525.Az

Əbədiyyətdəki əziz ünvanlarımız - Şəhidlər ölməz, Vətən bölünməz!


 

Əbədiyyətdəki əziz ünvanlarımız - <b style="color:red"> Şəhidlər ölməz, Vətən bölünməz!</b>

Həyat nə qədər şirin olsa da, ölüm heç bir insan övladının qaça bilməyəcəyi tale yazısıdır. Amma Allah qatında seçilmiş elə insanlar var ki, onlar ölmür, cismən bu dünyanı tərk edib, ruhən Yaradana - əbədiyyətə qovuşurlar. Ölümlərin ən şərəflisi də deyirlər buna. Bu, müqəddəs şəhidlik zirvəsidir ki, hər kəsə qismət olmaz.

Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi ilə sentyabr ayında başlanan və 44 gün davam edən Vətən müharibəmiz 30 ilə yaxın erməni işğalında olan torpaqlarımızın, Qarabağın azadlığıyla nəticələndi.

Müharibə varsa, şəhid də var, qazi də, itkin də... Nə yazıq ki, bu müharibəmiz də qurbanlarsız ötüşmədi. Azərbaycanın üç minə yaxın qəhrəmanı torpaqlarımızın azadlığı uğrunda şəhidlik zirvəsinə ucaldı, minlərlə igid qazi adını qazandı. "525-ci qəzet" olaraq bu layihəmizdə mütəmadi şəkildə hissə-hissə həmin igidlərimizi oxucularımıza tanıtdıracağıq. Hər biri bir qəhrəmanlıq dastanı olan bu həyatlarla qürur duyur, onları unutmayacağımıza, unutdurmayacağımıza söz veririk! Allah hər birinə rəhmət eləsin!

P.S. Bu layihəmizə dəstək olmaq üçün ətrafınızda tanıdığınız, bildiyiniz şəhidlər varsa, həyat yoluna güzgü tutmaq məramı ilə müəllifin göstərilmiş e-mail ünvanıyla əlaqə saxlaya bilərsiniz:

[email protected]

***

Elçin Bayram oğlu Alıyev 16 iyul 1975-ci ildə Abşeron rayonu Saray qəsəbəsində anadan olub. 1982-ci ildə Qubadlı rayonunda 1 saylı orta məktəbin 1-ci sinfinə gedib, 1992-ci ildə həmin məktəbin məzunu olub. 

1992-ci ildə Bakı Dövlət Universitetinin Hüquq fakültəsinə qəbul olub. 1993-cü ildə Ali Hərbi məktəbə yerdəyişmə edib. 1993-cü ildə Bakı Ali Birləşmiş Komandanlıq Məktəbinin Tank Artilleriya fakültəsinin 1-ci kursuna qəbul olub. 1997-ci ildə Taktiki Yerüstü Artilleriya Komandiri və Artelleriya Silahlarının İstismarı üzrə mühəndis ixtisasları alaraq bitirib. 

1997-2005-ci illərdə N saylı  hərbi hissədə Artilleriya batareyasının komandiri və briqadanın kəşfiyyat rəisi, 2006-2010-cu illərdə N saylı hərbi hissədə  Artilleriya rəisinin köməkçisi, 2010-2011- ci illərdə  N saylı  hərbi hissədə Artilleriya rəisinin baş köməkçisi, 2014 sentyabr - 2015 yanvar tarixə qədər H.Əliyev adına Azərbaycan Ali Hərbi məktəbində müəllim, 2015 yanvar - 2017 aprel tarixində isə N saylı hərbi hissədə Artilleriya bölməsinin rəisinin baş köməkçisi vəzifəsində xidmət edib. 

2016-cı  ilin Aprel döyüşlərində Lələtəpənin azad olunmasında öndə gedən igidlərimizdən biri olub.

