525.Az

Yazıçı Əfqanın "Cənnətməkan"ı: türk hökmdarın siyasətnaməsi


 

Yazıçı Əfqanın "Cənnətməkan"ı: <b style="color:red"> türk hökmdarın siyasətnaməsi</b>

Azərbaycan ədəbiyyatının dəyərli imzalarından biri - Əməkdar incəsənət xadimi Əfqan həm ömrünün və həm də yaradıcılığının zirvəsindən izləyir dünyanı. Bu zirvədən baxanda, öz zəhmətilə yaratdığı qiymətli xəzinə dəyərində olan əsərlərinə nəzər yetirəndə, yəqin ki, sevinir və illərini hədər keçirmədiyinə görə çox məmnun olur. Bir əsrə yaxın müddətdə bu dünya ilə baş-başa yaşamaq, özü bir gözəl dünya yaratmaq və ömrün ixtiyar çağına qədər nüfuzunu, hörmətini qorumaq elə-belə iş deyil! 

"Bəy İnal", "Qartal əfsanəsi", "Gülyanaq","Katib", "Həsrət də bir vüsaldır", "Şahlar Şahı", "Cənnətməkan" romanları; "Qozbel", "Məhəbbət ətirli qərənfilim", "Dünya gözəlliyindir", "O, daş deyildir" povestləri, "Gecikmisən" (1961), "Gözəllik sorağında" (1962), "Sən tək deyilsən" (1963), "Sarı əlcək" (1965) hekayə topluları, "Sarı əlcək", "O, mənim oğlumdur", "Qız atası", "Gülməyən adam", "Dağ seli", "Tamah dişi", "Cənnət alması" pyesləri Əfqanın Azərbaycan ədəbiyyatında qurduğu sarayın bürcləri, hücrələri, otaqlarıdır. Hər əsərlə oxucunu fərqli aləmlərə aparır yazıçı təxəyyülü. Bu yazımda yazıçının "Cənnətməkan" aləmində görüb öyrəndiklərimdən söz açmaq istəyirəm. Bəli, məhz öyrəndiklərimdən. 
Bədii əsərlər əksər hallarda oxucunun vaxtını dəyərləndirmək, zövq alaraq keçirmək məqsədilə üz tutduğu mənbə olur. Bu əsər isə öyrədərək, inkişaf etdirərək zövq almağa səbəb olur. Ədəbiyyatın əsl təyinatı da elə bu deyilmi? 

Tarixi roman janrında, eləcə də əxlaqi-didaktik zəmində yazılmış "Cənnətməkan" bir insana öncə müəyyən ailənin, sonra millətin, sonra isə bəşəriyyətin nümayəndəsi müstəvisində yanaşır. Əsəri oxuduqca yazıçının bu romanı qələm götürüb yazdığını deyil, əsrlərin o tayında baş verənləri öz gözləri ilə görüb danışdığını təsəvvür edirdim. "Qabusnamə", "Əxlaqi-Nasir", "Sirlər xəzinəsi", "Siyasətnamə" tipli əsərlərin müasir dövrümüzdə də yazıldığını "Cənnətməkan"ı oxuyanda öyrəndim.

Roman 15 hissədən ibarətdir:

1.Yol uzun, döngəsi çox 

2.Yazıya pozu yoxdur 

3.Tarixdən bir səhifə

4.Çarıq müharibəsi

5.Millətin qazancı

6.Sultan Mehmetə ikinci məktub 

7.Şah səbri 

8.Bağdad kimindir?

9.Ərk qalası

10.Güzəran aynası

11.Kəpəzin göz yaşı 

12.Güzgülü pəhləvanlar

13.Müəllim sözü

14.Göydə Allah, yerdə qeyrət

15.Türkün gözəl gəlini

Romanın kiçik hissələrə bölünməsi oxu prosesini axıcı və maraqlı edir. Əsas xətt olaraq Şah Abbas Cənnətməkanın dövlətçilik siyasəti, fəaliyyəti, yürüşləri, idarəetmə üsulları, ideyalarından danışılsa da, yeri gəldikcə mövzuya uyğun danışılan situativ hekayətlər, rəvayətlər əsərə folklor enerjisi, xalq ədəbiyyatı kaloriti əlavə edir. 

