525.Az

"Ölüm hökmü" - Aytac Sahəd yazır


 

"Ölüm hökmü" -<b style="color:red"> Aytac Sahəd yazır</b>

"Uzun sözün qısası" rubrikamda bu dəfə Xalq yazıçısı Elçinin "Ölüm hökmü" romanı haqqında danışacam. Öncə onu qeyd edim ki, belə qısa bir yazıda bir romanı əhatə etmək mümkün olmadığı üçün əsərin əsas hissələri arasında bağ yaradaraq oxucuda müəyyən təsəvvür yaratmağa çalışmışam. Ümid edirəm ki, bu təsəvvür sizə bu kitabı oxumaq üçün əsas olacaq.

Əsərin ilk səhifələrində tələbə Murad İldırımlı və onun ev yoldaşı Xosrov müəllimlə tanış oluruq. Bu məqamdan dolayı oxucu elə zənn edə bilər ki, romanın növbəti səhifələrində tələbənin gələcəyini görəcək, ancaq bunun əksinə, müəllimin keçmişini görür. Bir sözlə, əsərimizin əsas qəhrəmanı Xosrov müəllimdir.

Qaradinməz Xosrov müəllimlə bənzər xarakterə sahib olan Muradı bir məsələ düşündürür - təzəcə vəfat edən Xədicə arvadı necə "Tülkü gəldi qəbiristanlığı"nda dəfn etməli? O qəbiristanlıq ki, orda dəfn olunmaq hünər istəyir. Niyə? Çünki oranın Əbdül Qafarzadə kimi bir sahibi var. O Əbdül Qafarzadə ki, Allahı puldur. Qəbiristanlığın torpağından tutmuş, torpağına ayaq basan mollasına qədər hamısından pul çıxarır. Xədicə arvadın da nə oğlunun, nə evində qalan kiranişinlərin, nə də məhlə sakinlərinin qəbiristanlığın haqqını verməyə pulu yoxdur.

Əbdül də pulsuz kiminsə orda dəfninə icazə verməz. O, çox ağıllı və uzaqgörəndir. Yaşadığı dövrün qanunlarını çox gözəl bilir. Məsələn, illərlə eyni kostyumu geyinir, daha doğrusu, eyni rəngdə olan kostyumu. İnsanlar da elə bilir ki, o, illərlə eyni kostyumda gəzir. Yaxud da cavan yaşda itirdiyi oğlu Orduxana qəbiristanlıqda dəbdəbəli məzar daşı qoydurmur ki, camaatın diqqətini çəkməsin. Əbdül güclü adamdır. Bəlkə də onun güclü olmaqdan başqa yolu olmadığı üçün güclü bir adama çevrilib. Hələ uşaq olarkən yeganə kimsəsi olan qardaşı Xıdırı itirəndən sonra özünə söz verir ki, nə olur-olsun, zəif olmayacaq. Sözünə də bir ömür sadiq qalır.

Xıdır... Bəlkə də bu əsərdə ən çox bəyəndiyim məqam ilk baxışda bir-birinə uzaq olan qəhrəmanların bir-birinə özlərinin belə xəbəri olmadığı halda bağlılığıdır. Məsələn, Xıdır bir vaxt Xosrov müəllimlə eyni məktəbdə işləyib, hətta Xosrovun bədbəxtliyində böyük rol oynayıb. Təbii ki, bunu nə Əbdül, nə də Xosrov müəllim heç vaxt bilməyəcək.