2017-ci il aprel ayından öz arzusu ilə həqiqi hərbi xidmətdən ehtiyata buraxılıb.
Təqaüdə çıxmasına baxmayaraq, mayor Elçin Alıyev Vətən müharibəsi başladıqdan sonra 1 oktyabr  2020-ci  ildə N saylı hərbi hissədən könüllü müharibəyə yollanıb. Döyüş yolu əvvəlcə Ağcabədi rayonunda əsgərlərə təlim keçməklə başlayır. Sonra isə əsgərləri ilə birgə Füzuliyə döyüşə qatılır. Hadrutda, Xocavənddə, Qubadlıda, Şuşada gedən döyüşlərdə fəal iştirak edən igidlərdən biri olur.

Müharibə zamanı ayağından yaralanmasına baxmayaraq, döyüşə davam etmişdi. 7 noyabr 2020-ci ildə belindən zədə alır. Bir gün yaralı vəziyyətdə döyüşür. 9 noyabr 2020-ci ildə Şuşada gedən döyüşlərdə qəhrəmanlıq göstərərək şəhidlik zirvəsinə ucalıb. II Fəxri xiyabanda dəfn olunub.

7 il öncə Ramiyə adlı xanımla ailə həyatı quran şəhidimizin Rəhim adlı bir övladı vətənə əmanət qalıb. O, ailəsiylə son dəfə noyabrın 2-də danışır. Onlara hər şeyin yaxşı olduğunu, az qaldığını, qələbə qazanıb evə dönəcəyini deyir. 

Elçin Alıyev şəhadətindən sonra "Vətən uğrunda" ,"Döyüşdə fərqlənməyə görə", "Fuzulinin azad olunmasına görə", "Qubadlının azad olunmasına görə", "Şuşanın azad olunmasına görə" medalları və 3-cü dərəcəli "Rəşadət" ordeni ilə təltif edilib.

***

Elgün İlham oğlu Paşayev 1994-cü il martın 4-də Sabirabad rayonunun Qalaqayın kəndində anadan olub. O, Füzuli rayonun yuxarı Zərgar kəndindən olan Zobcuq 2 sakinidir. 

Azərbaycan Ordusunun kiçik çavuşu olan Elgün Paşayev Füzuli rayonunun Şükürbəyli kəndində yerləşən N saylı hərbi hissədə sanitar təlimçisi olaraq xidmət göstərib.

2020-ci il sentyabrın 27-də başlanan Vətən müharibəsi zamanı Füzulinin azadlığı uğrunda gedən döyüşlərdə savaşıb və sentyabrın 27-də Füzuli döyüşləri zamanı qəhrəmancasına şəhidlik zirvəsinə yüksəlib.

2015-ci ildə Zəhra xanımla ailə həyatı quran şəhidimizin 6 yaşlı qızı Paşayeva Mələk və 4 yaşlı oğlu Paşayev İlham onun nişanəsi olaraq vətənə əmanətdir.

Elgün Paşayev şəhadətindən sonra "Vətən uğrunda", "Xocavəndin azad olunmasına görə" və "Füzulinin azad olunmasına görə" medalları ilə təltif edilib.

***

Bəhruz Fazil oğlu İbrahimov 1983-cü il mayın 22-də Füzuli rayonunun Govşatlı kəndində anadan olub. 1991-ci ilin sentyabr ayında Füzuli rayon Gövşad kənd tam orta məktəbə daxil olub, 2002-ci ildə Beyləqan rayon Milabad qəsəbəsində məktəbi bitirib.

2002-ci il iyul ayında Beyləqan RHK tərəfindən həqiqi hərbi xidmətə çağrılıb. 2004-cü il hərbi xidmətini başa vuraraq ehtiyata buraxılıb. 2007-ci ildə Azərbaycan Silahlı Qüvvələrinin Təlim Tədris Mərkəzində MAHHXHQ kursuna daxil olub. 2007-ci ilin oktyabr ayından N saylı hərbi hissədə sürücü vəzifəsində xidmət edib. 2012-ci ilin noyabr ayından etibarən N saylı Hərbi Qospitalda sürücü vəzifəsində xidməti davam etdirib. 2019-cu ilin aprel ayının 8-də N saylı hərbi hissəyə sürücü vəzifəsinə təyin olunub. 30 iyul 2020-ci il tarixdən N saylı hərbi hissədə baş sürücü vəzifəsində xidmət edib. 

