525.Az

"Əməliyyata Soltanbəylidən başlayıb düşmənin 11 kilometr dərinliyinə sızdıq" 


 

"Əməliyyata Soltanbəylidən başlayıb düşmənin 11 kilometr dərinliyinə sızdıq" <b style="color:red"></b>

Dövlət Sərhəd Xidmətinin təşkilatçılığı ilə baş tutan Xudafərin səfərində daha bir sərhədçi, Vətən Müharibəsi döyüşlərində iştirak edən qəhrəmanımızla söhbətləşmək şansım oldu. Onu kənardan müşahidə edib məğrur duruşu, təmkinli baxışları ilə xan Arazı izlədiyinə şahid oldum. Yaxınlaşıb döyüşlər barəsində danışmasını xahiş etdim. 

Sinəsində “Cəbrayılın azad olunmasına görə”, “Zəngilanın azad olunmasına görə” medallarını fəxrlə daşıyan cəsur sərhədçi, baş çavuş Qasımov Rasim Həzi oğlu da döyüşlərlə bağlı xatirələrini bizimlə böldü.

- Xudafərin döyüşlərini necə xatırlayırsınız?

- Biz döyüşdən öncə ağır təlimlərdə olduq. Sonra nəhayət 27 sentyabr Ali Baş Komandanın əmri ilə döyüşlər başladı və qoşulduq. Döyüşlərə Cəbrayıl istiqamətində başladıq. Üçüncü eşalon deyilən yer vardı, oranı yarıb, rayonun Şükürbəyli kəndi istiqamətində irəlilədik. İrəliləyərkən düşmənin bir neçə hərbi obyektini zərərsizləşdirdik, bir neçə vacib texnikasını sıradan çıxardıq. Daha sonra həmin kəndə çatdıq. Kəndin içərisində də düşmənin hərbi yerləşim obyektlərini məhv etdik. Burada minalanmış ərazilərdən keçdik və toplanış məntəqəsinə çatdıq. Toplanış məntəqəsində əmr verildi ki, Xudafərin körpüsünü işğaldan azad etmək lazımdır. Biz Xudafərin əməliyyatı üçün əlimizdən gələni etdik və tapşırığın öhdəsindən layiqincə gəldik.

Əməliyyata Şükürbəyli kəndindən gəldikdə Soltanbəyli deyilən yer var, oradan başladıq və düşmənin 11 kilometr dərinliyinə sızdıq. Düşmən bizim orada olduğumuzdan xəbərsiz idi. Yəni 11 kilometr düşmənin arxasında olduq. Və burada bir neçə zirvə var ki, biz onları da işğaldan azad etdik. Qeyd edim ki, zirvələrin arasında hündür, əlverişli olanları vardı. Həmin yerə gəlib çatanda düşmənin müşahidə kamerasını gördük. Lakin hərbçi yoldaşlarımızla bu kameranı zərərsiz hala gətirdik. Biz bilirdik ki, ermənilərin bundan məlumatı var, onlar bizi görüb və geri qayıdacaqlar. Ona görə biz orada gözləməyi qərara aldıq. Həmin yerə pusqu atdıq və gözlədik. Düşündüyümüz kimi də oldu, düşmənin texnikası irəliləməyə başladı. Biz onların yaxına gəlməsini gözlədik. Gəlib çatdı və biz düşmənin hərbi texnikasını yerindəcə məhv etdik. Bir neçə dəqiqə sonra düşmənin sağ qalan canlı qüvvəsi hücum etməyə çalışdı, lakin hücumun öhdəsindən layiqincə gəldik. Maksimum 2-3 dəqiqə çəkdi, ermənilər bizimlə bacara bilmədi, silahlarını atıb qaçdılar. Daha sonra bizim bir neçə qrupumuz Xudafərin körpüsünə irəliləməyə başladı və bayrağımız ora sancıldı. Burada olmaq böyük qürur hissidir. Doğrudur, qanımız, canımız olan silahdaşlarımız döyüş zamanı şəhid oldu. Onlar bizim hər şeyimizdir. Lakin döyüşlərdə çox soyuqqanlı hərəkət edirdik. Bir məqsədimiz vardı - torpaqlarımızı işğaldan azad etməliyik və biz bunun öhdəsindən gəldik!

- Qayalıqlara dırmanmaq və döyüşmək çətin olmalıdır. Üstəlik, silah-suratla...

- Bəli, qayalıqdakı döyüşlərimiz çox çətin oldu. Ac-susuz qalsaq da, məqsədimiz bizi dayanmağa qoymadı, yalnız irəli getdik. Bilirdik ki, bizə xalqımız, Ali Baş Komandanımız inanır, arxayındır. Eyni zamanda anlayırdıq ki, biz bunu bacaracağıq. Elə də oldu, düşmənlərimizi torpaqlarımızdan iti qovan kimi qovduq. Biz Xudafərini azad edib bayrağımızı sancanda düşmən bizdən 11 kilometr arxada idi. Onlar yeni qüvvələrlə gələndə hələ Cəbrayılda idilər, biz isə artıq Xudafərində idik. Erməni tərəfi özləri də inanmırdı ki, biz onlardan irəli gedə bilərik. Biz düşmənlə 50-60 metr məsafədə döyüşürdük, maksimum 2-3 dəqiqə bizim qarşımızda dayana bilirdilər. Sonra silahlarını da qoyub qaçırdılar.

- lk dəfə Xudafərini görəndə hansı hisslər keçirdiniz?

- Biz demək olar ki, Xudafərin körpüsünün şəklini kitablarda, internetdə görmüşdük. Vətən müharibəsində isə yoldaşlarımızla birlikdə bu yerlərin azad edilməsinə iştirak etdik. Cəbrayıla, Zəngilana, Xudafərinə ayaq basmaq çox gözəl hiss idi. Bizim Cəbrayıldan olan komandirimiz var idi. Özü bizə tapşırıq verdi ki, mən yaralansam, ya da şəhid olsam siz  dayanmayın, daim irəliləyin. Yaralansa da bizə “İrəli” əmri verdi, ruhdan düşmədik və daha da irəlilədik. Digər bir komandirimiz də döyüş zamanı əlindən yaralandı, lakin döyüşlərə davam etdi. Bu, bizi ruhlandırırdı. 

Xalqımıza demək istəyirəm ki, bizdən narahat olmasınlar, biz daima torpaqlarımızı qoruyacağıq, daima Vətən uğrunda can verməyə hazırıq. Düşmənin kim olmasının bizim üçün fərqi yoxdur. Torpaqlarımıza göz dikənin başını əzməyə hazırıq!

Xudafərinə, onun ətrafına nəzər saldıqca gördüklərimiz, müharibənin qanlı, dəhşətli üzünə şahid olmuş igidlərimizdən dinlədiklərimiz səfərə qoşulan hamının içində qarışıq hisslərə səbəb olmuşdu. Deyiləcək sözlər çox idi, amma şahid olduğumuz mənzərə də əvəzsiz idi. Tarixi Xudafərin körpüsünə sancılan və qürurla dalğalanan şanlı Azərbaycan bayrağı, atdığı hər addımda düşməni lərzəyə salan və torpağı göz bəbəyi kimi qoruyan Qalib Azərbaycan Ordusu, suları günəş şəfəqləri ilə parlayan, Şəhriyarın misraları tək gurlayan, Xan Arazın şaqraq səsi. Bu mənzərə qarşısında deyiləcək bir söz vardı: Vətən yaxşıdır!

Afaq Rza
 

 





18.10.2021    çap et  çap et