525.Az

"Söyləsəm təsiri yox, sussam könül razı deyil..." - Türkan Turan yazır...


 

"Söyləsəm təsiri yox, sussam könül razı deyil..." -<b style="color:red"> Türkan Turan yazır...</b>

Füzulinin beyinlərə damğa kimi həkk olunan misrası var. Ustad deyir ki, "Söyləsəm təsiri yox, sussam könül razı deyil". Çarəsizliyin, boş vermişliyin, bezginliyin ən pik nöqtəsidir bu sətirlər. Sussan rahat olmursan, danışsan, heç bir faydası olmayacağını bilirsən. Dünyada ən çətin işdir anlamağı rədd edən birinə özünü anlatmaq məcburiyyətində qalmaq. Qarşısındakının çırpınışlarını görməzlikdən gələn, qulaq asan, amma zireh kimi üzərinə geyindiyi önyarğının söylənən kəlmələrin önünü kəsməsi yəqin ki, işgəncədir desəm, şişirtmiş olmaram. Yalnız bu məqamlarda susmağın qızıl olduğuna inanıram.

Ümumiyyətlə, bu qədər gurultunun, hay-küyün ortasında sakit qala bilmək, seyr halında olmaq böyük işdir. Danışmaq qiymətlidir, bütün bağlı qapıların açarıdır mənim üçün. Amma susmaq... bax, o, həmin qapının özüdür. Danışaraq, həll edərək, yön verərək nələrinsə düzələcəyinə inansam da, bəzən səssiz qalaraq durulmağın da həqiqət olduğu aşkardır. İsrarla danışmaq, anlatmaq, nəyin nə olduğunu göstərmək istəyirik, amma vacib bir məqamı qaçırırıq; bəzi məsələlər səssizlikdən sonra həll olur, bəzi düyünlər susqunluqla çözülür, bəzi körpülər sükutla dağılır. Getmək vaxtı çatanlar gedir, "hələ də bir ümid var" deyənlər mütləq bir yol tapır. Bəzən hədsiz dərəcədə çox danışırıq. Halbuki sussaq, daha çox şey anlatmış olarıq. Susqunluğun dərinliyinə bələd olanlar bunun nə demək olduğunu çox yaxşı anlayır. Səssizliyə çəkilərək hissləri ört-basdır etmək, ya da passiv, aqressiv havaya bürünməyi nəzərdə tutmuram. Bir az özünə qapanıb, insanın daxili dünyasıyla həmhal olmağından bəhs edirəm. Bəzən düşüncələri, sözləri, hissləri mayalamaq lazımdır. Bir xəmir kimi yoğurmalı, gözləməli, bişirməli və sonra masaya qoymalısan. Susmaq lazımkən danışmaq, nəyisə isbat etməyə çalışmaq unu ayrı, suyu ayrı, duzu, mayanı ayrı şəkildə birinin önünə qoymaq deməkdir. Ürəyində sirr saxlamayan, qursağına bir parça məlumat düşən kimi onu dərhal həzm edən, tullantılarını süzgəcdən keçirməyə səbri belə çatmayıb başqasının ovucuna qoyanlar var. Fikirləşirsən ki, böyük ehtimal, bu insanlar nə söylədiklərinin, nə də susduqlarının məsuliyyətini dərk edirlər. Ona görə tez-tələsik biriylə paylaşmaq ehtiyacı duyurlar. Öz içlərində böyütmədikləri, mayalamadıqlarını başqasının boşqabına qoyurlar. Daha dadını bilmədən, ləzzətini hiss etmədən və ya necə bir fəsadı olacağını dərk etmədən... Bəzi duyğular, düşüncələr açıq yaranın infeksiya qapması kimidir, dərhal üzə çıxarsa, mikrob qapa bilir. Söz, ya da hərəkət də belədir, vaxtından əvvəl ifadə edildiyində sanki ölü uşaq doğmuş kimi olur insan. Halbuki bətində yetəri qədər bəsləsən, vaxtında müayinələrə getsən, müşahidə altında tutsan, gözəl və canlı bir körpəni qucağına ala bilərsən. İnsanları bir-birinə düşmən edən də budur; sözlərin yetəri qədər qidalandırılmaması, özbaşına buraxılması, danışmaq naminə dilə gətirilməsi. Sükutdan qaçan, susa bilməyən insanın digəri ilə qurduğu münasibət, aralarındakı sərhədlərin tikanlı tellərlə hasarlanmasına bənzəyir. Həmin tikanlı tellər mövcud münasibəti mütəmadi qanadır. Məsələn, qulaq asmaq da susmağa bağlıdır. Susub dinləmək dərk etməkdir, bəziləri sırf qarşıdakına cavab vermək üçün dinləyir. Bu, hər iki tərəf üçün əsl fəlakətdir. Dinləyirmiş kimi davranıb, öz söyləyəcəklərinə köklənən insanla keçirilən zaman böyük itkidir. Ümidsiz insan da susur, özü da bağıra-bağıra, qulaq tutulur onların səssizliyindən, fəryadı hər zərrəsindən fışqırır həmin şəxslərin. Amma hər şeydən, hamıdan qaçıb susqunluğa sığınmaq kimi bir həqiqət var bu həyatda. Bunu bacarmaq gerçək bir özgürlükdür. Ruhun immunitetini gücləndirir. Çoxlarının vaxtı yoxdur - nə dinləməyə, nə susmağa, yəni bu cür incəlikləri anlamağa. Ən çox da bu pozur "qüsursuz" saydığımız münasibətlərimizi. Susmaq gözəldir, sükutun fərqinə varan insan isə sərvətdir. Böyük Usta Şəmsi Təbrizinin dediyi kimi, "Dayaz suları ən xəfif küləklər belə coşdura bilir. Dərin dənizləri isə ancaq dərin sevdalar. Anladım ki, dərin və əsrarəngiz olan hər şey susur. Anladım ki susan hər şey dərin və heybətlidir".

 





18.10.2021    çap et  çap et