KİV ABŞ dövlət başçısının bir neçə Asiya ölkəsinə gözlənilən səfəri haqqında informasiya yayıb. Bu məsələyə maraq böyükdür. Ekspertlər onu Vaşinqtonun xarici siyasətinin strateji aspekti ilə əlaqələndirirlər. Müxtəlif faktorların əhəmiyyətini vurğulayırlar. Xüsusilə, ABŞ-Rusiya-Çin xəttində baş verə biləcək geosiyasi dəyişikliklər üzərində ətraflı dayanırlar. Məlum olur ki, bütövlükdə prezident Obamanın səfəri qlobal geosiyasətin aktual məsələləri ilə sıx bağlıdır. Bunun fonunda dünyanın yeni düzəninin formalaşması prosesi maraq doğurur. Mövcud olan ziddiyyətlər və imkanların təhlilinə ehtiyac hiss edilir.
"Geosiyasi dilemma": həll imkanı varmı?
ABŞ-Rusiya-Çin xəttində ekspertlərin "geosiyasi dilemma" kimi qiymətləndirdiyi bir vəziyyət yaranıb. Vaşinqton Avrasiya və Avroatlantika istiqamətlərində xarici siyasətini həmişə aktiv halda saxlayıb. Lakin indi əksər mütəxəssislər etiraf edirlər ki, keyfiyyətcə fərqli geosiyasi mənzərə formalaşır. Onun əsas əlamətlərindən biri böyük dövlətlər arasında nüfuz savaşının daha da kəskinləşməsindən ibarətdir.
Bu barədə analitiklər və ekspertlər müxtəlif aspektlərdə kifayət qədər yazıblar. Ancaq maraqlıdır ki, ümumilikdə vəziyyət sürətlə dəyişir və meydana yeni dinamizm çıxır. Həmin prizmadan Vaşinqton-Pekin münasibətləri və bunun fonunda Moskvanın mövqeyi olduqca düşündürücüdür. Burada, təəssüf ki, yenə bir istilah problemin mərkəzində durur – gərginlik!
"ABŞ-ın Asiyaya qayıdışı" strategiyasına bu mülahizələr müstəvisində baxanda Barak Obamanın bir sıra Asiya ölkələrinə səfər planı maraq doğurur. Amerikanın dövlət başçısı Uzaq Şərq və Cənub-Şərqi Asiya ölkələrinə baş çəkməlidir. O cümlədən, Yaponiya, Cənubi Koreya, Malayziya və Filippində danışıqlar aparmalıdır.
Bu ölkələr təsadüfən seçilməyib – onların hər birinin regional və qlobal siyasətdə öz yeri vardır. Bundan başqa, maraqlıdır ki, həmin dövlətlərin bu və ya digər şəkildə Çinlə anlaşılmazlıqları mövcuddur.
Bütün bunlar özlüyündə "Asiyaya qayıdış" strategiyasının mahiyyətini açmır. Mütəxəssislər hesab edirlər ki, Vaşinqton bu xətti əsas olaraq Çinə görə seçib. Burada başlıca məqsəd Pekini "saxlamaqdır".
Daha geniş aspektdə isə son illər qlobal geosiyasətdə qüvvələr balansının dəyişməkdə olması öz təsirini göstərib. M.Pey həmin kontekstdə vurğulayır ki, "iki böyük dövlət arasında qüvvələr nisbətinin istənilən hiss ediləcək dəyişməsi qaçılmaz olaraq onların bir-birinə olan münasibətlərini yeniləşdirir, onları başqa davranış modellərinə keçməyə məcbur edir" (bax: Minxin Pei. How China and America See Each Other / "Foreign Affairs", 2014, Cild: 93, №2).
2010-cu ildən başlayaraq isə Çin daha inadcıl siyasət yeritməyə başladı. Öz qonşuları ilə olan ərazi mübahisələrində daha sərt mövqe tutdu. Amerikanı Çin ordusunun sürətli modernləşməsi və kiberhücumlar çox narahat edir. M.Pey hesab edir ki, bütün bunlara Vaşinqtonun cavabı "Çin gücünün zəif gizlədilən "saxlanması"nı nəzərdə tutan "Asiyaya dönüş" siyasətidir (bax: əvvəlki mənbəyə).
Belə çıxır ki, ABŞ-ı Asiya regionunda yeni siyasi mövqe tutmağa məcbur edən konkret səbəb vardır. Əgər bu doğrudursa, "Asiyaya qayıdış" heç də bütün aspektlərdə xoş niyyətdən yaranmayıb. Burada Vaşinqtonun öz geosiyasi maraqlarını təmin etmək üçün yeni planlar qurmasından söhbət gedə bilər. Maraqlıdır ki, məhz bu kontekstdə bir sıra ekspertlər iki amilə daha çox diqqət yetirirlər.
Onlardan biri Vaşinqtonun Rusiya-Çin cütlüyünə qarşı düzgün siyasət yeritməməsindən ibarətdir. Beynəlxalq siyasət məsələləri üzrə mütəxəssis olan G.Karpenter hətta bunu "Vaşinqtonun başlıca strateji səhvi" adlandırır (bax: Ted Galen Carpenter. Washington's Biggest Strategic Mistake / "The National Interest", 18 aprel 2014). Burada ABŞ-ın xarici siyasətdə buraxdığı səhvlərin Rusiya və Çini gücləndirməsi nəzərdə tutulur. Müəllif bu vəziyyəti "ölüm gətirən günah" kimi qiymətləndirir. Vaşinqtonun Moskva və Pekinlə münasibətlərindəki gərginlik pik nöqtəsini keçib.
