525.Az

"Teatrı millətin ruhu yaşadır" - Ülviyyə Heydərova


 

"Teatrı millətin ruhu yaşadır" -<b style="color:red"> Ülviyyə Heydərova</b>

Oktyabrın 7-dən 17-dək Türkiyənin Diyarbakır şəhərində keçirilən "II SoloFest - Keçmişdən bu günə hekayə ənənəsi" Beynəlxalq Teatr festivalında ölkəmizi yazıçı-dramaturq Ülviyyə Heydərovanın "Pələng" monopyesi təmsil edib.

Hələ üç il öncə Azərbaycan Teatr Xadimləri İttifaqında Xalq artisti Ramiz Fətəliyevin ustad dərslərindən ibarət "Dramaturgiya laboratoriyası"nda Ülviyyə xanımla birgə iştirak edirdik. Təəssüf ki, müəyyən səbəblərdən mən ilk aylarda həvəslə iştirak etdiyim dərslərə sonralar qatıla bilmədim. Amma elə həmin zamanlarda Ramiz müəllimin tapşırığı əsasında Ülviyyə xanımın yazdığı "Pələng" monopyesi yaxşı yadımdadır.  Pələng adlı, evin yeni sahibi tərəfindən uzun illər yaşadığı yerdən qovulub, küçəyə atılmış itin aqibətindən bəhs edən əsər gözümüzün qarşısında günbəgün təkmilləşirdi. 

Sonralar yarandığı günlərə şahidlik etdiyim, ilk dinləyicilərindən olduğum əsərin uğurlu səhnə həyatı məni çox sevindirdi. Belə ki, sözügedən monopyes bundan öncə Moskvada, "Dramaturgiya kafedrası - XXI əsr" ("Kafedra dramaturqii - XXI vek") tərəfindən tamaşaya qoyuldu.

Əsər "İlkin hadisə - XXI əsr" Beynəlxalq Müstəqil Müasir Dramaturgiya Müsabiqəsində "Yalnız artist" nominasiyasının geniş siyahısına daxil edildi. 
İndi isə bu gözəl əsərin və onun müəllifinin səsi qardaş Türkiyədən gəlir. Həm bu günlərdə qatıldıqları Beynəlxalq Teatr festivalı, həm də "Pələng"in aqibəti haqqında suallarımızı Ülviyyə Heydərovanın özünə yönəldərək müəlliflə kiçik söhbət etdik. 

***

- Ülviyyə xanım, Diyarbakır Beynəlxalq Teatr Festivalında əsərinizin premyerası necə keçdi?

- Desəm ki, ürəyimcə oldu, bu, kənardan bəlkə də öz işini tərifləmək kimi yozula bilər. Amma səmimi etiraf edim ki, nəinki yaxşı, hətta deyərdim, əla keçdi. Bildiyiniz kimi, tamaşa "Teatr studiya" tərəfindən rejissor Səbinə Məmmədzadənin quruluşunda qısa müddətdə hazırlanıb. Gənc Tamaşaçılar Teatrının aktrisası Zümrüd Quliyeva festivalda yüksək peşəkarlıq nümayiş etdirdi. Festivalda mənə ən xoş gələn orda çox səmimi ortamın olması idi. Elə bil hamı bir-birini yüz ildir tanıyır, halbuki mən də daxil olmaqla ordakıların çoxu bir-birini ilk dəfə idi görürdü. 

Festival Diyarbakırda "Mordem Sanat" incəsənət mərkəzi tərəfindən keçirilirdi. "Mordem" sözü kürd dilində "insan" deməkdir. Şüarları da belədir: hər yer insan, hər yer sənət. Doğrudan da "Mordem Sanat" insanlığa xidmət edir. Belə bir beynəlxalq festivalda iştirakımıza, ölkəmizi təmsil etməyimizə Mədəniyyət Nazirliyi dəstək verdi. Cənab nazir Anar Kərimov başda olmaqla, nazirliyin bütün əməkdaşlarına minnətdarlığımı bildirirəm.

- Teatrdan uzun müddət ayrı qaldıqdan sonra öz tamaşanızla, özü də beynəlxalq festivalda geri dönmək necə hissdir?

- Möhtəşəm hissdir. Həm də məsuliyyətdir. Uğur mənim üçün məsuliyyət, işinə, yazılarına daha həssas və ciddi yanaşmaq deməkdir. Onu da deyim ki, bu pandemiya müharibəsində teatrlar üçün çox darıxmışdım. Bildiyiniz kimi, ölkəmizdə teatr və digər sənət ocaqları çox gec açıldı. Teatrın tozlu pərdələrini bəlkə də hörümçək toru basmışdı. Bunu düşünəndə mənə pis təsir edirdi. Həm də nə qədər sənət adamları evləri saydığı teatrdan ayrı düşmüşdü. Onlar bir növ "məcburi köçkün" həyatı yaşayırdılar. Bilirsiniz, nə qədər sənət adamı teatrdan ayrı düşdüklərinə görə depressiyadan əziyyət çəkirdi. Kim deyirsə ki, teatra maraq yoxdur, kökündən yanlış fikirdədir. Teatr ən qədim sənət növüdür. Sistem, repertuar bərbad ola bilər. Amma ümumilikdə teatr heç vaxt və heç yerdə köhnəlməyəcək. Bilirsiniz niyə? Çünki teatrı millətin ruhu yaşadır.    

