525.Az

Gəncənin adı gözəl, özü palçığa qərq olmuş Məhsəti qəsəbəsi


 

16 MİN NƏFƏRƏDƏK ƏHALİSİ OLAN QƏSƏBƏNİN HƏTTA POÇT MƏNTƏQƏSİNİN İŞ REJİMİ BELƏ YAĞIŞDAN ASILI HALA DÜŞÜB

Gəncənin adı gözəl, özü palçığa qərq olmuş Məhsəti qəsəbəsi<b style="color:red"></b>

Dünyanın bütün dövlətləri üçün neçə əsrdir ki, ümumi bir qayda mövcuddur. Az-çox əhəmiyyətə malik olan istənilən yaşayış məntəqəsinin coğrafi varlıq və həyat baxımından ən vacib nöqtəsi onun poçtu sayılır. Poçt - istənilən şəhər və kəndin mərkəzi koordinat nöqtəsidir. Elə xəritə və atlaslarda da yaşayış məntəqələri arasındakı rəsmi məsafə göstəriciləri də onların baş poçtları arasındakı məsafə ilə hesablanır. Tarix dərsliklərindən bilirik ki, poçt və teleqrafı əldən gedən şəhərin, yaxud kəndin özü də əldən getmiş sayılır.

Amma deyəsən, Gəncənin öz gözəl və qürurlu şairəsinin adını daşıyan Məhsəti qəsəbəsində bu vacib amilə fikir verən yoxdur. Bu qəsəbədəki yeganə poçt məntəqəsi yağışı görən kimi, ona təslim olmağa öyrəşib. Bəli, yağış başlayar-başlamaz, poçtun qabağındakı çökəklik kifayət qədər iri bir gölə çevrilir və burda çalışan əməkdaşların özlərini tez-tələsik "evakuasiya" etməkdən başqa çarələri qalmır. Yağıntılı hava şəraiti uzunmüddətli olduqda, qəsəbənin ən vacib məntəqəsinin qapısı günlərlə bağlı qalır və buranın sakinləri kommunal ödənişlər də daxil, vacib həyati xidmətlərdən məhrum olurlar.

"Artıq üçüncü gündür ki, bura gəlirəm, qapı bağlıdır. Qaz və işıq  istehlakı üçün karta pul yükləməliyəm. Belə olarmı? Axı bura dövləti əhəmiyyətli müəssisədir! Yağış yağdımı, bu mənzərələr təkrar olunur. Poçtun işçilərini də qınamaq olmur, bura əsl göldür, gələ bilmirlər. Vəziyyət haqda nə qədər deyirik, tədbir görən yoxdur", - deyə qəsəbə sakini İsmayıl Rüstəmov bildirir.

Digər sakin isə məsələ ilə bağlı fəallıq nümayiş etdirib. Amma...

"Mən bu davamlı biabırçı vəziyyətə dözməyib, əlaqədar nazirliyə məktub yazıb, məsələnin mahiyyətini, yəni vacib dövlət məntəqəsi kimi poçtun bu halətinin rəsmi qurumların nüfuzuna xələl gətirən bir təzahür olduğunu  onların diqqətinə çatdırmağa çalışdım. Amma deyəsən, nədən söhbət getdiyini duymadılar.  Mənə verilən formal cavabda bildirildi ki, qəsəbənin abadlaşdırılması ilə bağlı məsələlər onların səlahiyyətinə daxil deyil. Yaxşı, bəs heç olmazsa, öz məntəqənizin təhlükəsizliyi və qanuni iş qrafikinin təminatı üçün onun binası ətrafında müəyyən işlər aparmaq yəni o qədərmi çətindir?" - deyə qəsəbə sakini Vüqar Nəbiyev öz narazılığını bildirir. 

Qarşısındakı çökəklikdə tezcə yaranan göllənmə səbəbindən poçtun təslim olmasından sonra 4 mindən çox evə, 16 min nəfərədək sakinə malik, adı gözəl Məhsəti qəsəbəsinin küçələri də yağış qarşısında "əllər yuxarı" durumuna düşür.

