Oktyabrın 13-də Füzuli Tarix-diyarşünaslıq Muzeyində 17 oktyabr Füzuli rayonunun işğaldan azad edilməsinin birinci ildönümü münasibətiylə 44 günlük Vətən müharibəsi şəhidlərinin xatirəsinə həsr edilmiş sərginin açılış mərasimi keçirilib.
525.az xəbər verir ki, tədbirdə şəhidlərin ailələri, yaxınları ilə yanaşı, Füzuli rayon İcra Hakimiyyətinin əməkdaşları, Kürdəmir Regional Mədəniyyət İdarəsinin rəisi Faiq Xudanlı və bir sıra mədəniyyət işçiləri iştirak ediblər.
Tədbir zamanı Füzuli rayon İcra Hakimiyyəti başçısının müavini Gülbahar Eyvazova, Kürdəmir Regional Mədəniyyət İdarəsinin rəisi Faiq Xudanlı, Muzeyin direktoru Elçin Əsədov, Fond müdiri Xalisə Məmmədova çıxış edərək şəhidlərimizin ruhuna göstərdikləri sevgi və hörmətdən danışıb, onların fədakarlıqlarının Azərbaycan xalqının hər zaman xatirində yaşayacağından, Azərbaycanın Zəfər tarixinə atdıqları imzalardan, eləcə də, onların qəhrəmanlıqlarından bəhs ediblər. Həmçinin, bir neçə şəhid ailəsi çıxış edərək övladlarıylıa bağlı xatirələrini bölüşüblər.
Sonda iştirakçılar sərgiyə tanış olublar.
Sərgidə Vətən müharibəsi zamanı torpaqlarımızın azadlığı uğrunda canlarını fəda edən Füzuli rayon şəhidlərinin bir qisminin ailələrindən əldə edilmiş geyimləri, sənədləri, fəxri fərmanları, foto şəkilləri və sair kimi əşyalar, eləcə də, rayonun 78 qəhrəman şəhidi haqqında məlumatlar fotoşəkilləri ilə birgə nümayiş edilib.
Həmçinin, şəhidlərin həyat yolu və qəhrəmanlıqlarından bəhs edən yazıçı, jurnalist Şahanə Müşfiqin "525-ci qəzet"də "Əbədiyyətdəki əziz ünvanlarımız" adı ilə yayımlanmış silsilə məqalələri, kitablar və digər nəşrlər də sərgilənib.
Eləcə də, ziyarətçilər bu sərgidə müharibə zamanı rayon ərazisinə atılmış mərmilərin qalıqları, işğaldan azad olunmuş ərazilərdən - Füzuli, Zəngilan, Xocavəndin Tuğ kəndin və Şuşadan tapılaraq Füzuli Tarix-Diyarşünaslıq Muzeyinə təqdim olunan əşyalarla tanış olublar.
MEHRİ