525.Az

“Valideyn komitələrinin fəaliyyət göstərməsi zəruridir” - Təhsil eksperti


 

“Valideyn komitələrinin fəaliyyət göstərməsi zəruridir” -<b style="color:red"> Təhsil eksperti</b>

“Bir vaxtlar kolleqial idarəetmə orqanı olan, pedaqoji kollektivə ümumtəhsil prosesinin, təhsil alanların dərsdənkənar vaxtının, sosial müdafiəsinin təşkilində köməklik göstərmək məqsədilə yaradılan ictimai xarakterli Valideyn komitələri məktəb rəhbərliyi, pedaqoji şura, ictimai təşkilatlarla, mövcud qanunvericilik çərçivəsində sıx əlaqədə işləyirdi. Məktəb Nizamnaməsi və Valideyn komitəsi barədə Əsasnaməyə uyğun olaraq öz işini qurur, uşaqların tərbiyəsində vahid tələbləri müəyyən etmək və onun səmərəliliyini artırmaq məqsədilə ailənin, məktəbin və ictimaiyyətin əlaqələrini möhkəmləndirməyə yardımçı olur. Ümumi məktəb valideyn komitəsi ilə yanaşı hər sinif valideyn komitələri də fəaliyyət göstərirdi. Təhsil Nazirliyinin müvafiq əmri ilə təsdiq edilən "Ümumtəhsil məktəbinin valideyn komitəsi barədə Əsasnamə”də Valideyn komitəsinin işinin məzmunu və vəzifələri, Valideyn Komitəsinin işinin təşkili, Valideyn Komitəsinin hüquqları və digər məsələlər öz əksini tapıb”.

Bu fikirləri 525.az-a açıqlamasında təhsil eksperti Nadir İsrafilov deyib. Ekspert bildirib ki, artıq heç kəsə sirr deyil ki, hər bir dövlətdə vətəndaş cəmiyyətinin demokratik inkişaf yoluna qədəm qoymasında təhsil əhəmiyyətlı rol oynamaqla yanaşı, həm də dövlətin təməl daşı və millətin gələcəyi kimi də xarakterizə edilir, cəmiyyətin keçəcəyi inkişaf yolu əsasən bu sahəyə münasibətin səvıyyəsindən asılı olur:

“Dünyanın bir çox inkişaf etmiş ölkələrində, sivil cəmiyyətlərdə valideynlər məktəbə könüllü olaraq, heç bir təzyiq olmadan maddi dəstək göstərir. Onlar təhsil ocaqlarında təlim-tərbiyə işinin mükəmməl şəkildə qurulmasına, maddi-texniki bazanın daha da güclənməsinə öz töhfələrini verir. Çünki onlar üçün məktəb bir məbəd hesab olunur. Düşünürlər ki, məktəb onların övladlarını yetişdirir, təhsil verir. Bu baxımdan da məktəb üçün fədakarlıq etməyə könüldən can atırlar.

Axı, bizim təhsil sahəsində toplanan ən böyük təcrübələrdən biri də məhz məktəb-ailə-cəmiyyət əməkdaşlığının səmərəli təşkili olub. Bir vaxtlar bununla bağlı xeyli sayda tədqiqat işləri aparılıb, dissertasiyalar yazılıb, "təhsil təkcə ümumdövlət işi deyil, həm də ümumxalq işidir, ümummilli məsələdir” kimi şüarlar irəli sürülüb. Ancaq, indi bir çoxları nədənsə valideyn-müəllim-şagird münasibətlərinə köhnəlmiş sovet düşüncəsi kimi baxılır. Bəlkə də, yüksək texnologiyaların insanlararası canlı ünsiyyəti üstələməsi, virtuallıq buna şərait yaradır. Adicə məktəblinin qiymətinin öyrənilməsi, məktəblərə qəbul onlayn sistemlə həyata keçir. Ona görə də valideynlə müəllim arasında müəyyən uçurum yaranıb”.

Ekspert vurğulayıb ki, "Məktəb üçbucağı”- məktəb, ailə və cəmiyyət anlayışı pedaqoji ədəbiyyatda və kütləvi mətbuatda ən çox işlənən ifadələrdən biri idi. Hamı dərk edirdi ki,bu üçbucağın bütün mexanizmləri içlək vəziyyətə gətiriləndə məktəb həyatı da saat mexanizmi kimi işləyir, təlim-tərbiyədə, şagirdlərin hərtərəfli inkişafında uğurlara və nailiyyətlərə gətirib çıxarır. Hansı tərəfdəsə ciddi çatışmazlıq olarsa, onda həm cəmiyyət, həm ailə, həm də məktəb problemlər qarşısında qalır, arzuolunmaz nəticələrə gətirib çıxarır. Axı, insanı yetişdirən, formalaşdıran ilk ocaq sayılan ailədən sonra məktəb və pedaqoji mühitdir, və burada hər şey düzgün idarəçilikdən asılıdır:

“Heç də əbəs yerə deyil ki, "Azərbaycan Respublikasında təhsilin inkişafı üzrə Dövlət Strategiyası”nda da qeyd edildiyi kimi, təhsilin keyfiyyətinin dayanıqlı yüksəlişində maraqlı tərəflərin cəlb olunmasını təmin edən səmərəli idarəetmə mühüm rol oynayır. Bu, ilk növbədə, bütün növ təhsil müəssisələrinin müstəqilliyinin artırılmasını, valideyn, şagird, tələbə və təhsil prosesinin digər iştirakçılarını geniş cəlb etməklə təhsil ocaqlarının idarə olunmasını tələb edir. Təhsil siyasətinin uğurlu həyata keçirilməsinin əsas şərtləri onun məqsədi və məzmunu haqqında aydın təsəvvürün yaradılması, ictimai dəstək qazanması və reallaşmasını təmin edən effektiv icra mexanizminin formalaşdırılmasıdır. Görünür bir ara bu vacib münasibətlərin məqsəd və məzmununu düzgün başa düşmədik, effektiv icra mexanizmini tapa bilmədik, bir çox hallarda isə bu kimi münasibətlərdə sui-istifadə hallarına yol verdik. Yoxsa nə oldu ki, bir ara birdən birə cəmiyyətimizdə məktəbə edilən maddi dəstək müzakirə mövzusu oldu, "fond pulu”, "süpürgə pulu”, "kağız pulu”, "KSQ, BSQ pulu”, "printer üçün katric pulu” və s. bu kimi yeni anlayışlar dövriyyəyə buraxıldı. "Müəllimlər günü”, "8 mart Beynəlxalq qadınlar bayramı” adı ilə pul yığımına başlanıldı” kimi yazı başlıqları manşetlərin bəzəyinə çevrildi, məktəbin korrupsiyaya bulaşması haqqında fikirlər səsləndirildı, ayrı-ayrı müəllimlərə, məktəb rəhbərlərinə qarşı ittihamlar irəli sürüldü”.

Sevinc Qarayeva

 





19.10.2021    çap et  çap et