525.Az

Vaqif Sultanlının romanı Türkiyədə nəşr edilib


 

Vaqif Sultanlının romanı Türkiyədə nəşr edilib<b style="color:red"></b>

Bu günlərdə yazıçı-ədəbiyyatşünas Vaqif Sultanlının "Səhra savaşı" romanı Türkiyədə nəşr olunub.

525.az xəbər verir ki, İstanbulun "Nestor" nəşriyyatında nəfis şəkildə yayımlanan kitabı Türkiyə türkcəsinə tanınmış tərcüməçi və ədəbiyyat araşdırıcısı Ənvər Uzun çevirib. Qeyd edək ki, "Səhra savaşı" müəllifin Türkiyə oxucularına təqdim olunan ilk kitabı deyil. Bundan öncə, yazıçının roman, povest və hekayələr toplusundan ibarət "Ölüm yuxusu", "İnsan dənizi" kitabları, habelə "Azərbaycan mühacirət ədəbiyyatı", "Ruhun ağrıları" adlı elmi araşdırmaları Türkiyə türkcəsinə çevrilərək müxtəlif nəşriyyatlarda yayımlanmışdır.

Şərti-metaforik üslubda qələmə alınmış "Səhra savaşı" romanının süjet xətti zamanın çatlaması ilə gələcəkdən imtina edərək keçmişə üz tutan qəhrəmanın taleyi fonunda aşkarlanır. Hadisə və əhvalatların bu müstəvidə çözümü müəllifə insan, zaman və dünya haqqında fəlsəfi düşüncələrini əks etdirməyə imkan vermişdir.

Yazıçının əvvəlki yazılarından yalnız məzmunca deyil, həmçinin forma-sənətkarlıq baxımından seçilən "Səhra savaşı" romanı çağdaş dünyaya hakim olan özgələşmə, yaddaşsızlaşma, yabançılaşma kimi mənəvi-əxlaqi sorunlara ciddi etiraz ruhu ilə diqqəti çəkir. Süjeti fəlsəfi-mifoloji düşüncədən qaynaqlanan romanın bədii üslubu mürəkkəb təhkiyə hörüyü ilə müşayiət olunan hadisə və epizodlarla şərtlənir.

Kitabı kitabyurdu.com, pandora.com, babil.com, amazon.com saytlarından sifariş yolu ilə əldə etmək olar.
 

 





14.10.2021    çap et  çap et