525.Az

Vətən müharibəsinin 23-cü günü: Xronika


 

Vətən müharibəsinin 23-cü günü: <b style="color:red">Xronika</b>

2020-ci il sentyabrın 27-də Ermənistan silahlı qüvvələrinin cəbhəboyu genişmiqyaslı təxribat törətməsinə cavab olaraq Azərbaycan Ordusu sonradan “Dəmir yumruq” adlandırılan əks-hücum əməliyyatına başladı. 44 gün davam edən Vətən müharibəsi təxminən otuzillik işğala son qoyulması və ərazi bütövlüyümüzün bərpası ilə nəticələndi.

525.az Vətən müharibəsinin xronikasını təqdim edir.

Müharibənin 23-cü günü

• Azərbaycan Prezidenti İlham Əliyev Rusiyanın TASS informasiya agentliyinə videomüsahibə verib.

• Cəbrayıl rayonunun Soltanlı, Əmirvarlı, Maşanlı, Həsənli, Əlikeyxanlı, Qumlaq, Hacılı, Göyərçinveysəlli, Niyazqullar, Keçəl Məmmədli, Şahvəlli, Hacı İsmayıllı, İsaqlı kəndləri azad olunub. Bu barədə Prezident İlham Əliyev tviter hesabında məlumat verib.

• Ermənistan silahlı qüvvələri Azərbaycanın yaşayış məntəqələrini və döyüş mövqelərini ağır artilleriyadan atəşə tutub. Bu barədə Prezident İlham Əliyev rəsmi tviter hesabında bildirib.

• Prezident İlham Əliyev Türkiyə Böyük Millət Məclisinin Sədrinin başçılıq etdiyi nümayəndə heyətini qəbul edib.

• Müdafiə Nazirliyinin məlumatına görə, cəbhənin Ağdərə-Ağdam, Füzuli-Hadrut-Cəbrayıl istiqamətlərində, eləcə də Araz çayı boyu müqavimət göstərməyə cəhd edən düşmənə qarşı döyüş əməliyyatları davam edib. Azərbaycan Ordusu cəbhənin müxtəlif istiqamətlərində düşmənin canlı qüvvəsini, 2 ədəd T-72 tankını, 2 ədəd BM-21 “Qrad” YARS qurğusunu, 1 ədəd D-30 və 1 ədəd D-20 haubitsa toplarını və 11 avtomobil texnikasını sıradan çıxarıb.

• Ermənistan silahlı qüvvələrinin yaşayış məntəqələrimizi ağır artilleriya qurğularından və raket sistemlərindən atəşə tutması nəticəsində 61 mülki şəxs həlak olub, 282 nəfər xəsarət alıb, 1846 ev, 90 çoxmənzilli yaşayış binası və 341 mülki obyekt yararsız vəziyyətə düşüb. Bu barədə Baş Prokurorluq məlumat yayıb.

• Düşmənin mülki əhalini atəşə tutması nəticəsində Ağdam rayonunda üç nəfər, o cümlədən Azərbaycan Televiziyasının əməkdaşı xəsarət alıb.

• Cəbrayıl və Füzuli istiqamətində düşməndən ələ keçirilən hərbi qənimətlərin videogörüntüsü yayılıb.

 





19.10.2021    çap et  çap et