Xidməti müddətində qüsursuz hərbi xidmətinə görə nizam intizam, döyüş və ictimai-siyasi hazrlığı ilə nümunəvi hərbçi olub. Çox sayda fəxri fərmanları medalları var. 2016-cı il aprel döyüşlərində göstərdiyi fədakarlığa görə rəhbərliyin və yoldaşlarının rəğbətini qazanıb.

Verilən tapşırıqların öhdəsindən layiqincə gəldiyi üçün "Qüsursuz xidmətə görə" 3-cü dərəcəli medalı,  "Azərbaycan Respublikası Silahlı Qüvvələrinin 90 illiyi (1918-2008)" yubiley medalı, "Azərbaycan Respublikası Silahlı Qüvvələrinin 95 illiyi (1918-2013)" yubiley medalı, "Azərbaycan Ordusunun 100 illiyi (1918-2018)" yubiley medalları ilə təltif edilib.

Azərbaycan Ordusunun kiçik çavuşu olan Bəhruz İbrahimov 2020-ci il sentyabrın 27-də başlanan Vətən müharibəsi zamanı Füzulinin azadlığı uğrunda gedən döyüşlərdə savaşıb və sentyabrın 30-da Füzuli döyüşləri zamanı şəhid olub.

Aygün Fərhadova ilə ailəli olan şəhidimizin üç övladı yadigar qaldı.

Şəhid qardaşı Mübariz İbrahimov deyir ki, uzun illərdir doğma yurdlarına qayıdacaqları günü gözləyiblər. Bəhruz da bu arzu ilə yaşayıb: "Uşaq yaşlarından erməni vandalizmini görmüşdü, ona görə də hərbçi olmağa qərar verdi. Həqiqi hərbi xidməti bitirdikdən sonra ailə quran Bəhruz, daha sonra müddətdən artıq hərbi xidmətçi kimi Vətənin keşiyində dayandı. O, 10 yaşında ayaqyalın çıxdığı Füzuliyə qəhrəman hərbçi kimi tank üstündə qayıtdı. Doğma rayonumuzun azad edilməsində böyük şücaət göstərdi".

Bəhruzun sonuncu danışığı övladı Farizlə olub. Ona ata nəsihəti verərək, dərslərini yaxşı oxumağı, Vətənə layiqli övlad kimi yetişməyi tövsiyə edib. 

Bəhruz İbrahimov şəhadətindən sonra "Vətən uğrunda" və "Füzulinin azad olunmasına görə", "Cəbrayılın azad olunmasına görə"  medalları ilə təltif edilib.

***

İlkin Abdulla oğlu Məmmədov 26 noyabr 1990-cı ildə Füzuli rayonunun Kürdmahmudlu kəndində anadan olub. 1997-ci ildə Kürdmahmudlu kənd tam orta məktəbin 1-ci sinfinə qəbul olur. Ailəlikcə Abşeron rayon Saray qəsəbəsinə köçdüklərinə görə 11-ci sinfi orada bitirir. 

İdmana böyük həvəsi olduğuna görə kiçik yaşlardan məşqlərə başlayan İlkin 2000-ci ildə karate üzrə Respublika çempionatında 3-cü yeri tutub. 2009-cu ildə həqiqi hərbi xidmətə çağırılır. İdman sahəsində tanındığına görə Azərbaycan Silahlı Qüvvələrinin N saylı hərbi hissənin Xüsusi təyinatlı bölməsində xidmət edir.

2012-ci ildən Hərbi Dəniz Qüvvələrində xidmətə qəbul edilir.

MMA döyüş növü üzrə beynəlxalq dərəcəli hakim statusunun sahibidir.

İlkin 2020-ci il avqust ayından N saylı hərbi hissədə xidmət edir.

