525.Az

"Kitab oyunu"nda əvəzsiz "Oyunçu"muz - Nadir Yalçının reportajı


 

YAZIÇI SEYRAN SƏXAVƏTLƏ GÖRÜŞDƏN QEYDLƏR

"Kitab oyunu"nda əvəzsiz "Oyunçu"muz -<b style="color:red"> Nadir Yalçının reportajı</b>

"...Ən əsası, mənim dostumdur"

Azərbaycan ədəbiyyatında bədii əsərləri, dadlı söhbətləri, insanlara dürüst münasibəti ilə bütünləşərək bir ədib kimi məxsusi obraz yaradan, öz üslubunu formalaşdıran, məzmun və ideyası ilə oxucunun qəlbinə sirayət edən kamil qələm adamlarımız bütün dövrlərdə olub və olacaq. Bu gün sadaladığım keyfiyyətlərlə ürəklərdə taxt quran yazıçılarımızın sayı o qədər də çox deyil. Artıq zamanın çarxını sabit tempdə fırlatmaq mümkünsüzdür. Belə bir dövrdə sağlığında klassikə çevrilən yazıçıları canlı-canlı görmək, onlarla həmsöhbət olmaq oxucu üçün böyük sevinc, şirin həyəcandır. Bu yazının səbəbkarı isə  ana dilimizin və bədii nəsrimizin sayıq keşikçisi Seyran Səxavətdir. O, qələminin ucuna ədəbiyyatın həzm edə biləcəyi, keçmişin dolanbac küçələrindən gələn xatirələri təxəyyülü ilə vəhdətdə canlandıran, öz davamedici zamanına uyğunlaşdıran, ötən günlərə boylanaraq zamanın damarını tutan söz sənətkarıdır. 

Eşidəndə ki, Milli Kitab Sərgisində Seyran Səxavətlə görüş və imza günü planlaşdırılıb, dəyərli ədibimizlə dəfələrlə görüşməyimə baxmayaraq, ilk günmüş kimi həyəcanlandım və sevindim. Seyran müəllim qənimət adamdır. Hər yazısı, hər söhbəti, əhvalatı, xatirəsi qənimətdir. O xəzinədən bəhrələndikcə söhbətin daha da uzanmağını istəyirsən. "Qanun" nəşriyyatının müəllifin "Daş evlər" romanını yenidən çap eləməyi, ən azı, bu görüş qədər əlamətdar hadisədir.

Çiskinli payız günlərindən birində sərgiyə - Seyran Səxavətin imza gününə yollandım. Az qalırdım, yolboyu avtobusda, metroda, küçədə əlində kitab gördüyüm hər kəsə yaxınlaşıb deyim ki, Seyran Səxavətlə görüş var, gəlin...

"Qanun" nəşriyyatının rəhbəri Şahbaz Xuduoğlunun qocaman yazıçılarla görüş təşkil etməyi çox təqdirəlayiq hadisədir. Bu təşəbbüsdə qəribə bir nüans var. Bəzən həyat amansız olur, insanlar arzulara, arzular reallığa qovuşa bilmir. Görün bu görüşlərdə nə qədər insanın arzusu reallaşdı.
Qapıdan içəri girəndə Bəhruz Rüstəmxanlı ilə rastlaşdım. On gün ərzində, sözün əsl mənasında, hər şeyin qaydasında olmağı üçün canfəşanlıq edirdi. Bəhruz son zamanlar tanıdığım ən xoş insanlardan biridir. Məni görən kimi dedi: "Seyran müəllim aşağıdadı, hələ görüşün başlamağına iyirmi dəqiqə var, bilirəm, bu gün ona görə gəlmisən". 

Seyran Səxavət xoşbəxt idi... İnsanlar yaxınlaşaraq salamlaşır, hal-əhval tutur, sevgilərini izhar edirdilər. Gənc qızlar Seyran Səxavəti dövrəyə almışdılar. Dayanmadan müxtəlif suallar ünvanlayırdılar. Seyran müəllim isə, özünə məxsus zarafatları, hazırcavablığı ilə onu dinləyənlərin çöhrəsinə gülüş qondururdu. Məni yanındakılara təqdim elədi: "Nadir... "525-ci qəzet"in müxbiridir, özü də yazır. Ən əsası, mənim dostumdur". 

Seyran müəllim söz xatirinə danışan insan deyil. Özünü şirin satmaq üçün nitqinə boğazdan yuxarı kəlmə gətirməz. Odur ki, onun "dostumdur" kəlməsinə sidqi ürəkdən inanır və sevinirəm. Elə Seyran Səxavəti insanlara sevdirən ən ümdə xüsusiyyəti budur: əndazəsində səmimiyyət! 
Ayaqüstü söhbətlərdən məlum oldu ki, ölməz şairimiz Musa Yaqubun nəvəsi Çiçək xanım da yanımızda imiş. Seyran müəllim Musa Yaqubla bağlı xoş xatirələrindən bir-ikisini nəql elədi. Söhbət müəllifin "Nekroloq" romanından düşdü. Seyran müəllim üzünü Çiçək xanıma tutub dedi: "Bax bunu baban deyib ha, kimin də tənqidi varsa, o biri dünyada  özünə deyər. Musa Yaqub "Nekroloq" romanımı oxuyandan sonra dedi ki, Seyran Səxavət bu romanla ölümsüzləşdi". 

