525.Az

Metropolitenin "pik saatlarında 2 dəqiqəlik interval" yalanı... - Sosial şəbəkədə yazılanlar


 

Metropolitenin "pik saatlarında 2 dəqiqəlik interval" yalanı... -<b style="color:red"> Sosial şəbəkədə yazılanlar</b>

Azər Sarıoğlu, jurnalist: 

- Metropolitendən iddia edirlər ki, guya pik saatlarında 2 dəqiqəlik interval tətbiq edilir. Metrodan mütəmadi istifadə edən adamam. Hər axşam saat 6-dan sonra, yəni pik saatlarında metro qatarlarının 4 dəqiqədən tez gəldiyini görməmişəm. Dəfələrlə olub ki, sıxlıq səbəbindən vaqona minə bilməyib ən yaxşı halda, bir qatarı ötürmüşəm ki, bəlkə qismət olsa, növbəti qatara minə biləm.

***

Əflatun Amaşov, Mətbuat Şurasının sədri:

- Qonşu İranın xəbər portallarını izləyəndə görürsən ki, hədəf yalnız bizik, yəni Azərbaycandır. Guya ki, jurnalistlərimiz azad deyillər, yuxarıdan göstəriş olmasa, heç biri müstəqil fikir söyləməyə cəsarət etmirlər.

İndi təsəvvür edək, jurnalist həbsxanada mənəvi işgəncə və kütləvi zorlama hallarından yazır, onu saxlayıb qeyd etdiyi özbaşınalıq və qanunsuzluqların baş verdiyi həmin həbsxanaya salırlar. Özünə də deyirlər ki, səni də eyni aqibət gözləyə bilər, dilini dinc saxla. Bu, uydurulmuş ssenari  deyil, İranda 26 yaşlı xanım jurnalist Sapidə Holianın başına gələn oyundur. Sözügedən həbsxana isə İranın Buşər həbsxanasıdır.
Holian özünün tviter hesabında haqqında söz açdığım mesajı yazdıqdan sonra onun Tehrandakı evinə basqın olub. Hüquq-mühafizə orqanlarının təmsilçiləri jurnalist-fəalı Buşərə aparıb, ordan isə Tehrana gətiriblər. 

Belə bir halın yaşandığını diqqətə çatdırmaqla İrandakı siyasi rejimin nə dərəcədə ciddi deqradasiyaya uğradığını görmək mümkündür. Amma təəccüblənmirəm. Bir ölkə ki, varlığını narkotrafik olmaq üzərində qurur, onunla bağlı nəyəsə təəccüblənmək doğru sayılmaz. Yalnız təəssüflənmək lazımdır. İslam dünyasında öncüllüyə iddialı, tarixi ənənələrə malik ölkənin düşdüyü durum həqiqətən utancvericidir.

Bax, budur İran həqiqətləri...

***

Pərviz Heydərov, iqtisadçı-ekspert:

- Çin Tayvanı tutmaq işində ciddiləşib. Amerika AUKUS-u yaradır. Əfqanıstan kartı oyuna qatılmağa hazırlanır. Dünya mediası yeni qlobal müharibədən yazır. İran nüvə silahı hazırlamağa yaxınlaşır və İsrail ona mane olmağa çalışır. Suriyada hərarət yenidən qalxmağa başlayıb. Avropada enerji və ərzaq böhranlarının əlamətləri görünür... Hər şey gərginliyə doğru gedir.

***

Vüsal Məmmədov, jurnalist:   

- Təki yanılım, amma dünya çox narahat görünür... Yaxın gələcəkdə ortaya yeni zibillər çıxmasa, yaxşıdır...

***

İradə Musayeva, ədəbiyyatşünas:

- Vilayət Quliyevin Ombudsman  Elmira Süleymanova ilə bağlı paylaşdığı xatirəsi mənə onun özü ilə bağlı kiçik bir fraqmenti xatırlatdı. 10 aprel 2019-cu il tarixdə Əhməd bəy Ağaoğlunun 150 illik yubileyi ilə bağlı  "Əhməd Ağaoğlu irsi və müasirlik" mövzusunda məruzə ilə çıxış etmək üçün Vilayət Quliyevi İdarəmizə dəvət etmişdim. Sözsüz ki, konfrans çox maraqlı və yadda qalan oldu. Lakin təşkilati işlər prosesində Vilayət müəllimin mənəvi-əxlaqi keyfiyyətinin bir məqamı diqqətmdən qaçmadı. Əvvəla, ilk müraciətdə çox tez və səmimi şəkildə razılaşdı (Yəni ay vaxtım yoxdur, çalışaram, görüm - filan demədən...). Rəis məruzəçinin Vilayət Quliyev olduğunu biləndə işçilərə tapşırmışdı ki, xəbər etsinlər, qonaq gələndə o da qarşılamada iştirak etsin və s. Amma Vilayət müəllim vaxtından tez və hamıdan əvvəl zalda idi. Mən zala daxil olanda alimlərlə söhbət edirdi.

