525.Az

Nəvəm necə böyüdü - Əlisəfdər Hüseynov yazır


 

HÜSEYNİN 7 YAŞINA

Nəvəm necə böyüdü -<b style="color:red"> Əlisəfdər Hüseynov yazır</b>

4 YAŞI OLANDA
  
- Əliş baba!

- Can!

- (bığımı göstərir) Bu, nədir?

- Bu, bığdır.

- Hardan almısan?

- Mağazadan...

- Neçəyə almısan? 

- Beş manata.

- Niyə almısan?

- İstədim ki, bığım olsun.

- Bığ yaxşı şeydir?

- Pis deyil...

- Onda birini də mənə al.

- Niyə ki?

- İstəyirəm mənim də bığım olsun.

- Sənə olmaz.

- Niyə?

- Çünki uşaqların bığı olmur.

- Niyə?

- Olmur da...

- Almırsan?

- Yox..

- Onda sən yatanda bığını oğurlayacam.

- Oğurlaya bilməzsən.

- Niyə, Əliş baba?

- Ona görə ki, onu qopartmaq olmur. Onu ora Allah baba yapışdırıb.

- Aaaa, bəs bayaq dedin ki mağazadan almısan!..

- ........... (məni gülmək tutur)...

                 
6 YAŞI OLANDA
     
(Qardaşım vəfat edəndən və anamın yanında dəfn olunduqdan 1 həftə sonra)

- Əliş baba!

- Hə, bala.

- (qardaşımın boş çarpayısını göstərir) Bəs Şahin əmi hanı?

- ...Şahin əmi gedib.

- Hara gedib?

- Göyçaya - anasının yanına...

- Niyə gedib, Əliş baba?

- Anası çağırdı, o da getdi.

 - Anası niyə çağırdı?

 - Çağırdı ki, bir yerdə olsunlar

 - Heyif, onda bir də qayıtmaz.

 - (kövrəlirəm) Hə, bir də qayıtmayacaq.

 - Anası buraxmayacaq?

 -...Hə, buraxmayacaq.

 - Niyə buraxmayacaq, Əliş baba?..

 - Çünki onu çox istəyirdi. 

- Anan səni də çox istəyir, Əliş baba?

- Hə, istəyir...

- Onda səni də çağıracaq?

- Hə, çağıracaq...

- Nə vaxt çağıracaq, Əliş baba, darıxanda?

- (qəhər boğazıma dirənir) Vaxtı çatanda...

- (təlaşla) Əliş baba, onda sən də qayıtmayacaqsan?

-...........

- Əliş baba, gözünə nə oldu, çöp düşdü?

- ........... (özümü və göz yaşımı saxlaya bilmirəm, deyəsən, ağlayıram)

- Ana, ana, gəl! Deyəsən, Əliş baba ağlayır...

                    
YENƏ 6 YAŞ...

- Ana!.. ay ana!..

- Nə olub, Hüseyn? Nədən  qorxmusan? 

- İndi televizorda bacıya oxşayan bir uşaq gördüm... (hiss olunur ki, qəhər boğazına dirənib, bir himə bənddir).

- Lap yaxşı. Bəs sənə nə oldu ki? 

- Ana, üzünü görmədiyim bir  xala deyirdi ki, anası o uşağı atıb küçəyə (daha özünü saxlaya bilmir - hönkürür).

- Yaxşı, sakit ol, al su iç... Sən kişisən axı. Kişi ağlamaz... Sakitləş və de görüm nədən qorxmusan?

- Uşağın gözləri bacının gözləri kimi yumulu idi, amma gülürdü (7 aylıq bacısını nəzərdə tutur)... Onu götürüb harasa apardılar (hıçqırır). Ana, anası onu niyə atıb? Bəs Allah babadan qorxmur?

- Yəqin qorxmur da, bala. Qorxsaydı öz balasını çölə atardımı? (Artıq anası da kövrəlib, çalışır ki, uşaq bunu hiss eləməsin).

- Ana, Allah baba onun anasına nə eləyəcək?

