525.Az

Qayalıqlar bakirəsi - "Bir rəsmin dedikləri" rubrikası


 

Qayalıqlar bakirəsi -<b style="color:red"> "Bir rəsmin dedikləri" rubrikası</b>

"Bir rəsmin dedikləri" rubrikasının budəfəki qonağı sənətşünas Ulduz Hüseynovadır. Ulduz xanımla Leonardo da Vinçinin "Qayalıqlar bakirəsi" əsəri haqqında danışmışıq.

***

- Leonardo da Vinçinin haqqında söhbət açacağımız "Qayalıqlar bakirəsi" əsərinin iki variantı mövcuddur. Söhbətimizə bu iki rəsmin oxşar və fərqli cəhətləri ilə başlayaq.

- "Qayalıqlar bakirəsi" əsəri (digər adı "Madonna qayalıqlarda") Da Vinçi tərəfindən eyni mövzuda və eyni kompozisiya ilə çəkilmiş, detalları bir-birindən fərqlənən iki rəsm əsəridir. İki metrə yaxın hündürlükləri olan əsərlərin hər ikisi yağlı boya ilə işlənib. Hər iki əsər taxta panel üzərində işlənsə də, Luvr versiyası sonradan kətan üzərinə köçürülüb.

Hər iki əsərdə Madonna, Körpə İsa, körpə İohann və mələklə birlikdə qayalıq yerdə təsvir edilib. Əsərlərin əsas fərqi mələyin baxışında və sağ əlindədir. Bundan başqa, bir çox xırda detallar, o cümlədən, rənglər, floranın təsviri və sfumatonun istifadə üsulu da iki əsəri bir-birindən fərqləndirir. 

- Bəs hansı əsər birinci işlənib?

- Əsərlərin alınma tarixi sənədlərlə bəlli olunsa da, ümumilikdə onların dəqiq işlənmə tarixləri mübahisəlidir və bu da özlüyündə iki əsərdən hansının daha əvvəl işlənməsi mövzusunda mübahisə yaradır.

- Bu rəsmlərlə bağlı digər mübahisəli məqam isə müəllifin kimliyidir.

- Belə hesab edirdilər ki, Luvrda saxlanan "Qayalıqlar bakirəsi" tamamilə Leonardo da Vinçinin fırçasına aiddir. Milli Qalereyada saxlanan "Qayalıqlar bakirəsi"nin isə Leonardo da Vinçi tərəfindən dizayn edilməsi və tələbələri tərəfindən işlənməsi düşünülürdü. Luvr muzeyinin saytı və bir çox müəlliflər iddia edirlər ki, London versiyası 1485-1508-ci illərdə Leonardo da Vinçinin nəzarəti ilə Ambroco de Predis tərəfindən və ya əsasən Predis, qismən da Vinçi tərəfindən işlənib.

 Sənətşünaslar tərəfindən qəbul edilmiş fikrə əsasən Paris versiyasının daha əvvəl işlənməsi qeyd edilir. Milli Qalereyanın keçmiş direktoru Martin Devis Paris versiyasının stilistik baxımdan Leonardonun erkən işlərinə daha yaxın olduğunu, London versiyasının isə rəssamın yaşlı dövrünün işlərini əks etdirdiyini, buna görə də, Luvrdakı rəsmin daha qədim olduğunu qeyd edir. Əksər müəlliflər Paris versiyasının məhz 1483-cü il sifarişinə əsasən işlənmiş rəsm olduğunu qeyd edirlər. 

- Sanki rəssam əsərdə Madonnanın yaşının azlığını önə çəkir. 

- Yaşının az olmasının xüsusi vurğusu yoxdur. Bu, hamiləliyinin ön plana çıxması ilə əlaqələndirir.

- Əsərin rəng koloriti barədə nə deyə bilərsiniz?

- Əsərə baxarkən əsasən soyuq rənglər ahəngdarlığını  müşahidə edirik. Onu da qeyd etmək lazımdır ki, Da Vinçinin əsərlərində əsasən pastel tonlardan istifadə xarakterik idi. 

- Bəs kompozisiya necə?

-  Biri Londondakı Milli Qalereya, digəri isə Parisdəki Luvr muzeyində saxlanan hər iki "Qayalıqlar bakirəsi" rəsmi mövzu və kompozisiya baxımından eyni olduqlarına görə, ehtimal ki, biri digərini kopyalayır. Rəsmlər bir-birindən kompozisiya detalları, rəng tonları və işıqlandırılmalarına görə fərqlənir.

Kompozisiya baxımından London versiyasındakı fiqurlar daha böyükdür. Hər iki əsər arasındakı əsas kompozisiya fərqi ondan ibarətdir ki, London versiyasında mələk əlini dizi üstünə qoyduğu halda, Paris versiyasında sağ əlini qaldıraraq şəhadət barmağı ilə Vəftizçi İohannı göstərir. London versiyasında mələyin baxışları yerə zillənsə də, Paris versiyasında mələyin baxışı izləyiciyə yönəlib.

London versiyasında bədən və geyim xətləri də daxil olmaqla bütün formalar daha dəqiq göstərilib. Qayalıqlar daha detallı və dəqiq təsvir edilsə də, arxadakı peyzaj bir qədər dumanlıdır. London versiyasında işıq kölgə oyunları daha sərtdir. Paris versiyasında isə üzlər daha incə rənglənib və yüngül sfumato ilə yayğınlaşdırılıb. Paris versiyasında kölgələr daha yüngül və isti olsa da, bunun sonrakı dövrlərdə təmizlənmə və bərpa nəticəsində meydana gəlməsi düşünülür. 1939-cu ildə Kennet Klark qeyd edir ki, əsər qalın sarı lak qatının altında olduğuna görə, orijinalın rəngi, çalarları və tonallığı haqqında dəqiq nəsə demək mümkün deyil. Əsərin tünd yerlərində toplanmalar çirkəbənzər qat yaradıb, həmçinin, üst qatda çoxsaylı qədim boyalar görünməkdədir. 

- Bu rəsm bizə nə deyir? 

- Demək olar ki, əsrlər boyunca Həzrət İsaya, Vəftizçi İohanna  və Məryəm anaya aid bir çox əsərlərin müxtəlif rəssamlar tərəfindən işləndiyinin artıq şahidi olmuşuq. Hər iki əsərin məzmununda da Körpə İsaya Vəftizçi İohann tərəfindən təzim göstərilməsini görürük. Əsərdə Vəftizçi İohannın Bakirə Məryəm və Körpə İsaya təzim etməsi dövrün xarakteristikası haqqında bizə məlumat verir.

Aytac SAHƏD
 

 





13.10.2021    çap et  çap et