Səhər-səhər qəsəbənin ayrı-ayrı yerlərində, uşaqlarını qucaqlarına və ya bellərinə alıb, topuqdan dizəcən palçıqlı gölməçələri, eləcə də özlərinin təbirincə desək, sürüşkən "lil-batdağı" ayaqlarına geydikləri rezin "botu" ilə keçib, uşaqlarını məktəbə aparan valideynləri görmək nadir hal deyil. Elə dərs qurtaran vaxtda da uşaqları etibarlı "botulu valideyn-taksi"lər məktəb qarşısında gözləyirlər.

"Çətinliklə, gölməçə və palçıq üzərindən tullana-tullana məktəbə yetişirik. Hələ mən məktəbə yaxın yerdə yaşayıram. Yolu uzaq olanların əziyyəti daha çoxdur", - deyə yuxarı sinif şagirdi Sənan Verdiyev məktəblilərin narahatlığından danışır.

Qəsəbədəki tibb məntəqəsinin bir qadın əməkdaşı da vəziyyətdən narazılığını bildirərək, binalarının divarlarının artıq nəm çəkdiyini və bunun sağlamlıq-gigiyena  baxımından təhlükə mənbəyi olduğunu diqqətə çatdırdı.

Sağlamlıq və gigiyena demişkən, əhalisi deyək ki, Naftalan şəhərindən çox olan bu qəsəbənin elə salınan vaxtdan kanalizasiya sistemi yoxdur. Çirkab sular, uzaq keçmiş zamanlardakı kimi, hər həyətdə mövcud olan, kanalizasiyanı əvəz edən quyulara axıdılır. Təbii ki, kanalizasiyası olmayan bu qəsəbədə yağış sularını ötürəcək sistem də mövcud deyil. Yağış yağdımı, əksər küçələrə su-torpaq qarışığı hökmran olur, evlərin, idarələrin qarşısını, pilləkənləri, həyətləri, zirzəmiləri basır. 

Neçə onilliklərdir ki, böyüyə-böyüyə iri yaşayış məntəqəsinə çevrilən, 2011-ci ildə qəsəbə statusu alan bu məkan asfalt sarıdan da bəxti gətirməyənlər sırasındadır.

"Məhsəti qəsəbəsində yalnız kiçicik bir ərazi asfaltlanıb. Qalan yerlər - yollar, küçələr ən yaxşı halda sakinlərin öz hesabına tökdükləri çınqıl, belədə isə qrunt torpaqdır. Uzun illərdir burada yaşayıram, hansısa ciddi abadlıq görməmişəm", - deyə sakin Vüqar Nəbiyev bildirir.

Sadə müşahidələr göstərir ki, Məhsəti qəsəbəsinin bu acınacaqlı durumunun səbəbləri burada  ümumən fundamental planlaşdırma və inşa-kommunikasiya işlərinin aparılmaması ilə bağlıdır.

Məhsətinin yerli idarəçiliyi isə problemlərlərin kökünü necə deyərlər, neytral səbəblərlə, qəsəbənin yerləşdiyi relyef ilə bağlayır. 

"Qəsəbənin küçələri əlverişsiz relyefdə yerləşdiyindən, mütəxəssislərin dediyinə görə, ora su-kanalizasiya sisteminin çəkilməsi məsələsi olduqca çətindir. Sakinlər tərəfindən evlər inşa edilərkən, relyef xüsusiyyətləri nəzərə alınmayıb. Amma yaxın gələcəkdə Məhsəti qəsəbəsində su-kanalizasiya sisteminin qurulması nəzərdə tutulur", - deyə Gəncə şəhəri Kəpəz rayonu İcra Hakimiyyətinin Məhsəti qəsəbəsi üzrə nümayəndəsi Vasif Seyidov bildirir.

Amma hər halda Gəncə ərazisi elə çətin relyefə malik deyil, xüsusən onun son onilliklərə aid ətraf qəsəbələri düzəngah yerlərdə salınıb. Odur ki, Məhsətinin sakinlərinin dilindən düşməyən "Allah, yağış yağdırma!" dualarına nə vaxtsa, əlaqədar qurumların hərəkətə keçməyilə, ehtiyac qalmayacağına inanmaq istərdik.

Zakir MURADOV, 
Gəncə

 

 





13.10.2021    çap et  çap et