525.Az

"Putin İttifaqı" ciddi sınaq qarşısında - Xaqani Cəfərlinin siyasi şərhi


 

"Putin İttifaqı" ciddi sınaq qarşısında -<b style="color:red"> Xaqani Cəfərlinin siyasi şərhi</b>

Rusiyanın təşəbbüsü ilə Avropa Birliyinə alternativ kimi yaradılmış Avrasiya İqtisadi Birliyinin (AİB) genişlənmək cəhdləri heç bir nəticə vermir. Moldova prezidenti Mayya Sandu oktyabrın 14-də Avrasiya İqtisadi Birliyinin onlayn formatda keçirilən toplantısına qatılmaqdan imtina edib. Moldova prezidentinin bu addımı təsadüfi deyil. Xanım Mayya Sandu AİB-nin ciddi proseslər ərəfəsində olduğunu bilir. Birliyin beş üzvündən ikisi, Rusiya və Belarus Qərbin ciddi sanksiyaları ilə üzləşib. Bu sanksiyaları dəf etmək üçün Rusiya Birlik daxilində inteqrasiyanı gücləndirməyə çalışır. Oktyabrın 14-də keçirilən onlayn sammitdə də əsas müzakirə mövzusu da Birlik üzvlərinə qarşı tətbiq olunan sanksiya və buna qarşı inteqrasiya məsələləri olub. Hər iki mövzu Rusiya prezidenti Vladimir Putin tərəfindən müzakirəyə təqdim edilib. Prezident Putin Birlik üzvlərini inteqrasiya proseslərini dərinləşdirməyə və bununla da qurumun dünyadakı nüfuzunu yüksəltməyə çağırıb.

Təhlilçilərə görə, AİB çərçivəsində inkişaf edən inteqrasiya bir sıra dövlətlərin diqqətini çəksə də, Birlik daxilində çoxlu qüsurlar var. Birlik daxilində mal, xidmət, kapital, eləcə də işçi qüvvəsinin hərəkəti və mübadiləsi ilə bağlı problemlərin olduğu hər kəsə aydındır.

Rusiya prezidentinin nikbinliyinə baxmayaraq, AİB daxilində proseslər arzuolunan səviyyədə deyil. Çünki Rusiya və Belarusa qarşı Qərbin tətbiq etdiyi sanksiyalar bütövlükdə Birlik daxilində proseslərə də mənfi təsir göstərir. Birliyin digər üzvləri - Ermənistan, Qazaxıstan və Qırğızıstan Qərbin sanksiyalarına məruz qalmamaq üçün Rusiya və Belarusla məsafə saxlamaq məcburiyyətindədir. Çünki Rusiya və Belarusla daha çox yaxınlıq Ermənistan, Qazaxıstan və Qırğızıstan üçün problemlər yarada bilər. Buna görə də Birlik daxilində inteqrasiya dərinləşmədiyi kimi, AİB-ə üzv olması gözlənilən ölkələr də  tərəddüd edirlər. Artıq Moldovanın bu inteqrasiyada maraqlı olmadığı aydın görünür. Prezident Mayya Sandunun AİB liderlərinin onlayn formatda keçirilən sammitə qatılmaması da bunun təsdiqidir.

Avrasiya İqtisadi Birliyinin iki üzvü Qazaxıstan və Ermənistan da Birlik üzvləri ilə deyil, başqa ölkələrlə iqtisadi münasibətlərini gücləndirməyə çalışırlar. Rusiyanın bütün təkliflərinə razılıq verən isə yalnız Belarusdur. Çünki Belarus da Rusiya kimi Qərbin sərt sanksiyalarına məruz qalıb. Qərbin sanksiyaları bu iki ölkəni bir-birindən asılı saldığı halda digər ölkələrin belə bir problemi yoxdur. Buna görə də "Putin İttifaqı" kimi tanınan Avrasiya İqtisadi Birliyi ciddi sınaq qarşısındadır. Onun bu sınaqdan çıxıb-çıxmayacağını isə zaman göstərəcək.  

 





17.10.2021    çap et  çap et