525.Az

Rafiq Quliyevin "Nizami" filmi təqdim edilib


 

Rafiq Quliyevin "Nizami" filmi təqdim edilib<b style="color:red"></b>

Oktyabrın 14-də Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetində (ADMİU) Əməkdar incəsənət xadimi, ADMİU-nun "Kino-televiziya sənətləri" kafedrasının müdiri, professor Rafiq Quliyevin "Nizami" filminin təqdimat mərasimi keçirilib. 

525.az xəbər verir ki, ADMİU-nun kafedra müdiri, professor Əli Əmirli tədbiri açaraq, Nizami yaradıcılığı, "Nizami  sili"nin önəmi və ADMİU-nun bu il çərçivəsində gördüyü işlərdən danışıb. Qeyd edilib ki, film dahi şair və mütəfəkkir Nizami Gəncəvinin 880 illiyi münasibətilə Prezident İlham Əliyevin Azərbaycan Respublikasında 2021-ci ilin "Nizami Gəncəvi ili" elan edilməsi haqqında Sərəncamına əsasən həyata keçirilən tədbirlər planı çərçivəsində hazırlanıb. 

AMEA Məhəmməd Füzuli adına Əlyazmalar İnstitutunun direktoru, akademik Teymur Kərimli dövlət tərəfindən Nizami Gəncəvi irsinə verilən dəyərdən və Nizamişünaslığın inkişafından bəhs edib. Bildirib ki, "Nizami ili"ndə Nizami irsinin təbliği baxımından çox mühüm işlər görülüb, təkcə AMEA-da 40-a yaxın elmi əsər nəşr olunub: "Klassiklərin ölməzliyi məhz ondadır ki, hər bir nəsil öz dövründə həmin klassikə yenidən qayıdır, özünə lazım olanları əxz edir və millət olaraq, sanki öz klassiklərinin üzərində ucalır. Biz də xalq olaraq, öz klassiklərimizin çiyinləri üzərində ucalırıq. 

Nizaminin dahiliyi, prioritetliyi ondadır ki, o, ilk dəfə olaraq şeirə sadə insanı gətirdi, şeiri saraydan daxmalara endirdi. Bunu özü də "Sirlər xəzinəsi" əsərində qeyd edir. Nizami poeziyaya demokratizm gətirdi. Buna görədir ki, bu gün də Nizami irsi öyrənilir və bundan sonra da öyrəniləcək.
Nizaminin əsərlərindəki başlıca ideya ağıllı, ədalətli, filosof hökmdar idi. O, bunun ən gözəl nümunəsini "İsgəndərnamə"də İsgəndərin obrazıyla tapır". 

Əlyazmalar İnstitutunun elmi katibi, filologiya üzrə fəlsəfə doktoru, dosent Əzizağa Nəcəfzadə kino sənətinin ədəbiyyatın təbliğindəki önəmindən, Azərbaycan incəsənətinin ayrı-ayrı sahələrinin müxtəlif dövrlərdə Nizamiyə olan diqqətindən söz açıb. 

"Nizami" filminin müəllifi Rafiq Quliyev çıxışında filmin yaranma zərurətindən bəhs edib: "Bizim cənub qonşularımız Nizaminin fars şairi olmasıyla bağlı ciddi təbliğat işinə başlamışdılar. Bu səbəbdən Mədəniyyət Nazirliyimiz Nizami haqqında qısa xronometrajda, amma dolğun filmin çəkilməsi təşəbbüsünü irəli sürdü. Mənə bu təklif gələndə necə məsuliyyətli işi üzərimə götürdüyümün fərqində idim. Lakin biz bunun öhdəsindən gəldik. Film müxtəlif dünya dillərinə tərcümə edildi, Xarici İşlər Nazirliyinin xətti ilə fərqli ölkələrə yayıldı, orda nümayiş olundu. Düşünürəm ki, gənclərimizin Nizamini öyrənməsi üçün digər filmlərlə yanaşı, bu filmin də önəmli rolu olacaq". 

Daha sonra "Nizami" filmi nümayiş olunub.

 





15.10.2021    çap et  çap et