Kissincerin "imkanlar prinsipi" və mövcud reallıqlar
Səbəb isə H.Kissincerin bir zamanlar ifadə etdiyi prinsipin pozulmasındadır. O, "Ağ Evdə xidmət illəri" adlı memuarında vurğulayıb ki, Amerikanın mümkün opponentləri ilə münasibətləri elə olmalıdır ki, ABŞ-ın onlarla münasibətlərindəki imkan onların öz aralarında olan imkanlardan xeyli dərəcədə çox olsun (bax: Henry Kissinger. The White House Years. Boston: Little, Brown, 1979, pp. 1521). İndi isə rəsmi Vaşinqtonun atdığı addımlar Moskva ilə Pekini bir-birinə daha da yaxınlaşdırır.
Əslində, Rusiya ilə Çin arasında anlaşılmazlıqlar çoxdur. Məsələn, Pekinin Moskvaya ərazi iddiaları var. Onlar arasında olan müharibə də yaddan çıxmayıb. Buna baxmayaraq, Amerikanın hər iki böyük dövlətə qarşı sərt, bəzən kobud formada göstərdiyi münasibət Pekinlə Moskvanı birləşdirir. Son olaraq, Ukrayna hadisələrinə görə sanksiyaların tətbiqi Rusiyanın Çin və Hindistanla daha geniş əməkdaşlıq edəcəyi ilə bağlı bəyanat verməsinə gətirib çıxardı. Qərb ekspertləri məhz bu kimi məqamları nəzərdə tutaraq Vaşinqtonun xarici siyasətdə H.Kissincerin dediyi prinsipə əməl etməli olduğunu yazırlar.
B.Obamanın Asiya ölkələrinə səfərinə bu reallıq prizmasından yanaşanda rəsmi Vaşinqtonun hələ də H.Kissincerin prinsipinə uyğun olmayan hərəkət etdiyi qənaəti yaranır. Məsələ ondan ibarətdir ki, ABŞ-ın dövlət başçısı səfəri zamanı əsasən müttəfiqlərinin Çinin mümkün hücumlarına qarşı davam gətirməsi üçün hərbi qüdrətini artırmaqla əlaqədar müzakirələr aparacağını, ərazi mübahisələrində onları müdafiə edəcəyini və Çinə təzyiqlər etməyin yeni üsullarını diqqətdə saxlayacağını vurğulayırlar (bax: məs., Сергей Строкань. США возвращаются в Азию / "Коммерсантъ", 18 aprel 2014).
Ancaq Amerikada Çinə münasibətdə fərqli mövqe də vardır. Bu, liberal yanaşmadan qaynaqlanır. Onun tərəfdarlarının fikrinə görə, Çinin inkişafına yardım etməklə, onunla əməkdaşlığı genişləndirməklə dünya işlərinə "birbaşa cəlb etmək" kursunu seçmək lazımdır (bax: Minxin Pei. Göstərilən məqaləsinə).
Əgər realistlər sərt xarici siyasət və təzyiq üsuluna üstünlük verirlərsə, liberallar əlaqələri sıxlaşdırmaqla Çini ABŞ-ın hegemon olduğu dünya düzəni modelində asılı vəziyyətə salmağı daha konstruktiv sayırlar. Məsələ də bundadır ki, B.Obamanın Asiyaya nəzərdə tutulan səfərinin ruhunda məhz bu məqam yoxdur.
Bunlarla yanaşı, ekspertlər Vaşinqtonun yeritdiyi xarici siyasətdə başqa bir məqama diqqət yönəldirlər. Onlar hesab edirlər ki, B.Obama Rusiyaya qarşı düzgün siyasət yeridir. Onun mahiyyəti Moskvanı beynəlxalq təcrid halına salmaqdan ibarətdir.
Konkret desək, B.Obama Rusiya əleyhinə beynəlxalq konsensus yaratmaq arzusundadır. Ora hətta Çin və Hindistanı daxil etmək niyyəti vardır (bax: Mark Adomanis. Obama's New Russia Strategy Is The Right One, The Question Is Whether It Will Work / "Forbes", 20 aprel 2014). Bu iddia doğrudursa, Amerikanın dövlət başçısının Asiyaya səfərində gizlədilən məqamlar mövcuddur. Vaşinqton, təbii ki, Rusiya ilə Çinin arasında soyuq münasibətlərin yaranmasında maraqlıdır. Ancaq Moskva və Pekinin buna gedəcəkləri məsələsi aydın deyil. Hər bir halda B.Obama, görünür, nələrəsə ümid edir.
Belə təəssürat yaranır ki, ABŞ prezidentinin bir neçə Asiya ölkəsinə səfəri qlobal geosiyasi vəziyyətlə sıx bağlıdır. Burada hələlik konkret hansı məqsəd güdüləcəyi ilə əlaqəli konkret informasiya yoxdur. Lakin ekspertlərin təhlilləri göstərir ki, qarşıda kifayət qədər gərgin məsələlər vardır. B.Obamanın səfərinin onları nə dərəcədə həll edəcəyi haqqında dəqiq proqnoz vermək çətindir. Eyni zamanda, bu səfərə region dövlətlərinin böyük əhəmiyyət verdiyi də həqiqətdir.
Newtimes.az
çap et