Azərbaycan Ordusunun kiçik çavuşu olan İlkin Məmmədov 2020-ci il sentyabrın 27-də başlanan Vətən müharibəsi zamanı Hadrut qəsəbəsinin, Füzulinin və Şuşanın azadlığı uğrunda gedən döyüşlərdə ilk gündən silaha sarılaraq bir neçə döyüş əməliyyatlarında fəal iştirak edir. Düşmənin xeyli canlı qüvvəsini məhv etməsində xüsusilə fərqlənir. 2 noyabr 2020-ci il tarixdə Şuşa şəhəri ətrafında döyüşlərdə qəhrəmancasına şəhidlik zirvəsinə ucalır. Abşeron rayonunun Saray qəsəbəsində dəfn olunub.

İlkin Məmmədov şəhadətindən "Füzulinin azad olunmasına görə", "Xocavəndin azad olunmasına görə", "İgidliyə görə", "Vətən uğrunda" medalları ilə təltif edilib.

***

Mirsədi Mircəfər oğlu Bağırlı 2000-ci il iyunun 12-də Tərtər şəhərində anadan olub. 2006-2015-ci illərdə Kəlbəcər rayonunun 66 nömrəli tam orta məktəbində təhsil alıb. 2015-2018-ci illərdə isə Bərdə Peşə Liseyində "təmirçi çilingər və avtomobil sürücüsü" ixtisası üzrə təhsil alıb. 

Mirsədi Bağırlı 2018-ci ildə Tərtər Hərbi Komisarlığı tərəfindən müddətli həqiqi hərbi xidmətə çağırılıb. Dövlət Sərhəd Xidmətinin əvvəlcə Zaqatala rayonunda, sonra isə Xızı rayonunda yerləşən N saylı hərbi xidmət edib. 2019-cu ildə Dövlət Sərhəd Xidmətinin Yevlax rayonunda yerləşən N saylı hərbi hissəsində Gizir Kurslarında təhsil alıb. 2020-ci il yanvarın 28-dən "gizir" hərbi rütbəsində hərbi xidmətini başa vurub. 2020-ci il martın 30-dan isə Dövlət Sərhəd Xidmətinin Xızı rayonunda yerləşən N saylı hərbi hissəsində ÇHD-nın xüsusi təyinatlı qrupunun sıralarında snayperçi olaraq müddətdən artıq həqiqi hərbi xidmətə başlayıb.

2020-ci ilin 17-18 avqustunda Azərbaycan-Ermənistan dövlət sərhədinin Qazax rayonu sahəsində Babaqar dağı istiqamətində gedən hərbi əməliyyatda savaşıb. Həmin əməliyyat nəticəsində Dövlət Sərhəd Xidmətinin mövqelərinin 1700 metr irəliyə gəlməsinə nail olunub.

Azərbaycan Ordusunun Sərhəd Qoşunlarının kiçik giziri olan Mirsədi Bağırlı 2020-ci il sentyabrın 27-də başlanan Vətən müharibəsi zamanı əvvəlcə Kəlbəcər istiqamətində, sonra isə Cəbrayılın azadlığı uğrunda gedən döyüşlərdə savaşıb. Mirsədi Bağırlı oktyabrın 10-da Cəbrayıl döyüşləri zamanı qəhrəmancasına şəhidlik zirvəsinə yüksəlib.

Mirsədi Bağırlı şəhadətindən sonra "Vətən uğrunda", "Döyüşdə fərqlənməyə görə" və "Xocavəndin azad olunmasına görə" medalları ilə təltif edilib.

***

Ayaz Nizami oğlu Abasov 1998-ci il dekabrın 20-də Cəlilabad rayonunun Bəcirəvan kəndində anadan olub.

Azərbaycanın Daxili İşlər Nazirliyinin Daxili Qoşunlarının əsgəri olan Ayaz Abasov 2020-ci il sentyabrın 27-də başlanan Vətən müharibəsi zamanı Cəbrayılın azadlığı uğrunda gedən döyüşlərdə savaşıb və oktyabrın 3-də Cəbrayıl döyüşləri zamanı şəhidlik məqamına ucalıb.

