənd qadınlarının sahibkarlıq fəaliyyətində iştirakını təmin etmək və bacarıqlarını gücləndirmək üçün "Qadınların inkişaf prosesində iştirakı" mövzusunda dəyirmi masa da təşkil edilib. Daha sonra qadın sahibkarların istehsal etdiyi kənd təsərrüfatı məhsullarından ibarət məhsul yarmarkası təşkil olunub. Tədbirin sonunda FAO-Azərbaycan Tərəfdaşlıq Proqramı (FATP) "Qadınların iqtisadi güclərinin artırılması" layihəsi çərçivəsində yaradılan Qazax, Ağstafa, Tovuz, Ağdam və Gədəbəydən olan 5 qadın qrupuna məlumat əldə etmək və bazara çıxışa dəstək olacaq zəruri avadanlıqlar təqdim olunub.

Zakir Muradov, 
Gəncə-Tovuz

 

 





13.10.2021    çap et  çap et