525.Az

Şair Yusif Həsənbəy haqqında etüdlər


 

Şair Yusif Həsənbəy haqqında etüdlər<b style="color:red"></b>

Mən görkəmli şair Yusif Həsənbəy haqqında xatirələrdən danışmaq istəmirəm, onun poeziyasına ötən əsrin 60-cı illərindən tanışam, o vaxt tələbə idim. Həyat elə gətirdi ki, bu gün XXI əsrdə şairin poeziyasının bəzi məqamlarını araşdırdım və onu şeirimizdə özünəməxsus yerini bir daha təsdiqlədim. Xüsusilə, poeziya haqqında proqnoz vermək çətin məsələdir, çünki bu poetik fenomen yazardan da asılı olmur. İlahidən kodlaşmış möcüzədir. Baş tutmaya da bilir.

Yusif Həsənbəy ədəbi prosesdə də öz sözünü deməkdən çəkinməyən şəxsiyyətdir. Haqsız mübahisələrə qarşı dözülməzdir - belə tanımışıq. Təbii ki, illər öz işini görür, yaşın üstünə yaş gəlir, lakin təsirsiz ötmür, bir şərtlə, o, insanın daxilində, şüurunda xalq, Vətən məhəbbəti, solmayan sevgi olsun. Bir də gəncliyində necə yazıbsa, kökdən düşməsin. Bu hisslərin ən bariz nümunəsini cəsarətlə deyərdim ki, Yusif Həsənbəydə görürük...
Şairdə poetik ehtiras - varlığında yaşayan sevgi fenomeninə sadiqlikdir.

Bir neçə il öncə şairin "Qayıda bilmərəm, gözləmə məni" şeiri çap olundu, yüksək səviyyədə qarşılandı və buna səbəb nəydi? Şeirdə mübhəm açarmı, qüdrətmi vardı bu ölməz şeiri yazmağa vadar etdi? Məhəbbətin ölməzliyi - yunan filosofların diliylə desək: erotomiyamı - ağılsız məhəbbətmi? O, sevgidir insanı ömrü boyu əxlaqa, gözəlliyə çağırmışdır - iztirab içində.

Bahar da qayıdar, qış da qayıdar,
Qayıda bilmərəm, gözləmə məni.
Uçqun yuvasına quş da qayıdar,
Qayıda bilmərəm, gözləmə məni.

Yusif Həsənbəy sədaqətini, ülviliyini qorumaq naminə poeziyanın ən kövrək və kontrast imkanlarını gerçəkləşdirib: epitetlər, poetik assosiasiyalar, zərif nüanslar məhəbbətin bakirələyini işıqlandırır. Yusif Həsənbəy məhəbbətin fəlsəfəsini özünün fərdi yaşantıları ilə reallaşdırmaqla unikal şeirini təqdim edib.

Yusif Həsənbəy poeziyası həmişə təkamüldə olub, bu günümüzün mürəkkəb psixoloji-sosial tarazlığın ziddiyyətli şəraitində onu narahat edən, düşündürən şeirlər, poemalar qələmə alır, həqiqəti özündə, varlığında və poeziyasında tapır, çünki onun poeziya dünyası fizikanın "qravitasiya" - cazibə qüvvəsi ilə poetik adekvat yaradır. 2019-cu ildə çapdan çıxmış "Göy qurşağı - cənnət qapısı" kitabı fikrimin təsdiqi ola bilər. Kitabda toplanmış şeirlər, poemalar, povestlər dövrün ic-timai-mənəvi proseslərini özündə ehtiva edir. Şair Ulu öndərə həsr etdiyi şeirlərini və poemalarını həqiqətin mövcudluğu kimi qələmə alıb. "Karvan" poeması məzmun baxımından siyasi bir hadisənin: Heydər Əliyevin ikinci dəfə hakimiyyətə gəlişi münasibətilə qələmə alınıb. Bu əsərdə Yusif Həsənbəyin ədəbi-bədii təcrübəsi və duyum həssaslığı özünü göstərir.

"Bakıya gəmi gəlir" poeması poetik təəssüratın təsirilə yazılmış, tarixi hadisənin subyektidir. Məlumdur ki, şair Yusif Həsənbəy uzun illər dənizdə üzmüş, okeanlardan okeanlara adlamışdır. Bu dəfə isə şair daha dənizçi deyil, Bakıdadır və sahildən "Prezident Heydər Əliyev" gəmisini seyr edir:

Gəmi gəlir, yollarında,
Nə bir çiçək, nə bir duman!
Qollarını öz sevimli övladına
Geniş-geniş açır Bakı - 
Doğma liman.

Yusif Həsənbəy bir şair, nasir, dramaturq olmaqla öz üslubuna sadiq sənətkardır, sağlam hissiyyatı ilə yazır. Vaxtilə şairin yaradıcılığı barədə dediyim sözləri oxuculara çatdırıram: "Bədii əsərin ayrı-ayrı elementləri, nüansları bir-birilə dəstədəki güllər kimi yox, çiçəklənmiş bitkinin hissələri kimi birləşirlər".

 





14.10.2021    çap et  çap et