Ayaz Abasov şəhadətindən sonra "Vətən uğrunda" və "Cəbrayılın azad olunmasına görə" medalları ilə təltif edilib.

***

Anar Saday oğlu Hüseynli 1994-cü il avqustun 13-də Şəmkir rayonunun Təzəkənd kəndində anadan olub. 2000-2011-ci illərdə S.Vurğun adına Təzəkənd kənd tam orta məktəbində təhsil alıb. 

O, 2012-2013-cü illərdə Azərbaycan Silahlı Qüvvələrinin sıralarında müddətli həqiqi hərbi xidmətdə olub.

Azərbaycan Silahlı Qüvvələrinin əsgəri olan Anar Hüseynli 2020-ci il sentyabrın 27-də başlanan Vətən müharibəsi zamanı Füzuli, Qubadlı və Şuşanın azadlığı uğrunda gedən döyüşlərdə könüllü olaraq savaşıb və noyabrın 8-də Şuşa döyüşləri zamanı qəhrəmancasına şəhidlik məqamına yüksəlib. Şəmkir rayonunun Təzəkənd kəndində dəfn olunub.

Anar Hüseynli şəhadətindən sonra "Vətən uğrunda", "Cəsur döyüşçü" və "Şuşanın azad olunmasına görə" medalları ilə təltif edilib.

***

Xəqani Mənsur oğlu Cəmilli 1995-ci il fevralın 22-də Yevlax rayonunun Varvara kəndində anadan olub. 2001-2012-ci illərdə T.Səmədov adına Varvara kənd tam orta məktəbində təhsil alıb.

2013-2014-cü illərdə Azərbaycan Silahlı Qüvvələrinin Gədəbəy rayonunda yerləşən N saylı hərbi hissəsində müddətli həqiqi hərbi xidmətdə olub. 2016-cı ildən isə müddətdən artıq həqiqi hərbi xidmət qulluqçusu idi.

Azərbaycan Ordusunun giziri olan Xəqani Cəmilli 2020-ci il sentyabrın 27-də başlanan Vətən müharibəsi zamanı Füzulinin azadlığı uğrunda gedən döyüşlərdə savaşıb və oktyabrın 1-də Füzuli döyüşləri zamanı şəhidlik zirvəsinə yüksəlib. Oktyabrın 4-ü Yevlax rayonunun Varvara kəndində dəfn olunub.

Xəqani Cəmilli şəhadətindən sonra "Vətən uğrunda", "Xocavəndin azad olunmasına görə", "Füzulinin azad olunmasına görə", "Şuşanın azad olunmasına görə" və "Cəsur döyüşçü" medalları ilə təltif edilib.

***

Xansu Elsevər oğlu Qurbanov 2000-ci il sentyabrın 23-də Naxçıvan şəhərində Elsevər Qurbanov və Yəmən Abbasovanın ailəsində anadan olub. 2006-2017-ci illərdə Naxçıvan şəhərində 15 nömrəli tam orta məktəbdə təhsil alıb. 

2018-2020-ci illərdə Azərbaycan Silahlı Qüvvələrinin sıralarında müddətli həqiqi hərbi xidmətdə idi. 2020-ci ildən isə müddətdən artıq həqiqi hərbi xidmət qulluqçusu idi.

Azərbaycan Ordusunun əsgəri olan Xansu Qurbanov 2020-ci il sentyabrın 27-də başlanan Vətən müharibəsi zamanı Şuşanın azadlığı uğrunda gedən döyüşlərdə savaşıb və noyabrın 9-da Şuşa döyüşləri zamanı şəhidlik məqamına ucalıb. Naxçıvan şəhərində dəfn olunub.

Xansu Qurbanov şəhadətindən sonra "Vətən uğrunda", "Şuşanın azad olunmasına görə", "Xocavəndin azad olunmasına görə" və "Füzulinin azad olunmasına görə" medalları ilə təltif edilib.

