525.Az

Jurnalist kimi çalışmaq getdikcə qəlizləşir - Sosial şəbəkələrdə yazılanlar


 

Jurnalist kimi çalışmaq getdikcə qəlizləşir -<b style="color:red"> Sosial şəbəkələrdə yazılanlar</b>

Naila Balayeva, jurnalist: 

- Əcəb işə düşmüşük. Mətbuat katibləri açıqlama verir, ağzına gələni danışır, sonra da yapışır adamın yaxasından ki, bəs sual vermisən, indi mənim dediklərimi nöqtə vergülünə kimi çap elə. Bilmirəm, bu mətbuat katiblərinin savadsızlığı ilə bağlıdır, yoxsa komitə və şirkət rəhbərlərinin onların qarşısında qoyduğu məhdudiyyət və gülməli tələblərlə.  Amma bir bunu bilirəm ki, bu ölkədə jurnalist kimi çalışmaq getdikcə qəlizləşir...

***

Azad Əliyev, jurnalist:

- Flora Kərimovanın yaradıcılığını bir cümlə ilə Ramiz Rövşəndən mükəmməl ifadə edən olmayıb: "Flora xanımın mahnıları Azərbaycan qadınının taleyidir".

***

Zaur Əliyev, hüquqşünas:

- Bir söz deyim, amma gülməyin. Koreyalıların çəkdiyi "Kalmar oyunları" serialı dünyada kütləvi qətllərin sayını artıracaq...

Baxdım, bütün seriala... Dəhşət dərəcədə insanları öldürməyə çağıran subliminal mesajlar və 25-ci kadr effektləri var...

Filmdə qırmızı geyimlilər, işarələr, iştirakçı sayı 455 nəfər və digər detallar uzun illər öncə yaradılan "şeytanın qanından bəslənən övladları" adlı gizli bir təşkilatın simvolları və rəqəmlərdir. İnsanları kütləvi qırğına sövq edən bu gizli cəmiyyət diktatura rejimlərini və soyqırımların baş verməsini maliyyələşdirir...

Və ən təhlükəlisi bu kütləvi qətllər uşaq oyunları üzərində qurulub. Uşaq oyuncaqları vasitəsilə edilir. Ciddi deyirəm, bu serial dayanmasa, silinməsə, hər yerdən gənclər və uşaqlar arasında oyunlar zamanı qətllər törədilməsi qaçınılmaz olacaq...

Beyinlərə yeridilən gizli mesajlar dünyanı çox təhlükəli bir yerə aparır.   

Məndən demək...

***

Yunus Oğuz, jurnalist:

- İndicə xəbərlərdən öyrəndim ki, qəza törədən yük maşının sürücüsünün 19 yaşı var. Bu yaşda ağır tonnajlı maşın sürməyi harada öyrəndi? O maşının sahibini məsuliyyətə cəlb etmək lazımdır.

***

Xəyal Tağıyev, jurnalist:

- Mən belə anladım ki, İran xarici işlər nazirinin azərbaycanlı həmkarına zəngi əsnasında onlar, iranlı nazirin Bakıya səfəri barədə razılığa gələ bilməyiblər. Zənnimcə, Tehranın həm Bakıya, həm də Yerevana səfərlər təşkil etmək təşəbbüsü boşa çıxmaqdadır. Hər halda, İran xarici işlər naziri yalnız Ermənistana yola düşmüş olsa, yenidən özünü və ölkəsini gülünc vəziyyətdə qoymuş olacaq. Necə ki, Moskvadan əli boş qayıtmış kimi...

***

Fərid Pərdəşünas, texnobloger:

- Aha! Nəqliyyat Rabitə və Yüksək Texnologiyalar nazirliyində dəyişiklik oldu. Deməli, 1-cisi odur ki, qurumun adı dəyişir. Bundan sonra Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi adlanacaq. Əlavə olaraq Nazirliyi loru dildə desəm: Prezident 2 hissəyə böldü və 2 agentlik təsis elədi.

Bunlardan birincisi: İnformasiya Kommunikasiya Texnologiyaları Agentliyi - burada əsasən ənənəvi sahələr cəmləşdi. Rabitə, radiospektr, operatorlar üçün tənzimləmə və nəzarət.

