525.Az

Yeni güc mərkəzləri dünyaya nə vəd edir? - Yılmaz Səfərov yazır


 

"REGİONDA İKİNCİ DÜNYA MÜHARİBƏSİNDƏN SONRAKI DÖVRÜN ƏN MÜHÜM İTTİFAQI" FORMALAŞIR

Yeni güc mərkəzləri dünyaya nə vəd edir? -<b style="color:red"> Yılmaz Səfərov yazır</b>

Beynəlxalq münasibətlərdə güc anlayışı müxtəlif formalarda mənalandırılır. Siyasi analitiklər, tarixçilər və diplomatlar güc sözünü daha çox bu anlamlarda işlədirlər: Dövlətlərin və ya liderlərin çatmaq istədikləri məqsəd kimi; Hadisələr, onların nəticələri, iştirakçıları və bu kimi məsələlər üzərində nəzarət etmə qabiliyyəti olaraq; Konfliktlər zamanı üstün mövqeyə və təhlükəsizliyə əlçatımlılıq baxımından; Ehtiyatların və imkanların istifadəsinə nəzarət etmək anlamında.

Müasir mənada güclü dövlət dedikdə iqtisadi və hərbi baxımdan digər dövlətlərdən bir qədər üstün mövqeyə malik olan dövlət başa düşülür. Doğrudur, ölkələrin güclü olmasını müəyyən edən dəqiq, ortaq qəbul olunmuş standartlar mövcud deyil. Bununla belə, beynəlxalq əlaqələrdə gücə sahib olan dövlətlər orta güclər, regional güclər, böyük güclər, super və ya hiper güclər kimi adlandırılırlar. 

Beynəlxalq sistemdə güc, dövlətlərdən başqa, digər qurumlara da xas ola bilər. Belə qurumlara çoxtərəfli beynəlxalq təşkilatları, hərbi ittifaqa söykənən təşkilatları (məs: NATO), çoxmillətli şirkətləri, qeyri-hökumət təşkilatlarını, bunlarla birlikdə Katolik Kilsəsini, Hansa Liqasını nümunə göstərmək mümkündür.

Bəs güc balansı nə deməkdir? 
    
Güc balansı (balance of power) beynəlxalq sistemdə bir dövlətin digər dövlətlərdən hərbi, siyasi, texnoloji və resurslar baxımından açıq-aşkar üstün olmasını müəyyən qədər məhdudlaşdıran dövlətlərarası tarazlıqdır. Başqa sözlə, güc balansı ikidən çox dövlətin mövcud olduğu beynəlxalq arenada güclənən dövlətin imkanlarının başqa dövlət və ya ittifaqlar tərəfindən tarazlaşdırılmasıdır. Bu anlayışdan ilk dəfə Guicciardini özünün "İtaliyanın tarixi" (1515) əsərində istifadə edib. Mövzuya ilk sistematik və analitik yanaşma kimi məhz bu əsər qəbul olunur. Müqavilə səviyyəsində isə sözügedən anlayışa ilk dəfə Utrext sazişində (1713) istinad olunub. Burada güc balansının davamlılığı və qorunması, Avropada sülhün bərqərar olunmasının əsas şərti kimi qeyd edilmişdi. 

Həm siyasət, həm də sistem olaraq güc tarazlığı müasir dünyanın diplomatik tarixindən kənarda gözdən keçirilə bilməz. Məsələn, beynəlxalq əlaqələrin 1914-cü ilə qədərki dövrünü güc balansının hakim olduğu dövr kimi qiymətləndirə bilərik. Eyni zamanda, I Dünya müharibəsindən sonra qurulan Millətlər Cəmiyyətinin əsas ideya olaraq "Ortaq Təhlükəsizlik Prinsipindən" çıxış etməsi də, şübhəsiz ki, o dövrdə güc tarazlığına duyulan ehtiyacdan irəli gəlirdi.

Təhlükəsizlik üzrə yeni əməkdaşlıq formatı - "AUKUS"

Lap bu günlərdə - 2021-ci ilin 15 sentyabrında yaranan ABŞ və Böyük Britaniyanın Avstraliya ilə təhlükəsizlik məsələləri üzrə yeni əməkdaşlıq formatı - "AUKUS" çərçivəsində atom sualtı gəmi texnologiyasını bölüşmə qərarından sonra Sakit okeanda güc balansı yenidən formalaşmağa başladı. ABŞ İngiltərənin ardından Avstraliya ilə də atom sualtı gəmi texnologiyasına dair sirlərini bölüşdü. Bunu Vaşinqtonun yeni təhlükəsizlik strategiyalarında Sakit okean bölgəsinə və Çin ilə rəqabətə verdiyi önəmi göstərən ən mühüm amillərdən biri hesab etmək olar.

