525.Az

Nulandın son cəhdi


 

Nulandın son cəhdi<b style="color:red"></b>

ABŞ Dövlət katibinin Avropa və Avrasiya məsələləri üzrə müavini Viktoriya Nulandın Moskvaya üç günlük səfəri başa çatdı. Vaşinqtonun xarici siyasətinin müəyyən olunmasında və həyata keçirilməsində əsas söz sahiblərindən biri olan xanım Nulandın Moskvaya səfəri dünyanın aparıcı paytaxtlarında və siyasi mərkəzlərində maraqla izlənilirdi. Bu da səbəbsiz deyil. Bir çox təhlilçilər Viktoriya Nulandın Moskvaya səfərini Rusiya ilə ABŞ arasında qarşıdurmanın aradan qaldırılmasına son cəhd kimi dəyərləndirir, bu istiqamətdə kiçik də olsa, irəliləyişin olacağına ümid edirdilər. Hələlik rəsmi məlumatlar olmasa da, ilkin xəbərlərə əsasən bu ümidlərin doğrulmadığını söyləmək olar. Ağ evin mətbuat katibi Cen Psaki xanım Nulandın Moskvada məhsuldar görüşlər keçirdiyi haqqında nikbin fikir bildirsə də, Rusiya rəsmilərinin açıqlamaları tamamilə əks rəy yaradır.

Rusiya xarici işlər nazirinin müavini Sergey Ryabkov xanım Nulandla danışıqları faydalı olduğunu bildirsə də, əhəmiyyətli bir irəliləyişə nail olmadıqlarını da etiraf edib. Rusiyalı diplomatın açıqlamasından məlum olub ki, səfirliklərin fəaliyyətinin tam bərpası, viza qadağalarının qaldırılması kimi məsələlərdə razılıq əldə edə bilməyiblər. Rusiya xarici işlər nazirinin müavini Sergey Ryabkov şikayətlənərək bildirib ki, amerikalılar Moskvanın fikrini "dinləmirlər". Bu ifadə Moskva ilə Vaşinqton arasında kəskin fikir ayrılığının mövcudluğunu, Viktoriya Nulandın Sergey Ryabkovla iki saat davam edən danışıqlarının heç bir nəticə vermədiyini açıq-aydın göstərir. Çox maraqlıdır ki, Rusiya xarici işlər nazirinin müavini səfirliklərin fəaliyyətinin tam bərpası, viza qadağalarının qaldırılması kimi məsələdə gərginliyin artacağını da istisna etməyib. Görüşdə əldə olunan yeganə müsbət nəticə müzakirə olunan mövzullarla bağlı xüsusi ekspert məsləhətləşməsi keçirməsilə tərəflərin razılıq əldə etməsidir.

Təhlilçilər isə bu qənaətdədir ki, Rusiya xarici işlər nazirinin müavini ilə ABŞ Dövlət katibinin Avropa və Avrasiya məsələləri üzrə müavinin həll edə bilmədikləri problemləri səlahiyyətsiz ekspertlər qətiyyən həll edə bilməzlər.

Viktoriya Nuland Moskvaya səfəri zamanı Sergey Ryabkovla yanaşı, Rusiya Prezident Administrasiyası rəhbərinin müavini Dmitri Kozak və Prezidentin beynəlxalq məsələlər üzrə köməkçisi Yuri Uşakovla da görüşüb. Bu görüşlərdə qlobal və regional təhlükəsizlik, Avropanın enerji təhlükəsizliyi, Ukraynadakı vəziyyət müzakirə olunub. Tərəflər Əfqanıstandakı vəziyyəti də geniş müzakirə ediblər. Rusiya tərəfi birmənalı şəkildə ABŞ-ın Orta Asiyada hərbi iştirakının qəbuledilməz olduğunu xanım Nulandın diqqətinə çatdırıb. Bu görüşə qədər Rusiya ilə ABŞ-ın Əfqanıstan məsələsində əməkdaşlıq edə biləcəyi ehtimal olunurdusa, artıq bu ümidlər də aradan qalxdı. Xüsusilə də Əfqanıstanda yaranmış vəziyyətə görə Rusiyanın ABŞ-ı ittiham etməsi, Əfqanıstanın bərpasının əsas məsuliyyətinin Vaşinqtonun üzərinə düşməsi ilə bağlı Moskvanın mövqeyi tərəflər arasında bu sahədə də əməkdaşlığı mümkünsüz edir.

