525.Az

Ukraynada Azərbaycan məktəbi fəaliyyətə başlayıb


 

Ukraynada Azərbaycan məktəbi fəaliyyətə başlayıb<b style="color:red"></b>

Ukrayna Azərbaycanlıları Radasında (UAR) Azərbaycan məktəbi fəaliyyətə başlayıb.

525.az xəbər verir ki, UAR baş katibi Ceyhun Məmmədov ilk dəsrə gələn şagirdləri və valideyinləri Ukrayna Azərbaycanlıları Radasının həmtəsisçiləri Oleq Krapivinin və Hikmət Cavadovun adından salamlayıb. 

Ana dilimiz haqqında şagirdlərə bilgi verən baş katib bildirib ki, Azərbaycan türkcəsi Çindən başlamış Avropaya qədər böyük bir ərazidə müxtəlif adlar daşıyan, amma kökü bir olan və 270 milyon insanın istifadə elədiyi türk dili ailəsinə məxsusdur. Baş katib qeyd edib ki, dünyada 7 türk dövlətində türkcə ana dili və rəsmi dil statusundadır. “Ana dili hər bir xalqın varlığı və mənəvi sərvətidir. Biz ANA sözünü 3 yerdə işlədirik: bizi dünyana gətirən ana, canımızdan daha çox sevdiyimiz ana vətən və milli kimliyimizin əsası olan ana dilimiz. Anamızı qoruduğumuz kimi, ana vətənimizi qoruduğumuz kimi, ana dilimizi də qorumalıyıq, can yandırmalıyıq”,- deyən Məmmədov bu müqəddəs işi öhdəsinə götürən müəllim, tarixçi-yazar Məhəmməd İsrafiloğluna və şagirdlərə uğurlar arzulayıb. 

Sonra dərslərin və tədrisin aparıcı müəllimi Ukraynada yaşayan tarixçi-yazar Məhəmməd İsrafiloğlunun valideynlərlə görüşü və şagirdlərlə ilk tanışlıq dərsi keçirilib. Məhəmməd İsrafiloğlu bu görüş zamanı Azərbaycanımızı, onun uca və qədim tarixini, mədəniyyətini qorumağın və təbliğ etməyin yeganə yolunun marrifçilik və düzgün təhsil metodikasının tətbiqi ilə mümkün olacağını vurğulayıb. Tarixçi-yazar bildirib ki, bu məsələdə istər valideynlərə, istərsə də Ukraynada yaşayan və təhsil alan azərbaycanlı şagirdlərin üzərinə böyük bir görəv düşür. Doğma Vətəni dünyanın müxtəlif ölkələrində layiqincə təmsil etməyin yolu onun uca dəyərlərini elmə, maarifçiliyə daşımaqla mümkündür. 

“Bu gün Kievdə təməlini qoyduğumuz Azərbaycan məktəbinin hədəfi milli-mənəvi dəyərlərimizin qorunması, gənc nəslin modern və eyni zamanda milli ruhda formalaşmasına ən yüksək səviyyədə nail olmaqdır. Üzü Həsən Bəy Zərdabidən, Üzeyir Hacıbəylidən, Sultan Məcid Qənizadədən, Firudin Bəy Köçərlidən, Məhəmməd Tağı Sidqidən gələn altun həlqəni yaşatmağın yolu millətə işıq tutmaqla mümkündür”, - deyən Məhəmməd İsrafiloğlu bu müqəddəs yolu birgə və ən doğru biçimdə addımlayaclarına, ölkəmizə, dövlətçliyimizə xidmət etmək adına başarılı olunacağına inandığını bildirib. 

Daha sonra uşaqlar "Karabakh.Center" layihəsi əsasında erməni işğalçıları tərəfindən törədilən vandalizm əməllərinin əks olunduğu "Qarabağda Urbisid" adlı fotosərgi ilə tanış olublar. 

Dərslər hər həftənin şənbə günləri Kiyec vaxtı ilə 11:00-da başlayacaq.

 





17.10.2021    çap et  çap et