Xosrov müəllimin hekayəsi Hadrutdan başlayır. Hadrutda onun gözəl ailəsi, sevdiyi işi, bir sözlə, xoşbəxt həyatı var. Ancaq həyat bu xoşbəxtliyi ona çox görür. Hadrutda yayılan taun arvadını və üç balasını onun əlindən alır, özü isə təsadüf nəticəsində sağ qalır. Daha doğrusu, cismən sağ qalır, ruhən isə canlı ölüdən fərqi olmur. Beləcə, ili ilə calayıb birtəhər yaşayır. Bədbəxt keçən ömrün bir günündə Tanrı onun qarşısına bir qadın çıxarır. Bu qadın ona cənnəti gətirir. İllər öncə Hadrutda itirdiyi xoşbəxtliyini bu qadında tapır. Amma bu xoşbəxtliyin də ömrü uzun olmur. Bir sağlıqla Xosrov müəllim özü də daxil olmaqla neçə insanın həyatını məhv edir. Həmin sağlıq Xosrov müəllimin işlədiyi məktəbin direktoru Ədalət müəllimin qızı Arzunun ad günündə deyilir: "Mir Cəfər Bağırov yoldaş bizim rəhbərimizdi, düzdü, amma niyə qoymursuz səhərdən bəri bu gözəl qızın, - Xosrov müəllim uzun qolunu qaldırıb barmağı ilə Arzunu göstərdi. - sağlığına içək, bu gözəl qızı təbrik edək?"

Bu sağlıq ad günü məclisində iştirak edən hər kəsi silkələyir. Bu sağlıqla Xosrov müəllim Ədalət müəllim də daxil olmaqla üç nəfərin ölümünə səbəb olur. O üç nəfərdən biri də Xıdır olur. O Xıdır ki, Xosrovun sağlığını yuxarılara çatdırır. Ancaq bu xəbərçilik ona gözlədiyi kimi mənsəb yox, ölüm gətirir. Əslində, Xıdırdan qabaq ad günü macərasını Ədalət müəllim özü yuxarılara çatdırır, lakin o da Xıdırın taleyini yaşayır. Ədalət müəllim bu satqınlığı etməyə bir növ məcbur olur. Çünki çox gözəl bilir ki, satmasa, satılacaq. Bu məqam repressiyanın mahiyyətini, dəhşətini bütün çılpaqlığı ilə göz önünə sərir. Axşam bir süfrənin başında oturan, qədəh-qədəhə vuran adamlar səhər bir-birini satmaq üçün yarışa girir. Qanlı 37-nin qısa təsviri...

Yenidən səksəninci illərə qayıdırıq. Yəni əsərin əvvəlindəki Xosrov müəllimə. Maraqlısı budur ki, sağlığı Xosrovun deməsinə baxmayaraq, məclisdə iştirak edənlər həbs olunub güllələnir, o isə təsadüf nəticəsində sağ qalır. Həyat bu təsadüflə onun üzünə gülür. Axrıncı gülüşü də elə bu olur. O, yenə bədbəxtliyə məhkumdur.

Qayıdaq əsərin əvvəlinə. O yerə ki, orda Xədicə arvadın dəfn məsələsi var. Bu məsələdə Xosrov müəllim də, tələbə Murad İldırımlı da acizdir və bunu hər ikisi hiss edir. Nəhayət ki, onlar Əbdül Qafarzadə ilə üz-üzə gəlir. Yazıçı bu səhnədə Əbdülün obrazında sistemi, sistemin istismarçı mövqeyini göstərir. Görüşün sonunda Xosrov müəllim Əbdül Qafarzadənin üstünə atılaraq "sən taunsan, sən taunsan" deyə-deyə onu boğur. Beləcə, o, illərdən bəri qoruduğu sükutu pozur, Əbdülün simasında sistemi görüb, sistemi "boğur" o an.

Sonda Əbdül Qafarzadə qan qusur...

Bütün əsər boyu Gicbəsər adlı bir it görürük. Onun əsərdəki rolunu yalnız əsəri oxuduqdan sonra anlamaq olar.

Məndən bu əsəri oxumağın sizə nə qazandıracağını soruşsanız, yəqin ki, aşağıdakı səbəbləri göstərərdim.

Roman repressiya dövrünün dəhşətini, qorxusunu, adi, sıravi insanların həyatını necə məhv etdiyini göstərir. Təkcə repressiya dövrü yox, ümumilikdə, Sovet sisteminin ümumi abu-havası əsərdə öz əksini tapır. Məsələn, Sovetin plan siyasətinin mənasızlığını qəbiristanlıq üçün qoyulan plan hissəsində yazıçı qabardaraq bu siyasətin mənasızlığını göstərir: "Keçən il bizim qəbiristanlıqda iniş ilə nisbətən 218 nəfər az adam dəfn olunub. Amma necə sevinəsən, bəs plan? Axı planı artıqlaması ilə yerinə yetirməkdən ötrü gərək çox adam dəfn eləyəsən". Gülməlidir, elə deyilmi?