Seyran Səxavət nə qədər zarafatla danışsa da, Musa Yaqubdan bəhs edəndə gözlərinin içindən kədər görünürdü. Hiss olunurdu ki, dostu üçün çox darıxıb...

Digər bir sual "Daş evlər"in necə, hansı motiv və ideyadan qaynaqlanmaqla yazıldığı barədə oldu. Yazıçı dedi: "Daş evlər" mənim ilk romanımdır. Bakıda bir məhlədə kirayə yaşayırdım. Bu roman həmin həyətin sakinlərdən, o vaxt kənddən gəlib təzə-təzə tanış olduğum Bakıdan bəhs edir. Bədii əsər yaşadıqlarınla təxəyyülünün vəhdətindən doğur, belə yazılır".

"Şahbaz Xuduoğlu kimi naşirlər bizi kitabla barışdırır"

Seyran Səxavət minlərlə oxucunun sevimlisidir və yazıb-yaratdığı bütün dövrlərdə xalq öz məhəbbətini ondan əsirgəməyib. Yaradıcılığı boyu saysız görüşlər təşkil olunub, ünvanına neçə-neçə məktublar axın edib. Amma bu yarmarka onun üçün yeni format idi.

Sərgidəki əhval-ruhiyyəsindən hiss olunurdu ki, heç nə onun üçün adiləşməyib, uşaq kimi sevinir, onun adına gələn insanlar çoxaldıqca daha da ürəklənir. Yaradıcı insan üçün mənəvi yaxınlıq, diqqət həmişə vacib olub. 

Nəhayət, konfrans zalına toplandıq, Seyran müəllim oxucularla üzbəüz əyləşdi. Oturacaqlar dolmuşdu, xeyli adam ayaq üstə idi. Ənənəyə uyğun olaraq, görüşü Şahbaz bəy açıq elan elədi, Seyran müəllim haqqında xoş sözlər dedi, onun bu sərgiyə, imza gününə gəlişini yüksək qiymətləndirdi.

Seyran Səxavət hamını nəzərdən keçirib sözə başladı: "Biz Sovet adamlarıyıq, belə şey görməmişik. Şahbaz sağ olsun, başımıza oyun açır, bu oyunun adı "Kitab oyunu"dur, bu oyunda uduzmaq yoxdu. Biz neçə vaxtdı kitabla küsülü idik, Şahbaz Xuduoğlu kimi naşirlər bizi kitabla barışdırır".

"Əsəriniz bədii cəhətdən zəif olduğu üçün..."

Seyran Səxavəti "xatirat adam" adlandırmaq olar. Söhbətlərini şirinləşdirən elə o xatirələridi. O vaxt Seyran müəllim kiçik yaşlarında yazdıqlarını poçtla Yazıçılar İttifaqına yollayırmış. Yazıçılar İttifaqından gələn cavab məktubu o vaxtın üçbucaq balaca məktublardan seçilirmiş, böyük zərfdə kəndə cavab yollayırmışlar. Çoxu bu məktuba həsədlə baxırmış. 

Seyran müəllim xatırlayır: "O məktubların çölü çox adamı yandırırdı, içi tək məni yandırırdı. Həmişə qara xəbər gəlirdi: "Əsəriniz bədii cəhətdən zəif olduğu üçün çap edə bilmədik". Bir dəfə məktub yazdım ki, bu "bədii cəhətdən zəifdir" nə deməkdi? Görünür, məktublar oxunmurmuş. Ona görə də yenə eyni cavabı yazdılar: "Əsəriniz bədii cəhətdən zəif olduğu üçün..."

Seyran Səxavət peşəkarlıq pilləsinə asanlıqla qədəm qoymayıb. Keşməkeşli yollardan keçib, qazandıqlarına çətinliklə nail olub. Ötən günlərin çətinliklərini xatırlamaqda məqsədi o idi ki, aradakı fərq bilinsin...

"Çingiz Abdullayev Vətən müharibəsində ikinci cəbhə açdı"

Qarabağ problemi, Füzuli həsrəti, sözsüz ki, Seyran Səxavəti də yurduna bağlı bir insan kimi daim narahat edib, darıxdırıb. Ona sual verəndə ki, niyə Qarabağ mövzusunda az yazırsınız, cavabı belə olurdu: "Mənə şeirlər, romanla qaytarılan Qarabağ lazım deyil".