***

Xeyrulla Mais oğlu İbrahimov 1971-ci il aprelin 19-da Bakı şəhərində anadan olub. 1978-1985-ci illərdə Suraxanı rayonunda 116 nömrəli tam orta məktəbdə, 1985-1988-ci illərdə Cəmşid Naxçıvanski adına Hərbi Liseydə təhsil alıb. 1988-1992-ci illərdə isə Xmelnitski Ali Artilleriya Komandanlıq Məktəbində "Artilleriya" ixtisası üzrə ali hərbi təhsil alıb.

O, 1992-ci il sentyabrın 28-dən 1993-cü il iyunun 5-nə qədər Azərbaycan Silahlı Qüvvələrinin Ağcabədi rayonunda yerləşən N saylı hərbi hissəsində Haubitsalı Artilleriya Divizionunun Qərargah rəisi - Divizion Komandirinin müavini vəzifəsində, 1993-cü il iyunun 5-dən 1993-cü il noyabrın 1-nə qədər isə Hacı Zeynalabdin qəsəbəsində yerləşən N saylı hərbi hissədə Zenit Artilleriya Divizionunun Komandiri vəzifəsində xidmət edib.

1992-1994-cü illərdə Birinci Qarabağ müharibəsi zamanı Laçının, Tərtərin, Cəbrayılın, Füzulinin, Qubadlının və Zəngilanın müdafiəsi uğrunda gedən döyüşlərdə savaşıb. 1994-cü il martın 22-də Füzuli rayonunun Aşağı Seyidəhmədli istiqamətində gedən döyüşlərdə yaralanıb.

1993-cü il noyabrın 1-dən 1993-cü il yanvarın 18-nə qədər Hərbi Hava Qüvvələrinin (HHQ) və Hava Hücumundan Müdafiə Qoşunlarının (HHM) sərəncamında olan Xeyrulla İbrahimov, 1994-cü il yanvarın 18-dən 1997-ci il mayın 14-nə qədər Gəncə şəhərində yerləşən N saylı hərbi hissədə Artilleriya Divizionunun Komandiri, 1997-ci il mayın 14-dən 1998-ci il noyabrın 1-nə qədər isə həmin hərbi hissədə Haubitsalı Artilleriya Divizionunun Komandiri vəzifəsində xidmət edib. 1994-cü il iyunun 24-də "Baş leytenant" hərbi rütbəsi, 1997-ci il iyunun 30-da isə "Kapitan" hərbi rütbəsi verilib.

1998-ci il noyabrın 1-dən 1999-cu il iyunun 29-na qədər Abşeron rayonunda yerləşən 4-cü Ordu Korpusunda Artilleriya rəisi vəzifəsində xidmət edən Xeyrulla İbrahimov, 1999-cu il iyunun 29-dan 2000-ci il iyunun 26-na qədər Azərbaycan Silahlı Qüvvələrinin Hərbi Akademiyasında dinləyici olub. 2000-ci il iyunun 30-da "mayor" hərbi rütbəsi verilib.

Xeyrulla İbrahimov 2000-ci il iyulun 26-dan 2003-cü il sentyabrın 30-na qədər Ağcabədi rayonunda yerləşən N saylı hərbi hissədə Komandir müavini, 2003-cü il sentyabrın 30-dan 2004-cü il aprelin 1-nə qədər həmin hərbi hissədə Komandirin MTT üzrə müavini - MTT bölmə rəisi vəzifəsində xidmət edib. 2004-cü il iyunun 30-da "polkovnik-leytenant" hərbi rütbəsi verilib.

2003-cü il iyunun 24-də Azərbaycan Prezidenti Heydər Əliyevin Sərəncamına əsasən Azərbaycanın müstəqilliyinin və ərazi bütövlüyünün qorunub saxlanmasında xüsusi xidmətlərinə, öz xidməti vəzifələrini və hərbi hissənin qarşısında qoyulmuş tapşırıqları yerinə yetirən zaman fərqləndiyinə görə "Hərbi xidmətlərə görə" medalı ilə təltif olunub.

