525.Az

Respublika Uşaq Kitabxanasında "Nağıl saatı"


 

Respublika Uşaq Kitabxanasında "Nağıl saatı" <b style="color:red"></b>

F.Köçərli adına Respublika Uşaq Kitabxanasında təşkil olunan "Nağıl saatı"nda uşaq yazıçısı Mehriban Nağıyeva ilə oxucular arasında görüş keçirilib.

525.az xəbər verir ki, ilk nağıl saatında Bakı şəhər 60 nömrəli tam orta məktəbin 2 və 3-cü sinif şagirdləri iştirak ediblər. Görüşdə yazıçı uşaqlar üçün "Xarıbülbül və Günəşin nağılı", "Lovğa tülkü", "Dərdli kirpi" nağıllarını, hekayə və təmsillərindən parçalar oxuyub, "Qazlar", "Şuşa", "Gicitkən" və digər şeirlərini səsləndirib. Uşaqların müxtəlif suallarını cavablandıran Mehriban Nağıyeva oxucularla maraqlı diskussiyalar aparıb. Yazıçı bildirib ki, nağılların təsiri ilə böyüyən hər bir uşağın söz ehtiyatı zəngin, nitqi isə səlis olur.

Qeyd edib ki, uşaq yazıçısı kiçik yaşlı oxuculara tərbiyəvi təsir göstərməyə çalışmalıdır. Belə ki, bədii əsərlərdəki obrazlar, psixoloji hallar, hadisələrin inkişafı uşaqların dünyagörüşünü genişləndirir.

Sonda uşaqların hər birinə yazıçının imzaladığı "Uşaqların şeir payı", "Əsmərin sehrli zənbili", "Ay Səni Tülkü Lələ" nağıl kitabları və kitabxana tərəfindən təsis edilən "Göy Qurşağı" uşaq jurnalları hədiyyə edilib.
 

 





19.10.2021    çap et  çap et