 - Pələng kimdir və onu tamaşaçı niyə tanımalıdır?

- Pələngi yaxından tanımaq üçün tamaşaya gəlib baxmaq lazımdır. Düzdür, yazdığımla rejissor yozumu arasında heç şübhəsiz ki, fərq var. Bununla belə, "Pələng"im dünyaya çıxa bilib. Səhnələrdə kiçik addımlarını atır. Bilirsiniz ki, ötən il monopyes Moskvada keçirilən beynəlxalq dramaturgiya müsabiqəsində 19 ölkə, 75 Rusiya şəhərindən göndərilən 300-dən çox pyes arasından seçilərək finala çıxmışdı. Bunun nəticəsi olaraq bu ilin aprel ayında Moskvada "Bolşaya Medvediça" Dram Teatrında rejissor Valeriya Pridxodçenki tərəfindən hazırlanmışdı. Pələng rolunu da Rusiyanın Əməkdar artisti İrina Maksimkina ifa etmişdi. "Pələng"in yazılma tarixi maraqlıdır. Bunu sevə-sevə hamıya deməkdən də yorulmuram. 2018-ci ildə Azərbaycan Teatr Xadimləri İttifaqında "Dramaturgiya laboratoriyası" üçün heyət yığılırdı. Mən də sənədlərimi hazırlayıb, sevə-sevə ittifaqa göndərdim. Çünki ustadımız, görkəmli kinodramaturq Ramiz Fətəliyevin tələbəsi olmaq şərəfinə nail olmaq istəyirdim. Elə siz özünüz də ilk aylarda ustad dərslərində iştirak edirdiniz. Necə deyərlər, "Pələng" gözünüzün önündə yarandı. Müsahibəni oxuyan oxucular üçün onu deyim ki, dərslər başlayanda Ramiz müəllimin ikinci tapşırığı itin dilindən monoloq yazmaq idi. Mən də, siz də daxil olmaqla Ramiz müəllimin digər tələbələri kimi, "Pələng" adlı itin dilindən belə bir monoloq yazdım. 

- "Pələng"in Azərbaycan səhnəsindəki taleyi haqda nə deyə bilərsiniz?

- Yaxın günlərdə Sumqayıt Dram Teatrı 53-cü teatr mövsümünü monotamaşalarımla açır. Xalq artisti Firudin Məhərrəmovun quruluşunda "Uşaqlıq" monotamaşası, gənc rejissor Ümid Abbas Nihaninin quruluşunda isə "Pələng" monotaşası nümayiş olunacaq. Pələngi də gənc aktyor Kamran Muradlı ifa edəcək. Ümidlə Kamran obrazı, necə deyərlər, çox istəyirlər. Ümid edirəm ki, yaxşı iş hazırlayıblar. 

 - Festivalın direktorları Savaş və Barış qardaşlarından yazmışdınız feysbuk səhifənizdə. Savaş Vaqif İbrahimoğlunun yetirməsidir deyirdiniz. İstərdik onlar haqda geniş məlumat verəsiniz. 

- Festivalın direktoru Savaş və Barış İşıq qardaşlarıdır. Əkiz qardaşların adları bir ayrı ssenaridir, bir ayrı mövzudur. Hər iki sənətçi Azərbaycan teatr məktəbinin yetirmələridir. Savaş ustad Vaqif İbrahimoğludan, Barış görkəmli sənətkarımız Cahangir Novruzovdan sənətin incəliklərini öyrəniblər. Onlar vətənlərinə qayıdıblar. Təsəvvür edin, atalarından qalan böyük tarlanı satıblar, o pulla nə şadlıq sarayı tikiblər, nə mağazalar şəbəkəsi açıblar, Diyarbakırın mərkəzində "Mordem Sanat" kimi müasir incəsənət mərkəzi tikiblər. Elə "II SoloFest Beynəlxalq Teatr Festivalı"ndan əldə olunan gəlirləri Türkiyənin kəndlərindı teatr görməyən, onun nə olduğunu bilməyən uşaqlara tamaşalar göstərəcəklər, sənəti tanıtdıracaqlar, sevdirəcəklər. Ayaqüstə alqışlanası addımdır.  

- Gələcəkdə birgə layihələriniz ola bilərmi?

- Ümid edirəm ki, ola bilər. Əslində, festivallar sənəti irəli aparan qüvvələrdəndir. Burda həm də əlaqələr, işbirlikləri yaranır. Elə festivalın əsas məqsədi budur.  

Şahanə MÜŞFİQ
 

 





18.10.2021    çap et  çap et