Ukrayna ilə bağlı da tərəflərin hansısa dəqiqləşdirilmiş razılığa gəldiyini söyləmək mümkün deyil. Çünki ABŞ Ukraynanın ərazi bütövlüyünü tanımaqdan imtina etməyəcək, Rusiya isə ilhaq etdiyi əraziləri geri qaytarmayacaq. Buna görə də Moskva ilə Vaşinqtonun Ukrayna məsələsində hansısa razılığa gələcəyini gözləmək yanlış olar. Məlum olduğu kimi, Moskva ilə Vaşinqton arasında münasibətlər əsasən məhz Rusiyanın Ukraynanın bir hissəsini ilhaq etməsindən sonra gərginləşib. Rusiya Krımı ilhaq etdikdən sonra ABŞ-ın Ukraynanı silahlandırmağa başlaması isə Moskva ilə Vaşinqton arasında münasibətləri daha da pisləşdirib. Ukraynanın ərazi bütövlüyü və suverenliyi məsələsində tərəflərin mövqeləri bir-birilə ziddiyyət təşkil etdiyi üçün bu məsələdə də anlaşma mümkünsüz idi.

Belə görünür ki, ABŞ Dövlət katibinin Avropa və Avrasiya məsələləri üzrə müavinin Moskvaya səfərində yeganə müsbət nəticə xanım Nulandın özünə qarşı Rusiyanın tətbiq etdiyi viza qadağasının aradan qaldırılmasıdır. Məlum olduğu kimi, xanım Nulanda qarşı viza sanksiyası 2019-cu ildə, Dövlət katibinin müavini təyin olunmazdan əvvəl tətbiq edilmişdi. Ancaq 2020-ci ilin əvvəlində prezident Co Bayden Dövlət katibinin Avropa və Avrasiya məsələləri üzrə müavini vəzifəsinə Viktoriya Nulandın namizədliyini irəli sürdükdən sonra da Moskva mövqeyini dəyişməmişdi. Rusiya rəsmiləri uzun müddətdən bəridir ki, xanım Nulandı postsovet ölkələrində rəngli inqilablar təşkil etməkdə ittiham edir. Moskvada belə qənaət mövcuddur ki, 2014-cü ilin fevralında Ukrayna prezidenti Viktor Yanukoviçin istefası ilə nəticələn Maydan hərəkatının qələbə ilə başa çatmasında Viktoriya Nulandın xüsusi rolu olub.

Siyasi təhlilçilər isə xanım Nulandın nəticəsiz Rusiya səfərindən sonra Moskva ilə Vaşinqton arasında münasibətlərin daha da gərginləşəcəyini proqnozlaşdırırlar. Xüsusilə ilə də Rusiyaya qarşı yeni sanksiyaların qəbulu qaçılmaz olacaq. Bu sanksiyalar arasında Rusiyanın biznes və siyasi elitasında təmsil olunan 35 şəxsə qarşı viza və sərvətlərinin üzərinə həbs qoyulmasını nəzərdə tutan qanun layihəsi də var. Siyasi təhlilçilərin "Navalnının siyahısı" adlandırdıqları, prezident Vladimir Putinin ən yaxın ətrafına aid 35 nəfərə qarşı sanksiya tətbiq edilməsi təklifi müxalifətin lideri Aleksey Navalnı tərəfindən təklif olunub. İndi məhz Navalnının hazırladığı siyahıda adları yer alan şəxslərə sanksiya tətbiq etmək ərəfəsində olan Vaşinqton bununla Moskvaya çox açıq bir mesaj verir. İki hissədən ibarət olan bu mesajın birinci hissəsi o deməkdir ki, bundan sonra ABŞ-ın Rusiyadakı tərəfdaşı müxalifət lideri Aleksey Navalnıdır. İkinci hissə isə Vaşinqtonun Rusiya prezidentinə yaxın şəxsləri özü üçün arzuolunmaz şəxs elan etməsindən ibarətdir. Rusiyanın bu addımlar qarşısında atacağı cavab addımları isə çox deyil və bir çox hallarda Moskvanın özünün əleyhinə işləyəcək. 
 

 





17.10.2021    çap et  çap et