Gedəndə də o şəkildə (sadə və sivil qaydada) getdi... Əslində, bu, bir dərs idi... Mahiyyətin böyük,  özünütəqdim jestin isə sadə...

Belə... Əsl alim, əsl ziyalı, dünya görmüş adamlar sadə olur...

***

Vilayət Quliyev, filologiya elmləri doktoru:

- Bəlkə də indiki gənclər bilmir - Sovet dövründə "pripiska" deyilən yalan üsulu vardı. Pripiska - istehsalla bağlı rəqəmləri şişirtmək, bu yolla da həm yaxşı işlədiyini göstərmək, həm də dövlətdən əlavə vəsait qoparmaq məqsədi daşıyırdı. İkinci Qarabağ müharibəsinin erməni tərəfdən quraşdırılan tarixi də başdan-başa pripiskadır. Deməli, iddia olunur ki, "Azərbaycanın nəzarətinə keçən ərazilərdə" 2000-dən çox erməni tarixi abidəsi qalıb (görünür, apara bilmədikləri unitazları da bura daxil ediblər). Guya onların arasında 122 kilsə, 52 qala, 13 monastır kompleksi, 523 xaçkar var. Yeri gəlmişkən, Kəlbəcərdə aşkara çıxarılan sexdə "tarixi abidə" dedikləri xaç daşının necə hazırlanıb "qədimləşdirildiyini" gördük.

Cəbrayıldakı gülünc daxmanın timsalında "tarixi abidə" dedikləri 2-3 il əvvəl qondarılan kilsənin nə demək olduğunu da gördük. Amma nə qədər fikirləşirsən, bu iki min abidənin harada olduğunu təsəvvür edə bilmirsən. Görünür, hayların yaşadıqları uçuq-sökük daxmalar başdan-başa hansısa uydurma Tiqranın, ya da Trdatın dövründən qalmış "abidələr" imiş...

Yenə "Azərbaycanın nəzarətinə keçən ərazilərdəki" 12 muzeydə qalmış 20 mindən çox eksponatın taleyindən "narahatlıq" ifadə olunur. Pah atonnan! Sən demə, hər erməni kəndi Luvr, ya da Ermitaj imiş ki! Və yəqin hər şagird dəftəri də qiymətli eksponat  sayılırmış. Xəstə təfəkkürün pripiskası da belə olur.

Ayrı necə ola bilərdi ki?

***

Nadir Yalçın, jurnalist:

- Bax oturmuşam yan otaqda, mövzu gəlib, enerji gəlib, yazıram, pozuram, yarımçıq mətnlər üzərində işləyirəm. Qonaq otağından televizor bağırır, Mətanət İsgəndərli oğlu ilə gəlninin necə ayrılmağından danışır. Səs evi götürüb. İndi mən bədbəxt oturum nə yazım, televiziya zövqə xidmət etməlidi. Nə vaxta qədər məişət söhbətləri kanalları zəbt edəcək? Serialları da belədir...

***

Bahəddin Həzi, jurnalist:

- Düz bir il qabaq - oktyabrın 17-də dostlarla Füzuliyə gedirdik. O çətin, həm də möhtəşəm günlərdə bacardığımız qədər əsgərlərimizin, camaatımızın yanında olmağa. "Füzuli şəhəri azad olundu" xəbərini yolda eşitdik. İnanılmaz qədər xoşbəxt hisslər keçirdik.

Şəhidlərimiz SAĞ OLSUNLAR! Qazilərimiz salamat olsunlar! Boynumuzda borcları var. 

"Kiçik Vətənim" Füzulinin azadlığının bir ili oldu.

Azad edildi, qaldı abad edilməsi...