İkincisi və bizə ən lazım olanı:  İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyi -  deyə bilərsiniz bəs innovasiyalar agentliyi necə oldu? Həm İnnovasiyalar agentliyi, həm "Milli Nüvə Tədqiqatları Mərkəzi" həm də Yüksək Texnologiyalar üzrə Tədqiqat Mərkəzi bu agentliyə birləşərək yenidən təşkilə keçid etdi. Bu agentlik innovasiya yönümlü elmi tədqiqatları və innovativ layihələri (o cümlədən, startapları) təşviq edən, onlara maliyyə dəstəyi verən və innovasiya təşəbbüskarlığını təbliğ edən publik hüquqi şəxsdir. 

İndi daha dəqiq və yaxşı bölgü oldu. İşlər daha da konkretləşdi.

***

Osman Gündüz, Azərbaycan İnternet Forumunun prezidenti:

- İKT Agentliyi dövlət və özəl sektor üçün bərabər şərait yarada biləcəkmi?

Prezidentin rəqəmsallaşma, rabitə və informasiya texnologiyaları sahəsində tənzimləmə ilə bağlı bu gün verdiyi fərmanda diqqət cəlb edən bəzi məqamlar:

1. Uzun illər bu sektorda tənzimləmə həmişə elə Nazirliyə məxsus olub. Yəni Nazirlik özünün də subyekt olduğu İKT bazarını tənzimləyirdi. Nazirlikdə tənzimləmə adında bir şöbə olub və on illər ərzində bu şöbə də daha çox dövlət operatorları üçün üstün şərait yaratmaqla məşğul olub. 
Odur ki, az qala yüzdən çox yaşı olan Azərbaycan telekommunikasiya sektorunda ayrıca tənzimləyici Agentliyin yaranması olduqca müsbət addımdır.

2. Düşündürücü məqam odur ki, Fərmana görə, Agentliyin rəhbərini nazir təyin etməlidir. Daha ideal variant o ola bilərdi ki, bu Agentliyin rəhbəri Prezident tərəfindən təyin edilsin. 

Çünki uzun illər oturuşmuş ənənəni dəyişmək, dövlət və özəl üçün bərabər şərait yaratmaq Agentlik üçün elə də asan olmayacaq.

Yəni sual ondan ibarətdir ki, nazirin təyin etdiyi Agentliyin rəhbəri Nazirliyə tabe olan dövlət operatorunu lazım gələndə yeni formalaşacaq Qaydalarla yerində oturda biləcəkmi?

İndiki variant bazar oyunçuları arasında müəyyən narahatçılıqlar və suallar yarada bilər ki, görəsən, yenidən dövlət sektoru üçün daha münbit və daha üstün şərait yaradıla bilərmi?

3. Eyni zamanda, düşünürəm ki, narahatçılıq üçün elə də ciddi əsaslar yoxdur. Ən azı hələlik yoxdur. 

Çünki bu cür narahatçılıqları  yalnız və yalnız Agentliyin Nizamnaməsi əsasında aradan qaldırmaq olardı. Nizamnaməni isə Prezident təsdiq edəcək. Ümid edirəm Nizamnamədə Agentliyin müstəqilliyini artıracaq, qərarlarının gücünü, təsirini qüvvətləndirəcək amillər özünə yer tapacaq.

4. Bu Fərmandan sonra radiotezlik spektri sahəsində 3 qurum fəaliyyət göstərəcək, NK yanında Radiotezliklər Komissiyasının ləğvindən sonra yaradılan Dövlət Radiotezliklər Komissiyası, NRYTN-nin Dövlət Radiotezliklər İdarəsi və yeni yaranan İKT Agentliyi.

Fikrimcə, bu fərmanla radiotezlik sahəsində əsas tənzimləmə siyasəti Agentliyə veriləndən sonra Komissiyanın nə iş görəcəyi də suallar yaradır. Düşünürəm ki, Dövlət Radiotezliklər Komissiyanın ləğv edilməsi də yaxınlarda gözlənilən ola bilərdi.

