|
|
|
|
Regional iqtisadi inkişaf üçün əyalətdə yaşayan əhalini sahibkarlıq fəaliyyətinə cəlb etmək ən rasional addımdır. İnkişaf etmiş bütün ölkələr üçün bu qayda keçərlidir. Sahibkarlığa təşviq proqramları vasitəsiylə regionlarda sosial həyatı canlandırmaq və ölkənin iqtisadiyyatını gücləndirmək mümkündür. Buna görə də dövlətlər sahibkarlıq fəaliyyətini dəstəkləmək üçün ayrıca bir qurum yaradır. Ölkəmizdə həmin qurum KOBİA - Kiçik və Orta Biznesin İnkişafı Agentliyidir.
Bəs bu agentlik nə işlə məşğuldur? Sahibkarlara və sahibkar olmağa həvəslənən vətəndaşlar üçün hansı köməklikləri göstərir?
Son illərdə KOBİA-nın adını tez-tez eşidirik. Bu da agentliyin daima fəaliyyətdə olduğunun göstəricilərindən biridir.
Agentlik Prezidentin 28 dekabr 2017-ci il tarixli fərmanı ilə yaradılıb. Yaradılma məqsədi ölkədə investisiya və biznes mühitinin daha da yaxşılaşdırılması, sahibkarlıq fəaliyyətinin tənzimlənməsi sisteminin təkmilləşdirilməsi və səmərəli əlaqələndirmənin tətbiqi, kiçik və orta sahibkarlığın ölkə iqtisadiyyatında rolunun və rəqabət qabiliyyətinin artırılması, bu sahədə idarəçilik sisteminin müasir tələblərə uyğunlaşdırılması, maliyyə resurslarına KOB subyektlərinin çıxış imkanlarının genişləndirilməsi və institusional dəstək mexanizmlərinin formalaşdırılması, həmçinin, sahibkarlığın hüquqi təminatının gücləndirilməsidir.
Agentlikdə mikro, kiçik və orta sahibkarlıq subyektlərinə və öz biznesini qurmaq istəyənlərə informasiya, məsləhət, təlim-tədris, hüquqi yardım, digər dövlət strukturları ilə əlaqələndirmə, bazarlara çıxışın yaxşılaşdırılması, sahibkarların maraqlarının müdafiəsi kimi istiqamətlərdə dəstək və xidmətlər göstərilir. Bunun üçün Xaçmaz şəhərində xüsusi Kiçik və Orta biznes evi fəaliyyət göstərir. KOBİA-nın struktur bölməsi olan bu ilk KOB evi biznes subyektləri üçün bütün dövlət-biznes və zəruri biznes xidmətlərini vahid məkanda təqdim edir. Burada dövlət və özəl qurumlar tərəfindən sahibkarlara 300-ə yaxın xidmət göstərilir. Həmçinin, regionlarda KOB İnkişaf Mərkəzləri fəaliyyət göstərir. Bunlar KOBİA-nın struktur bölmələridir. Bu mərkəzlərdə öz biznesini qurmaq və genişləndirmək istəyən KOB-lara peşəkar təlimçi-ekspertlər tərəfindən müxtəlif mövzularda təlimlər keçirilir, konsaltinq xidmətləri göstərilir.
Hansı sahibkarlar KOBİA-nın dəstəyini ala bilər?
Nazirlər Kabinetinin 21 dekabr 2018-ci il tarixli qərarı ilə "Mikro, kiçik, orta və iri sahibkarlıq subyektlərinin yeni bölgüsü meyarları" təsdiq olunub. Bu meyarlara əsasən, mikro sahibkar işçilərinin sayı 10 nəfərədək, illik gəliri isə 200 min manatadək olan sahibkardır. İşçilərinin sayı 11-50 arasında, illik gəliri 3 milyon manatadək olan sahibkar kiçik sahibkar hesab olunur. Orta sahibkar işçilərinin sayı 51-250 arasında, illik gəliri isə 3-30 milyon manat arasında olan sahibkardır. Bu standartlara cavab verən, Azərbaycan Respublikası ərazisində fəaliyyət göstərən istənilən kiçik və orta sahibkarlıq subyektləri biznesin idarə olunması üçün KOBİA-nın dəstəyini ala bilər.
Qeyd edək ki, Azərbaycan RespublikasınınVergi Məcəlləsinə əsasən, mikro sahibkarın gəlir və mənfəətinin 75 faizi vergidən azaddır. Eyni zamanda, bu kateqoriya sahibkarlar əmlak vergisindən də azad olunub. Mikro və kiçik sahibkarlıq fəaliyyəti ilə məşğul olan startaplar "Sartap" şəhadətnaməsi aldıqları andan 3 il müddətinə gəlir və mənfəət vergisindən azad olunur. Həmçinin, Vergi Məcəlləsinə görə, KOB klasterləri daxilində fəaliyyət göstərən KOB klaster şirkətləri 7 il müddətinə mənfəət, torpaq və əmlak vergisindən, eləcə də idxal etdiyi avadanlıqlar üzrə ƏDV-dən azaddır.
