525.Az

Tarif dəyişikliyi: zəruri səbəblər - ŞƏRH


 

Tarif dəyişikliyi: zəruri səbəblər -<b style="color:red"> ŞƏRH</b>

Məlum olduğu kimi, ötən həftənin şənbə günü Tarif (qiymət) Şurasının iclasında təbii qaz üzrə topdansatış və pərakəndə satış qiymətlərinin tarif tənzimlənməsinə dair müvafiq qərarlar qəbul edilib. Qərara əsasən əhalinin illik istehlakının 1 200 kubmetrədək olan hissəsi üçün tariflər 10 qəpikdən 12 qəpiyə artırılır. Əhali üçün 1 200-2 500 kubmetrədək və 2 500 kubmetrdən çox olan hissələr üçün tariflər müvafiq olaraq 20 və 25 qəpik olmaqla dəyişilmir və əvvəlki həddə saxlanır. Qeyri-əhali kateqoriyasından sənaye və kənd təsərrüfatı üzrə qazın tarifləri 20 qəpikdən 22 qəpiyə artırılır.

Tarif dəyişikliyinin aparılması zərurəti ilə bağlı həm daxili həm də xarici səbəblər var. 

Belə ki, ötən dövr ərzində ölkədə təbii qazın istehlakı artıb, həyata keçirilən infrastruktur layihələri nəticəsində qaz təchizatının əhatə dairəsi genişlənib, abonentlərinin sayı yüksəlib. Nəticədə dövlətin xərcləri xeyli dərəcədə artıb və 1 000 kubmetr təbii qazın hasilat və istehlakçıya çatdırılma xərci hazırda 174 manat təşkil edir. Bununla belə, Azərbaycanda təbii qazın qiymətləri əksər region və bütün Avropa ölkələri ilə müqayisədə ucuzdur. İl ərzində 1 200 kubmetr qaz istehlak edənlər abonentlərin 51 faizini təşkil edir. Hazırda əhali qrupuna aid abonentlərə təbii qazdan 1 200 kubmetrədək istifadə etdiyi halda qazın 1 000 kubmetri 100 manata (58,82 ABŞ dolları), illik qaz istehlakı 1 200 kubmetrdən çox olan əhali üçün 200 manata (117,65 ABŞ dolları), illik 2 500 kubmetrdən çox təbii qaz istehlak edən abunəçilər üçün isə 250 manata (147,06 ABŞ dolları) satılır. Beləliklə, təbii qazın hasilatı və əhaliyə çatdırılmasına xərclənən vəsait təbii qazın satışından əldə olunan vəsaitdən xeyli dərəcədə aşağıdır və qaz təchizatı fəaliyyəti zərərlə nəticələnir. Həmin məbləğ dövlət büdcəsi hesabına qarşılanır.

Xarici səbəblərə gəlincə, dünya bazarında təbii qazın qiymətləri kəskin şəkildə bahalaşıb. COVID-19 pandemiyasının tədricən səngiməsi, dünya iqtisadiyyatının canlanması və sənaye sahələrində istehsalın bərpa olunması fonunda 2021-ci ildən başlayaraq qazın qiyməti artmağa başlayıb. İlin əvvəlində 1 000 kub metri 335 ABŞ dolları olan təbii qaz iyul ayında 500 ABŞ dollara, avqustda 600 ABŞ dollara yaxın olub. Sentyabrda qiymət artımı davam edib, birjalarda 1 000 kubmetri 700 ABŞ dollara olan qazın qiyməti oktyabr ayına birjada (İCE) 1 200-1 400 ABŞ dolları aralığında təklif olunub. Beynəlxalq Enerji Agentliyi qazın yüksək qiymətlərinin 2022-ci ilin birinci rübündə də davam edəcəyini proqnozlaşdırır. Qış fəslinin yaxınlaşdığı ərəfədə Rusiyanın "Qazprom" şirkətinin qaz təchizatını azaldacağına dair açıqlaması birjalarda qiymət artımına səbəb olub. Onu da qeyd edək ki, 2021-ci ildə 1 kub metr təbii qazın tarifi əhali üzrə Azərbaycanda yuxarı hədd 25 qəpik, Türkiyədə 36, Ukraynada87, Gürcüstanda 29, Belarusda 34 qəpikdir.

"Azərişıq" ASC-nin Enerji Satışı Departamentinin direktor müavini Vüqar Nəbibəyli hesab edir ki, qeyri-əhali sektorunda da topdan satış qiymətinin artması nəticəsində ölkədə tarif tənzimlənməsi həyata keçirilib: "Pandemiyaya görə tətbiq edilən məhdudiyyətlərin aradan qaldırılması ilə sənaye və iaşə müəssisələrinin fəaliyyətini bərpa etməsi iqtisadi aktivliyin sürətli canlanmasına səbəb olub. Bunun nəticəsində elektrik enerjisinə tələbat artıb. Odur ki, qeyri-əhali sektorunda da topdan satış qiymətinin artması nəticəsində ölkədə tarif tənzimlənməsi həyata keçirilib. Tariflərin dəyişdirilməsi ilə qaz və elektrik enerjisi istehsalı və təchizatı ilə məşğul olan təsərrüfat subyektlərinin dövlət büdcəsindən asılılığının tədricən azalması nəzərdə tutulub. Bununla da büdcə vəsaiti sosialyönümlü tədbirlərə yönləndiriləcək. Digər tərəfdən, tarif tənzimlənməsi Azərbaycanda alternativ enerji istehsalına əlverişli şərait yaradacaq. Bu sektorun inkişafı təbii qaz sərfiyyatının, qaz əsaslı enerji istehlakının azalmasına səbəb olar, iqtisadiyyatda yeni xidmət sahələri inkişaf etdikcə, daha da ucuzlaşa biləcək alternativ mənbələr yarana bilər".

Milli Məclisin deputatı Ceyhun Məmmədov  mövzunu şərh edərkən bildirib ki, bu gün Azərbaycan işğaldan azad etdiyi ərazilərdə də yeni infrastruktur layihələri həyata keçirir və burada da işıq, qaz və digər təchizat gündəmdə olan məsələlərdən biridir. Eyni zamanda bu gün işığa, qaza tələbat daha da artıb və bu tələbatın olması xərcləri daha da artırır, dövlət, aidiyyatı qurumlar bu sahələrə daha çox vəsait xərcləməli olur. O qeyd edib ki, bu baxımdan bir tərəfdən pandemiyanın olması, bir tərəfdən dünya iqtisadiyyatında baş verən tənəzzül, dünya bazarlarında baş verən hadisələr, ölkəmizdəki inkişaf bu tariflərə baxılmasını zəruri edib, çünki qeyd etdiyimiz kimi bu tariflərə baxılmasa bu qurumların fəaliyyətində müəyyən çətinliklərin yaranma ehtimalı kifayət qədər böyükdür: "Artımlar çox böyük deyil, ailələrin büdcələrinə o qədər təsir etməyəcək və nəzərə alsaq ki, cənab Prezident əhalinin müəyyən təbəqəsinin ehtiyaclarının və xərclərinin ödənilməsi ilə bağlı sərəncam imzalayıb və burada nəzərdə tutulub ki, əhalinin imkansız təbəqəsinin sosial rifahı daha da yaxşılaşdırılsın, bu insanlara dəstək olunsun, yardım olunsun. Mən hesab edirəm ki, bu da həmin vətəndaşlarımızın ehtiyaclarının ödənilməsinə, sosial rifahının yaxşılaşdırılmasına ciddi təsir göstərəcək".

PƏRVANƏ
 

 





19.10.2021    çap et  çap et