Seyran müəllimin Zəfərdən sonra dediyi bu cümlə ürəklərə yağ kimi yayıldı: "Qarabağ haqqında ən gözəl əsəri Ali Baş Komandan yazdı".

Hələ ayaqüstü söhbətləşəndə Seyran müəllim bu yaxınlarda Çingiz Abdullayevin "Ədəbiyyat" qəzetində çap olunan bir hekayəsi barədə çox xoş fikirlər bildirdi. Hətta necə bəhs etdisə, hamımız evə gedib hekayəni oxumaq üçün səbirsizləndik.

Görüşdə Seyran müəllimin Çingiz Abdullayev barədə səsləndirdiyi fikirlər, sözün çox böyük dəyərə sahib olduğunu bir daha sübut elədi:

"İkinci Dünya müharibəsi vaxtı Hitlerə qarşı ikinci cəbhə yaradılmışdı. Çingiz Abdullayev də İkinci Qarabağ savaşında ermənilərə qarşı ikinci cəbhə açdı - Söz cəbhəsi. Ali Baş Komandan müsahibələrində, çıxışlarında döyüşürdü, Çingiz Abdullayev də Prezidentimizdən sonra ikinci söz cəbhəsini açmışdı. Rusiyanın televiziya kanalında faktlara əsaslanaraq səlis çıxış elədi".

"Anadan olanda beş yaşım vardı"

Seyran Səxavəti öz istedadından əlavə, yazıçı kimi yetişdirən onun doğma torpağı, el-obası olub. Müşahidələrinin əmgəyi dədə-baba yurdundan bərkiyib. Ölüm qorxusu canına hopanda tanrı ona "qələm vəhi" verib. 

Oxucular arasından ona sual ünvanlandı: "Ədəbiyyat sevginiz hardan gəlir?"

Seyran müəllim gözlərini qıyıb yenidən zaman maşınına mindi:

"Bizim ədəbiyyat müəllimimiz həm də məktəbin direktoru idi. Mən dəftərdə yazdıqlarımı ona təqdim edirdim. Oxuyub öz fikirlərini mənlə bölüşürdü. Uşaq idim deyə Yazıçılar İttifaqından gələn məktublar kimi dediklərini tam başa düşmürdüm.

Evimizlə qəbiristanlığın arasında bir qobu var idi. Beş yaşım olardı, günlərin bir günü dostum xəbər elədi ki, bir kişini basdırırlar. Tez qəbiristanlığa yüyürdüm. İlk dəfə ölü basdırmağı orda görmüşəm, ölüm qorxusu onda mənə əyan olub. Ölüm qorxusunu dərk edəndə yenidən dünyaya gəldim, bu hesabla, anadan olanda beş yaşım var idi. 

"Sən nə istəyirdin, nələr itirdin..."

Özünün də qeyd etdiyi kimi, Seyran Səxavət ruhən şairdi. Əgər onun bir üzü nəsrdirsə, bir üzü nəzmdi. Özü də şeirlərindən hiss olunur ki, Seyran müəllim sevəndə dəhşət sevib. Sevgidən doğan ən məşhur şeir isə, "İlk məhəbbət, son məhəbbət" şeiridir. Bu şeirin tarixçəsindən bəhs elədi. Uğursuz sevgi hekayəsi... Amma bir məqam hamımızı kövrəltdi. Şeirin ünvanlandığı xanım qovuşmağın mümkünsüz olduğunu bildirsə də, "ömrümün sonunacan onu sevəcəm" deyib...

Sən nə istəyirdin, nələr itirdin... 
Qorxma kül olmaqdan, yan, məhəbbətim. 
Sən mənim başıma nələr gətirdin, 
Ay ilk məhəbbətim, son məhəbbətim.

"Müasir Azərbaycan nəsrindən arxayınam"

Görüşün sonu yaxınlaşırdı. Zaman əleyhimizə işləməyə başlamışdı. Seyran Səxavət hamını qohum adlandırırdı, deyirdi ki, biz hamımız sözün belindən gəlmişik.

Seyran Səxavət gənc yazıçıları daim mütaliə edir və onlar haqqında yüksək fikirdədir. Xüsusən, qadın yazarların inkişafı onu sevindirir. 

Çox böyük fəxrlə deyir: "Müasir Azərbaycan nəsrindən arxayınam".

Görüş yekunlaşandan sonra Seyran Səxavət kitabları imzalamağa başladı. Əl saxlayıb girişlə üzbəüz tar çalan oğlanı dinlədi. Birdən dedi:

- Bala, "Mirzə Hüseyn segahı" çal!

Seyran Səxavət çox əziz ədibimizdir, onunla hələ neçə-neçə görüşdə qarşılaşmaq diləyi ilə!..


 

 





13.10.2021    çap et  çap et