KOB klaster əməkdaşlıq modelindən hansı sahibkarlar yararlana bilər?
Kiçik və Orta Biznes klasteri eyni və ya bənzər sektorda, əlaqəli və bir-birini tamamlayıcı fəaliyyət sahələrinin müəyyən coğrafi bölgədə yerləşməsi ilə meydana gələn, ümumi infrastruktur, texnologiya, vahid bazar, işçi qüvvəsi və xidmətləri paylaşaraq qarşılıqlı iqtisadi əlaqələrin qurulması, birgə fəaliyyət imkanlarına malik olan KOB klaster şirkəti və iştirakçılarının əməkdaşlıq modelidir. Azərbaycan Respublikasının Vergi Məcəlləsində "KOB klaster şirkəti" və "KOB klasterin iştirakçısı" üçün bir sıra vergi güzəştləri müəyyən olunub. Bunlar yuxarıda qeyd edilən 7 illik mənfəət, torpaq və əmlak vergisindən, texnikanın, texnoloji avadanlıqların və qurğuların idxalı üçün ƏDV-dən azadolmalardır. KOB klasterin iştirakçısı isə 7 il müddətində əldə etdiyi mənfəətin kapital xarakterli xərclərinin çəkilməsinə yönəldilən hissəsinin gəlir vergisindən azad olunur. Qeyd edək ki, Kiçik və Orta Biznesin İnkişafı Agentliyi "KOB klaster şirkəti"nin və "KOB klasterin iştirakçısı" şəhadətnamələrini verən səlahiyyətli qurumdur.
Ümumilikdə, mikro, kiçik və orta biznes sahibləri müxtəlif sahələrdə biznesin qurulması və inkişaf etdirilməsi üçün dövlətin güzəştli kreditlərindən istifadə edə bilər, ixrac olunan mallara görə gömrük güzəştlərindən yararlana bilərlər.
Sahibkarlar sənaye, kənd təsərrüfatı, turizm, İKT və xidmət sahələri üzrə dövlətin güzəştli kreditləri üçün İqtisadiyyat Nazirliyinin Sahibkarlığın İnkişafı Fondu, Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin (keçmiş Rabitə və Yüksək Texnologiyalar Nazirliyi), tabeliyində İnformasiya Texnologiyalarının İnkişafı Dövlət Fondu və Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Kredit və İnkişaf Agentliyi ilə əməkdaşlıq edən müvəkkil kredit təşkilatlarına müraciət edə bilərlər.
Qeyd etdik ki, dövlət kiçik və ya orta sahibkarlıq fəaliyyəti ilə məğşul olan sahibkarlara istehsal etdiyi məhsulu ixrac edərkən də güzəştlər təqdim edir. Ölkəmizdə investisiya fəaliyyətinin genişləndirilməsi və təşviqi, sərmayə qoyuluşunun stimullaşdırılması məqsədilə 2016-cı ildən etibarən İqtisadiyyat Nazirliyi tərəfindən sahibkarlara investisiya təşviqi sənədi verilir. İnvestisiya təşviqi sənədi Azərbaycan Respublikasının Vergi Məcəlləsində və "Gömrük tarifi haqqında" Azərbaycan Respublikasının Qanununda müəyyən edilmiş güzəştləri əldə etməyə əsas verən sənəddir. İnvestisiya təşviqi sənədini almış sahibkarlar 7 il müddətində mənfəət və gəlirin 50 faizinin vergisindən, əmlak və torpaq vergisindən, həmçinin, idxal etdikləri texnika, texnoloji avadanlıq və qurğular üzrə idxalda ƏDV-dən və idxal rüsumlarından azad edilir.
Həmçinin, Azərbaycan mənşəli qeyri-neft məhsullarının ixracı ilə məşğul olan sahibkarlar Azərbaycan Respublikası Prezidentinin "Made in Azerbaijan" brendinin təşviqinə dair 5 oktyabr 2016-cı il tarixli fərmanı ilə təsdiq olunmuş ixrac missiyaları, beynəlxalq sərgi və yarmarkalarda vahid ölkə stendi ilə iştirak, bazar araşdırmasına dəstək kimi mexanizmlərdən yararlana bilərlər. Bu dəstək tədbirlərinə dair xərclər tam və ya qismən dövlət büdcəsi hesabına qarşılanır.
Natəvan ABDULLA