Əsərdə diqqətimi çəkən iki məqam məndə fərqli və maraqlı təəssürat yaratdı.

1. Türk olmağın fəxrini, qürurunu yaşayan yazıçı təkcə Azərbaycan türklərindən deyil, geniş müstəvidə bütün türklərin tarixinə, uğur və uğursuzluqlarına toxunur. 

Haqqında danışdığı hökmdarları ilk olaraq bir türk kimi təhlil edir. Onların verdiyi qərarların, etdikləri əməllərin, fikirlərin türk dünyasına əks-sədasını, təsirini araşdırır. 

"Mehmet Fateh iki sahili bir edib, gündoğardan günbatara körpü salıb. Bu, şöhrət tarixidir, vəzir. İstanbul onun yadigarı kimi yaşayır. Əsl türk oğlu türk olub. Türk millətini ucaldıb. Sübut edib ki, türk milləti böyük millətdir. Mehmet Fateh millətin qazancıdır, vəzir. Kaş Üçüncü Mehmet də ulu babası kimi millətin qazancı olaydı. Arzum budur...

Səfəvi şahları taxta çıxarkən millətə qazanc olacaqları haqda and içirlər. Bu, müqəddəs anddır. Şah İsmayıl Xətaidən bəri bütün şahlar and içiblər: "Göydə Allah, yerdə Quran!" Bu anda şahidlik ediblər. Şah Abbas da diz çöküb, Quranı öpərək and içmişdi".

Bütün türk dünyasının gücünün yalnız birlikdə olmasını yazıçı rəğbət və ehtiramla yaratdığı baş qəhrəmanının fikirləri vasitəsilə göstərməklə əslində öz mövqeyini də bəlirləmiş olur:

"Şah Abbas qalxıb bir xeyli gərdiş elədi. Kim bilməsə də, Hətəm bəy bilirdi ki, Şah Abbas nə sünni-şiə davası edir, nə də sərhəd davası. Hökmdarın sinəsini parçalayan bütün türk dünyasının dərdi idi. O dərd ki, bütün Təbrizi, Ərdəbili, Gəncəni, Çuxursəddi, Ərzincanı dağıtmışdı. Bu dərdin adı yenə hikkə idi. Sultan Mehmet hikkəsindən əl çəksəydi, Şah Abbas ən seçmə süvarilərini Vyananın astanasında ilişib qalmış Osmanlı paşalarının köməyinə göndərərdi. 

- Vəzir, bəlkə... türkün ən dəhşətli bəlası ötənlərdən dərs götürməməsidir".

Əsərin baş qəhrəmanı Səfəvi hökmdarı Şah Abbasdır. Oxucu onun düşüncələrini, ideallarını, məqsəd və planlarını vəziri ordubadlı Hətəm bəylə, eləcə də tarixi hadisələri qələmə almasını istədiyi ərdəbilli İsgəndər Münşi ilə dialoqlarından anlayır. Şah Abbasın xarakter olaraq çox ağıllı, uzaqgörən, ədalətli, qurucu bir hökmdar olduğunu elə tarixdə məhz belə bir hökmdar kimi qalmaq niyyətindən və əməllərindən görürük. Əcnəbi rəssama bir insanın yalnız əməlləri ilə öz şəklini yaratdığını deməsi çox mətləblərdən xəbər verir. 

"Şah Abbas suala sualla cavab verir: 

- Sən adamın hansı sifətini çəkirsən? 

- Əlbəttə, gördüyümü. 

- Bəs görmədiyin?

Rəssam susub, fikirli-fikirli qımışır.

Şah Abbas sözünə davam edir: 

- Bəli, mürəkkəb, çox mürəkkəb sualdır. Çünki adamın necəliyini sifətindən çox əməli müəyyən edir. Axirət günü də adamdan hansı əməlin sahibi olduğunu soruşurlar.