Növbəti 7 il ərzində Xeyrulla İbrahimov hərbi hissələrin Komandiri vəzifəsində xidmət edib. O, əvvəlcə 2004-cü il aprelin 1-dən 2009-cu il iyulun 25-nə qədər Goranboy rayonunda yerləşən N saylı hərbi hissənin, sonra isə 2009-cu il iyulun 25-dən 2011-ci ilə qədər Naxçıvan şəhərində yerləşən N sayı hərbi hissənin Komandiri olub.

Könüllü olaraq 2011-ci ildə Azərbaycan Silahlı Qüvvələrinin sıralarından ehtiyata buraxılıb. 20 il davam edən qüsursuz xidməti ərzində "Kobra" ləqəbini qazanıb.

2020-ci il sentyabrın 27-də başlanan Vətən müharibəsində könüllü olaraq Müdafiə Nazirliyinə müraciət edən ehtiyatda olan polkovik-leytenant Xeyrulla İbrahimovun müraciətinə dərhal baxıldı və o, 4-cü Ordu Korpusunun Artilleriya rəisi vəzifəsində müharibəyə yollandı.

Azərbaycan Ordusunun polkovnik-leytenantı olan Xeyrulla İbrahimov Vətən müharibəsi zamanı Cəbrayılın, Füzulinin, Zəngilanın, Qubadlının və Xocavəndin azadlığı uğrunda gedən döyüşlərdə savaşıb, Ermənistan Silahlı Qüvvələrinin canlı qüvvələrinin, dayan məntəqələrinin məhv edilməsi zamanı fərqlənib. Ermənistan Ordusunun rəhbərliyi tərəfindən döyüş meydanında "Kobra" ləqəbi ilə tanınan Xeyrulla İbrahimovun öldürülməsi pul ödənişi belə təyin edilmişdi. O, oktyabrın 26-da Xocavənd döyüşləri zamanı şəhid olub. II Şəhidlər xiyabanında dəfn olunub.

1998-ci ildən Pərvanə İbrahimova ilə ailəli idi. Həyat yoldaşı 5 iyun 2020-ci ildə xərçəng xəstəliyindən vəfat edib. Ləman adında bir qızı, Anar və Vasif adında iki oğlu yadigar qaldı.

Xeyrulla İbrahimov şəhadətindən sonra "Azərbaycan Bayrağı" ordeni, "Vətən uğrunda", "Xocavəndin azad olunmasına görə", "Füzulinin azad olunmasına görə" və "Şuşanın azad olunmasına görə" medalları ilə təltif edilib.

***

İlkin Bəkir oğlu Ələsgərli 1992-ci il oktyabrın 14-də Şəmkir rayonunun Keçili kəndində anadan olub. 1999-2010-cu illərdə S.Vurğun adına Təzəkənd kənd tam orta məktəbində təhsil alıb. 

2010-2012-ci illərdə Azərbaycan Silahlı Qüvvələrinin sıralarında müddətli həqiqi hərbi xidmətdə olub. 2013-cü ildən Azərbaycan Silahlı Qüvvələrinin sıralarında müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusu kimi xidmətə başlayıb. Daha sonra xidmətini "gizir" hərbi rütbəsi altında davam etdirirdi. 2016-cı ilin 2-5 aprelində baş tutan döyüşlərin iştirakçısı olub.

Azərbaycan Silahlı Qüvvələrinin giziri olan İlkin Ələsgərli 2020-ci il sentyabrın 27-də başlanan Vətən müharibəsi zamanı Füzulinin azadlığı uğrunda gedən döyüşlərdə savaşıb. Oktyabrın 30-da Füzuli döyüşləri zamanı şəhid olub. Şəmkir rayonunun Keçili kəndində dəfn olunub.

İlkin Ələsgərli şəhadətindən sonra "Vətən uğrunda", "İgidliyə görə" və "Füzulinin azad olunmasına görə" medalları ilə təltif edilib.

 





14.10.2021    çap et  çap et