Mərkəzi Londonda yerləşən Beynəlxalq Strateji Çalışmalar İnstitutunun "2021 Hərbi Güc Balansı" raportuna görə, 2 milyon 185 min hərbi personalı olan Çin dünyanın ən böyük orduya sahib dövlətidir. Ölkələrin hava, quru və dəniz qüvvələrinin hazırkı silahlanma gücü ilə bağlı statistikaların toplandığı "Globalfirepower.com" saytına görə, Çinin 3260 təyyarəlik hərbi aviasiyası və 777 gəmidən ibarət donanması mövcuddur.
ABŞ-ın isə 1 milyon 388 min 100 əsgərdən ibarət quru qoşunları sayca Çindəkindən az olsa da, 13 233 təyyarəsi ilə rəqibindən xeyli üstün hərbi hava qüvvələrinə malikdir. Amerikanın 490 gəmilik donanması sayca rəqibindən az olsa da, daha üstün döyüş ləvazimatları ilə təchiz olunub.
ABŞ və İngiltərənin Avstraliyanı təmin etmək istədikləri atom  sualtı gəmilərinə malik digər ölkələrdən hər birinin Sakit okean bölgəsində maraqlarının olması əsas diqqətçəkən məqamdır.

ABŞ, İngiltərə və Avstraliya liderləri sentyabrın 16-da elan olunan razılıqla bağlı açıqlamalarında Çinin adını çəkməsələr də, "artan regional təhlükəsizliklə bağlı narahatlığı" yekdilliklə vurğulamaları istər-istəməz bu əməkdaşlığın Çinin bölgədəki hərbi gücünü tarazlaşdırmağa yönələn bir pakt olduğu qənaətinə gəlməyə vadar edir.

Bəzi siyasi analitiklər təhlükəsizlik naminə bu yeni əməkdaşlığın "regionda II Dünya müharibəsindən bəri qurulan ən əhəmiyyətli ittifaq" olduğu ilə bağlı həmfikirdirlər. II Dünya müharibəsində də müttəfiq olmuş ABŞ, İngiltərə və Avstraliya, bölgədə nüfuzunu yayma siyasəti yürüdən Yaponiya əleyhinə Sakit okean regionunda tarazlıq yarada bilmişdi. 

Hərbi-siyasi müstəvidə Türkiyə-Azərbaycan-Pakistan əməkdaşlığı

Bütün bunlarla yanaşı, son dönəmdə istər regional, istərsə də qlobal miqyaslı proseslərin iştirakçısına çevrilən yeni bir güc mərkəzinin də yaranmasının şahidi oluruq. Bu güc mərkəzi Türkiyə-Azərbaycan-Pakistan kimi güclü regional dövlətlərin sıx və güclü müttəfiqlik meyilləri nəticəsində meydana gəlir. Yeni yaranmış bu əməkdaşlıq formatı əsasən də son 1 ildə baş verən əhəmiyyətli strateji məsafə adlayıb və tamamilə yeni mərhələyə qədəm qoyub. Əvvəla, bu əməkdaşlıq formatı istər II Qarabağ müharibəsi, istərsə də Əfqanıstanda gedən proseslərlə əlaqədar hərbi sahədə taleyüklü rol oynayıb. Digər tərəfdən, qlobal siyasi arenada, diplomatik masada əli güclü olan tərəflərdən biri mövqeyinə yüksəlməyi bacarıb. Avrasiyada güc tarazlığının əldə edilməsinə, region ölkələri və xalqlarının taleyində əsaslı rol oynamaq baxımından bu ittifaq hazırkı mərhələdə uğurla atılan ən mühüm addımlardan biri sayıla bilər. 

Məlum məsələdir ki, Türkiyə-Azərbaycan-Pakistan arasında güclənən hərbi-siyasi əməkdaşlıq regionda marağa malik bəzi dövlətlərin və güc ittifaqlarının müəyyən qədər qıcıqlanmasına səbəb olur. Lakin beynəlxalq münasibətlər baxımından bu yeni əməkdaşlıq formatı tamamilə aydın hüquqi zəminə malikdir. Nəzərə alınmalıdır ki, BMT Nizamnaməsinin 51-ci maddəsi bu təşkilata üzv dövlətlərə, fərdi qayda ilə yanaşı, kollektiv formada da özünümüdafiə hüququ verir. Hazırkı dönəmdə güclənməkdə olan Türkiyə-Azərbaycan-Pakistan hərbi-siyasi əməkdaşlığı da bu məqsədə yönəlib.    

Herbiand.az
 

 





13.10.2021    çap et  çap et