525.Az

Qərbdən Gürcüstana xüsusi diqqət


 

Qərbdən Gürcüstana xüsusi diqqət<b style="color:red"></b>

ABŞ-ın müdafiə naziri, general Lloyd Ostin Avropa səfərinə Gürcüstandan başlayıb. Pentaqon rəhbəri Tiflisdə gürcü həmkarı Cuanşer Burçuladze ilə "Gürcüstanın müdafiəsi və çəkindirmə" təşəbbüsü haqqında anlaşma imzalayıb. Anlaşmanın imzalanmasından sonra gürcü nazir bəyan edib ki, ABŞ-la möhkəm tərəfdaşlıq Gürcüstanın sabit inkişafına, həmçinin, bölgədə sülh və təhlükəsizliyin qorunmasına imkan verir. Pentaqon rəhbəri isə öz növbəsində bildirib ki, ABŞ Gürcüstanı güclü strateji tərəfdaş kimi qiymətləndirir: "Bizim Gürcüstanın suverenliyi və ərazi bütövlüyünə dəstəyimiz dəyişməz olaraq qalır. Biz Gürcüstanın müdafiə sektorunda institusional islahatları dəstəkləyəcəyik, NATO ilə əməkdaşlıq potensialını gücləndirəcəyik və qarşılıqlı fəaliyyətini təşviq edəcəyik".

ABŞ müdafiə nazirinin Cənubi Qafqaz ölkələrindən yalnız Gürcüstana səfər etməsi, gürcü rəsmiləri ilə müqavilə imzalaması Vaşinqtonun Tiflislə münasibətlərə verdiyi önəmi göstərir. 

General Lloyd Ostinin Tiflisə səfəri Qərbin Gürcüstana xüsusi diqqətinin yeganə göstəricisi deyil. ABŞ müdafiə nazirinin ardınca NATO Baş katibinin xarici işlər və təhlükəsizlik siyasəti üzrə köməkçisinin müavini, Qafqaz və Mərkəzi Asiya üzrə xüsusi nümayəndəsi Xavyer Kolomina da Gürcüstana səfər edib. Heç şübhəsiz, bu səfər NATO ilə Gürcüstan arasındakı münasibətlərdə inkişafa səbəb olacaq, Tiflisin Şimali Atlantika Alyansına üzvlük yolunda yol xəritəsinin növbəti addımının atılmasına imkan verəcək. Pentaqon rəhbərinin dediyi kimi, Gürcüstan NATO-ya inteqrasiya yolunda hərbi sahədə islahatlarda irəliləyişlərini davam etdirir.

ABŞ və NATO-nun fəallaşması təsadüfi deyil. İkinci Qarabağ müharibəsindən sonra Cənubi Qafqazda geosiyasi vəziyyət çox kəskin dəyişib. Qərbin Cənubi Qafqazda əsas rəqibi Rusiya uzun illik məsafədən sonra bölgədə mövqelərini gücləndirib. Türkiyənin bölgədə təmsilçiliyi artıb. İran itirilmiş mövqeyini geri almağa çalışır. Hətta Pakistan və Hindistan da bölgədə təmsil olunmağa can atırlar. Belə bir vəziyyətdə ABŞ-ın proseslərə müşahidəçi qalacağı inandırıcı deyildi. Ona görə də Vaşinqton Tiflisə özünün ən "ağır toplarından" birini - müdafiə nazirini göndərdi. General Lloyd Ostin Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın təklif etdiyi, Rusiya və Azərbaycanın dəstəklədiyi altılıq platformasının əleyhinə də çıxış edib. ABŞ müdafiə naziri bəyan edib ki, Rusiya hər hansı yeni platforma haqqında danışmazdan əvvəl 2008-ci il atəşkəs razılaşmasının öhdəliklərinə riayət etsə, daha yaxşı olar. Bununla da faktiki olaraq Vaşinqton Gürcüstanın altılıq platformasında təmsilçiliyinin əleyhinə olduğunu ifadə edib. Gürcüstanın iştirakı olmadan isə bu platformanın effektli fəaliyyəti olmayacaq. Ümumiyyətlə, Gürcüstan olmadan Cənubi Qafqazda effektli əməkdaşlıq platformaları yaratmaq mümkün deyil. Bunları çox aydın bilən ABŞ Gürcüstanı təsir dairəsində saxlamaqla bölgədə geosiyasi vəziyyəti istənilən an dəyişmək imkanların özündə saxlayır. 

 





21.10.2021    çap et  çap et