Romanda verilən digər bir tarixi fakt isə Hadrutda yayılan taun epidemiyasıdır ki, təəssüf ki, bu faktı plan təsərrüfatından fərqli olaraq ancaq ağrı ilə izah etmək olar. Bu ağrını ən çox hiss edəcəyiniz hissə isə tonqal səhnəsinin təsvir olunduğu hissədir. O tonqal ki, orada sevdiklərinin gözü önündə taundan ölən şəxslərin meyitləri yandırılır. Dəhşətli səhnədir. Ümumiyyətlə, yazıçının təsvir etdiyi Hadrutda yayılan taun epidemiyası yazıçı təxəyyülünün məhsulu yox, tarixi faktdır.

Həmin epidemiya 1929-cu ildə başlayıb. Məşhur mikrobioloq Lev Zilberin başçılıq etdiyi həkim ekspedisiyasının uzun sürən mübarizəsi sayəsində qarşısı alınıb. Əgər bu romanı oxuyandan sonra  sizdə bu dövrü öyrənmək marağı yaranarsa, Lev Zilberin xatirələri əsasında yazdığı qeydlərə müraciət edə bilərsiniz.

Xalq yazıçısı Elçinlə müsahibəm zamanı ona sual vermişdim ki, əgər Sovet dağılmasaydı, siz bu əsəri nəşr etdirə bilərdinizmi? O, belə bir cavab vermişdi: "Sovet dağılmasaydı, bu əsər mənim sandıq ədəbiyyatımda qalacaqdı".

Nə yaxşı ki, "Ölüm hökmü" bu taleyi yaşamayıb.

Əsərdən seçdiklərim:

Bütün acı xatirələr yalnız ona məxsus idi: hər bir adam öz taleyini çiyinlərində daşımağı bacarmalı idi.

Bir halda ki, dünyanın böyük-böyük alimləri, şairləri, sərkərdələri, dövlət adamları  həyatın məasızlığı müqabilində ruhdan düşməyiblər, öz böyük işlərini görüblər, deməli, həmin mənasızlıq barədə heç fikirləşmək də düzgün deyil: o şey ki, səndən asılı deyil, nə üçün fikirləşib özünə dərd edirsən?

Bu tip adamları yaxşı tanıyıram. İclaslarda alovlu nitqlər deyirlər, adamların içində asıb-kəsirlər, amma sonra təklikdə gedib üzr istəyirlər.
O zaman ki, Mir Cəfər Bağırovu Zaqafqaziya Su Təsərrüfatı İdarəsinin rəisi təyin etmişdilər, onda Məhəmməd Əmin Rəsulzadə mühacirətdə olduğu dövrdə yazmışdı: "Azərbaycan xalqının cəlladı Bağırovu Su Təsərrüfatına başçı qoymuşlar, zənn edirəm ki, Zaqafqaziya çaylarının suları Azərbaycan oğullarının qanına bulaşmış əllərini yuyub təmizləməkdə ona kömək edəcəkdir".

Mir Cəfər Bağırov başqalarından da özünə eyni sədaqətli xidməti tələb edirdi. Sədaqətli xidmət isə qorxu hissi olmadan mümkün deyildi, çünki insanın təbiətində nankorluq var idi.

Heç kimin başqasının ürəyinə girməyə ixtiyarı yox idi, çünki ürək elə bir şeydir ki, təkcə öz yiyəsinə məxsusdur, istəyir - başqasının qarşısında özü açılır, istəmir - qurtardı, getdi, onun ürəyinə girməyə cəhd göstərmək lazım deyil.

İt olaydım gərək mən! İt olmaq adam olmaqdan yüz dəfə, yüz dəfə yaxşıdır.
 

 





18.10.2021    çap et  çap et