***

Fərid Pərdəşünas, texnobloger:

- Bakıda olan "iPhone 13" izdihamı hər yerdə olmayıb. Sadəcə "Kontakt Home"un bir mağazasında müəyyən bir vaxt ərzində xüsusi endirim etməsi və 300 manatlıq balans hədiyyə verməsi insanların marağına səbəb olub və satış rekordu vurulub. Bundan əvvəl endirim axşamları olub və o zaman böyük insan kütləsi mağazaya daxil olmuşdu. Həmin görüntüləri də insanlar "iPhone 13" alır adı ilə paylaşırlar. Əlavə olaraq Azərbaycanda olan bütün "iPhone 13"lərin 2 saata satılıb bitməsi yalanını kim uydurub? Mağazalar və stoklar "iPhone 13" ilə doludur. 

Nəticə odur ki, kimsə 2 yalan məlumat atıb ortaya, hamı bir-birini qınayır, söyür. Hələ bir nəfər gördüm, rəylərdə yazmışdı ki, "iPhone 13" alanlar dərhal araşdırmaya götürülüb haqlarında cinayət işi açılmalıdır. Bu qədəri də yox. Bəlkə meydanlarda edam da eləsinlər? "iPhone 13"lər maddi göstərici nümunəsi deyil. Bu gün adi tələbə də 36 aylıq kreditə girib, həmin cihazı əldə edə bilir.

***

Fazil Mustafa, millət vəkili:

- Məktəbliləri Qənimət Parkına aparırlar. Uşağın birinə iki manat ödənişdir. Uşaqdan da pul soymağı qənimət bilirlər. Halbuki uşaqlara şərait yaratmaq lazımdır ki, gəlib rahatlıqla ziyarət etsinlər və müharibə haqqında təsəvvürləri formalaşsın. Vətənpərvərliyi də ödənişsiz şəkildə təbliğ edə bilmirik.

***

Qismət Rüstəmov, şair:

- Ən qəribə tezislərdən biri budur ki, televiziyada kitabı təbliğ edən verilişlər çoxalsa, oxucu da artacaq. TV-yə çoxmu baxan var? Mənim ətrafımda əksəriyyət boşuna məsrəfdir deyə TV-ni və ev telefonunu bağlatdırıb...

***

Bəhruz Həsənov, siyasətçi:

- Azərbaycanda iki zümrə var ki, İran xüsusi xidmət orqanları ora asanlıqla nüfuz edə bilir: İdmançılar və meyxanaçılar.

İdman, təbii, sağlamlıqdır, amma sağlam bədəndə sağlam ruhun olacağı mütləq həqiqət deyil, ümumiyyətlə, həqiqət deyil...

Təhsildən və təlim-tərbiyədən asılıdır daha çox.

Tatamidə uğur qazanan əksər idmançılar ya kriminal aləmin üzvünə çevrilir, ya da hansısa radikal dini cərəyanın ən yaxşı halda nüfuz agentinə...

Bəlkə də gənclər sadəcə olaraq özlərini axtarırlar və biz onlara istədikləri sosial-psixoloji mühiti təqdim edə bilmirik...

Meyxana janrı isə özlüyündə bir sənət növüdür; xalq yaradıcılığıdır, niyə də olmasın?

İntəhası, bu janrı İran iltihabından xilas etmək lazımdır.

Barmaqlarında əqiq daşlı qoşa üzüklərin bərq vurduğu meyxana ustaları öz auditoriyalarını tədricən "haqq yolu"na çəkirlər...

Nəzarətsiz qalsa, bir müddət sonra meyxananın dili fars dilinə doğru əyiləcək.

Gəlin analiz edək. Kimin auditoriyası daha genişdir, dövlət televiziyasında yayımlanan ciddi analtik bir verilişin ya "ağam, ağam..." qafiyəsi üzərində deyişən iki meyxanaçının?

Nəzərə alsaq ki, 10 milyonluq ölkəmizin ən az 5 milyonu meyxana həvəskarı, guya ki, "söz xiridarı"dır, o zaman təhlükənin miqyasını daha dərindən anlamaq mümkündür.

Çox uzun təhlillər etmək olar...

Məncə, millətçi xəttin önünü açmaq vaxtıdır.

Söhbət irqçilikdən getmir.

Tərəqqipərvər, eyni zamanda milli-mühafizəkar düşüncə tərzinin daşıyıcıları ön plana çıxmalı, cəmiyyət həyatının lokomotivinə çevrilməlidirlər.

Yoxsa, dini radikalizm xəmiri çox su aparacaq!..
 

 





19.10.2021    çap et  çap et