- Özü nə məsləhət bilirsə, onu da edəcək, Hüseyn.

- Mən istəyirəm ki, Allah  baba onun öz gözlərini yumsun, bir də aça bilməsin! (yenə kövrəlib ağlayır)

- Gəl, biz Allah babanın işlətinə qarışmayaq, Hüseyn. Özü lazım bildiyini edəcək..

- Ana, bəs o uşağı hara  apardılar?

- Uşaq evinə... Orda ona baxacaqlar, yedirdəcəklər, o da başlayacaq böyüməyə.

- Bəs onun anası kim olacaq?

- ...........

- Anası olmayacaq onun, ana? Bəs onu kim öpəcək, kim gəzdirəcək?

- (Anası üzünü yana çevirib gözlərinin yaşını xəlvətvə silir) Ona yaxşı xalalar baxacaq,  xalalar öpəcək onu, gəzdirəcəklər...

- Bəs böyüyəndə ondan soruşanda ki, anan kimdir, nə deyəcək?

- Deyəcək ki, kim məni böyüdübsə, o da mənim anamdır. 

- Belə olur, ana?

- (Köks ötürür) Olanda olur... Yaxşı, get üzünü yu...    

- (Çevrilib vanna otağına tərəf bir neçə addım atır. Qəfildən dayanıb geri çevrilir) Ana, bir mehriban xala var ey... Hamı deyir ki, o, balaca uşaqlara yaxşı baxır, onları çox istəyir. Onun adı nədir?

- Onun adı da elə özü kimi 

Mehribandır.

- Hə, yadıma düşdü - 

Mehriban xala. Ana o qoymaz da bu uşaq da anasız qalsın, hə?

- Əlbəttə, Hüseyn. O, bütün balaca uşaqların dostudur.

- Nə yaxşı! Onda bütün uşaqlar da onun dostudur, hə?

- Hə, əlbəttə!

- Mən də onun dostu olacam, ana, yazmağı öyrənən kimi ona məktub yazacam.

- (Anası onu öpür) Bu gün gördüm ki, sən artıq böyümüsən, əziz balam...

İLK DƏRS GÜNÜNDƏ  HÜSEYNƏ BABA XEYİR-DUASI
   
Gözəl balam!

Bu gün sinif otağına ayaq basıb şagird - yəni öyrənən adı qazanacaq, qarşıdakı illərdə bu dünyanı sənə daha yaxından tanıdacaq çox şeylər öyrənəcək, çox sirlərə vaqif olacaqsan. Bu uzun yolda sənə uğurlar arzulayıram. Qoy yolun həmişə işıqlı, əqlin iti, öyrənmək istəyin tükənməz olsun!

İndiki nəsil məsləhəti, tövsiyəni xoşlamasa da, sənə 2 baba nəsihəti ərməğan edirəm. Onları qulağında sırğa eləsən, böyüyəndə babanı minnətdarlıqla xatırlayacaqsan.

1. Hər vaxt, hər şəraitdə  vicdanının səsini eşitməyə çalış, hər gün, hər an onunla dialoqda ol, onunla məsləhətləş. Unutma ki, vicdan Ulu Tanrının bizim içimizdə közərən və İblisə aman verməyən işartısı, insan xislətinin özülüdür və deməli, vicdana tapınmaq - elə Allaha tapınmaq deməkdir.

2. Bütün elmlərə vaqif ol, amma ilk növbədə Vətəni sevmək elmini öyrən, "bu Vətən mənə nə verib?" yox, "mən bu Vətən üçün nə etmişəm?" deyənlərdən ol, Vətəni özünə yox, özünü Vətənə borclu bil! Bu Vətəni bizə Allah ərməğan edib və biz onu sevməsək, onu qorumasaq, Allah bunu bizə bağışlamaz!

Bu dünyada sadəcə adam kimi baş girləyən yox, İNSAN olmağın yeganə düsturu budur!

Uğurlar, Hüseyn bala!

Qoy, bəxtin, taleyin sənə yar olsun!

 





14.10.2021    çap et  çap et