Kiminlə söhbət etdiyini anlayan əcnəbi rəssam şahın sözünü iki eləmədən nəzakətlə vidalaşıb gedir..."

Türk millətinin istiqbalını düşünərək tarixini öyrənmək və əbədiləşdirmək cəhdi də Şah Abbasın ağıllı qərarlarından növbəti biri olmuşdu:

"Şah Abbas vəzirin sözünü bitirməsini gözləmədən təzə hökmünü verdi:

- Mənə bir savadlı, gözüaçıq, daş yaddaşlı, vicdanlı, müdrik bir münşi lazımdır. Bizim nöqsanımız odur ki, tarixi qələmə almaq əvəzinə, yazılanı pozuruq. Bu tarix yazılmalıdır. "Yazılan qalır, yaşayır", - deyiblər. Avropada əli qələm tutan tarix yazır. Keşişlər də tarix yazırlar. Bizdə olduğu kimi "duva" yox, tarix! Qurd ağzı bağlamırlar, dil-ağız bağlamırlar, yol açmırlar... Tarixi olmayan millət ölümə məhkumdur, vəzir. Bu tarix məndən, səndən çox gələcək övladlarımıza lazımdır. Tarixi yazan Allah adamı olmalıdır. Düzü düz yazmalıdır! Bəyə, xana, sultana, əmirə, heç kəsə - hətta şaha da əyilməməlidir. Bircə Allah qarşısında hesabatda olmalıdır". 

2. Əsərdə mənə ikinci maraqlı gələn cəhət "Cənnətməkan"ın sanki Nizamülmülkün "Siyasətnamə"si üslubunda və məramında yazılmasıdır. Əfqan da Nizamülmülk kimi, yaşanmış olaylardan, keçmiş tarixdən və xalq hikmətindən istifadə etməklə dövrün bəlalarını, siyasi mənzərəni izah və tədqiq edir. "Siyasətnamə" kimi bu roman da sanki xüsusən hökmdarlara dərs verən kitabdır. 

Ədalətli dövlət, hökmdar və xalq münasibətlərinin şəffaflığı, məmurların fəaliyyətinin tənzimlənməsi, rüşvətxorluğun, tamahkarlığın, qanunsuzluqların pislənməsi, aradan götürülməsi və bir çox idarəetmə məsələləri "Siyasətnamə"də, "Cənnətməkan"da da həm tarixi faktlar üzərindən araşdırılır, həm də rəvayətlər ilə maraqlı şəkildə "həll olunur". Yaxşını, pisi, ziyanı və xeyiri göstərən bir güzgü rolunu oynayan bu əsərlər nəinki hökmdarlar üçün, elə hər bir oxucu üçün qiymətli vasitədir. 

"Cənnətməkan"ı oxuyan milliyyətini, dinini, dilini, tarixini, ailəsini, xalqını sevməyi, qorumağı, dəyərləndirməyi öyrənir. İdeal hökmdar obrazı olan Şah Abbas xalqın arzu edib görmək istədiyi bütün keyfiyyətlərə sahibdir: ilk dərdindən biri xalqdır, ədalətlidir, məzlumun haqqını zalımda qoymayan, elmə-biliyə, müəllim adına ehtiramla yanaşan, nadanlığa, cəhalətə, zülmə rəvac verməyən, xeyirxah insandır. 

Bu əsərlə qocaman yazıçı sanki Azərbaycanı bütün oxucularına - azərbaycanlılara, xüsusən, türk soydaşlarına dönə-dönə tapşırır və Şah Abbasın dili ilə öz istəklərini ifadə edir:

"Şeyx Səfi məqbərəsini gəzərkən Şah Abbas bir arzusunu da bildirdi: 

- Torpaqlarımızı azad edəndən sonra gərək bütün ölkəni abadlaşdıraq. Elə edək ki, sonrakı nəsil bizi məzarımız üstündə zurna-balabanla xatırlamasın. Görülən işlər özü bizə xatirə olsun!
 

 





14.10.2021    çap et  çap et