5. Daha bir diqqət çəkən məqam, bu gün verilən Fərmanla ölkə üzrə genişzolaqlı şəbəkədən istifadə sahəsində fəaliyyət göstərən sahibkarlıq subyektlərinin iştirakının regionlar üzrə genişləndirilməsi və istehlakçıların genişzolaqlı internetlə təmin olunması istiqamətində zəruri tədbirlər görülməsinin nəzərdə tutulmasıdır. Artıq RİN bu istiqamətdə işlərə başlayıb. Hökumətin də bütövlükdə bu sahəyə diqqəti düşünürəm ki, nazirin 2 il ərzində ölkədə internet problemini həll edəcəyi ilə bağlı verdiyi sözü daha da qüvvətləndirəcək.

6. İki-üç il ərzində öz fəaliyyətini qura bilməyən NRYTN-nin  İnnovasioya Agentliyinin ləğv edilib onun əsasında İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyinin yaranması da ümid edirəm ki startap və innovasiya sektorundakı durğunluğu aradan qaldıra biləcək. 

Yeni Agentlik daha çox sektorda bazar iştirakçısı olaraq deyil, tənzimləyici qurum olaraq fəaliyyət göstərəcək

***

Fazil Mustafa, millət vəkili:

- Şahruddin serblərlə təkbaşına oynayır. Sistemsiz və savadsız oyun. Hücumçu yox. Orta xətdə diri oyunçu görmürsən. Müdafiə də çaşqınlıq içində. Milli komanda belə olmamalıdır...

***

Yaşar Əhmədli, biznes analitiki: 

- Yutub-dan pul qazanmağa başlamaq üçün ən az 1000 izləyicin və son 12 ayda 4000 saat baxışın olmalıdır. Lap bu şərtləri qarşılasan da, sonra hər 1000 baxışa 3-5 dollar arası qazanırsan.

Yəni ayda lap 10 min baxışın olsa da əziyyətinə dəymir. 10 min baxışa 30-40 dollar qazanırsan. Milyonlar baxışın olsa, dəyər. O da ki, Azərbaycan auditoriyası + ciddi kontent ilə çətin məsələdir.

***

Səadət Məmmədova, jurnalist:

- Rəqəmsal kollaj sənətçisi Uğur Gallenkuş Beynəlxalq Qızlar Günü ilə bağlı hazırladığı əsərləri təqdim edib.

Onun hazırladığı 9 əsər arasında ötən il Gəncəyə atılan raket nəticəsində şəhid edilən 10 aylıq Narinin də fotosu var.

Narin ermənilərin ötən ilin oktyabrın 17-də atdığı raket nəticəsində anası ilə birlikdə həlak olub.

***

Yusif Rzayev, jurnalist:

- Bethovenlə bağlı bir film var və o filmdə bir epizod var. Demək, böyük konsert salonudur, orkestr oturub, dirijorluğu Behtoven özü edir. Amma özü kardır axı. Ona görə də salonda suflyor kimi onunla üzbəüz bir dirijor qız dayanıb və o, işarə ilə Bethovenə orkestrin dirijorluğunu etməkdə köməklik göstərir - adamın öz yazdığını özünə "tərcümə edir". Suflyor qız öz işini elə böyük sevgi ilə, elə məharətlə görür ki, eşitmə əngəlli dahi sənətkar onun bu davranışından vəcdə gəlib səhnədə dirijor kimi də möcüzə yaradır.

Hər bir insana, hər bir peşə, sənət sahibinə öz potensialını üzə çıxarmaq, özünü ifadə eləmək üçün şərait, mühit yaratmaq lazımdır. Əlbəttə ki, hər adam Bethoven olası deyil və buna heç ehtiyac da yoxdur. Amma öz işini sevə-sevə görən hər bir adam ən azı Bethovenə suflyorluq edən o qız qədər yararlı ola bilər. Bunun üçün heç bir təlimə, sertifikata da ehtiyac yoxdur. Yetər ki, hər kəsin öz peşəsini sevməsinə münbit şərait olsun, vəssalam!..

 





15.10.2021    çap et  çap et