525.Az

Ermənistan dilemma qarşısında - Telman Orucov yazır...


 

Ermənistan dilemma qarşısında  -<b style="color:red"> Telman Orucov yazır...</b>

2020-ci ilin payızında Azərbaycanın apardığı 44 günlük ədalətli müharibə qəti qələbə ilə, düşmən qiyafəsi ilə öyünən Ermənistanın acınacaqlı məğlubiyyəti ilə nəticələndi. Azərbaycan üç onillik ərzində işğal altında olan ərazilərini azad etdi, darmadağın edilmiş Ermənistan ordusunun qalıqlarını ölkədən qovub çıxardı.

Bir az əvvəl hədələrlə çıxış edən Ermənistan rəhbərliyi və hərbi xadimləri daha ağır faciə ilə üzləşməmək üçün silahlı toqquşmanı dayandırmaq təvəqqesi ilə yalvarmağa başladı. Rusiya müharibə ərzində müdaxilə etməsə də, hərbi münaqişəni dayandırmağa cəhd etdi və Azərbaycan Prezidentini əsas vəzifənin həlli qane etdiyindən, onun razılığı ilə buna nail oldu. Üçtərəfli bəyanat Ermənistan üçün nə qədər ağır olsa da, ədalətli idi. Erməni siyasətçiləri bunu az qala "Karfagen sülhü" hesab edirdilər. Rusiyanın isə vasitəçi rolunun qazancı öz məhdud saydakı hərbçilərini təmas xəttində sülhməramlı qüvvələr adı altında yerləşdirməsi oldu. 

Azərbaycan üçün bu qələbə onun tarixində parlaq bir səhifəyə çevrildi, çünki yadelli düşmən üzərində həlledici qələbə qazanılmışdı. Məşhur amerikan siyasətçisi Con Kennedi demişkən, "Böyük böhranlar böyük insanlar və böyük igidlik işləri əmələ gətirir". Azərbaycan da xeyli ərazisini itirmək kimi ağır milli böhranla üzləşmişdi. Xoşbəxtlikdən bu ləkəni millətin üstündən silmək üçün böyük və igid insanlar meydana gəldi və onların cəsarətli xidmətləri ilə həmin böhran şərəfli işlərlə yekunlaşdı.

Ermənistan isə öz növbəsində ağır məğlubiyyətə düçar oldu, yeni, ağlına gətirmədiyi kataklizmlə üz-üzə gəldi və bu xalq öz faciəsindən hökmən ibrət dərsi götürməlidir. Çünki ianə ilə dolanan bir ölkəyə olduqca nəhəng hərbi və iqtisadi ziyan dəymişdir. Çox sayda hərbi texnika və canlı qüvvə itirilmişdir. Vaxtilə qürrələndikləri ordu başıpozuqluq nümunəsi olan bandalara çevrilmiş, döyüşçülərin cəbhədən kütləvi surətdə qaçması adi hal almışdı. Həm də Ermənistan dövləti hərbi, iqtisadi və sosial cəhətdən iflasa uğradı, bu, ona müharibə cığırından birdəfəlik uzaqlaşmağı təlqin edir. Lakin erməni ziyalılarında millətçilik dözülməz həddə çatdığından onlar bu köhnə ideya silahından imtina etmək istəmirlər, azərbaycanlılara, birinci növbədə isə bizim dövlət rəhbərinə yorulmadan böhtanlar yağdırırlar.

Ermənistanda yenə də revanşizm çağırışları eşidilməkdədir, ağır zərbədən kontuziya olanlar qisas almaq harayı qaldırmaqda davam edirlər. Onlar üçtərəfli bəyanatın müddəalarının təftişinə də girişirlər. Naxçıvanı blokadada saxlamaq naminə, onu Azərbaycanın böyük ərazisi ilə birləşdirən nəqliyyat dəhlizinin açılmasına mane olmaq istəyirlər. Bu məsələ isə xatırlanan bəyanatda öz əksini tapmışdır, üç ölkə rəhbərinin imza atdığı bu sənədin ruhuna və hərfinə hansısa bir düzəlişin edilməsi yolverilməzdir, çünki o, beynəlxalq müqavilə hüququna malikdir. Məlum həqiqətdir ki, hissədən imtina tamın da bütövlüyünü pozur, imzalanmış sənədi hörmətdən salır.

Qatı erməni millətçiləri özlərinin bədnam revanşizm operasından müxtəlif ariyaları ifa etməyi şərəfli bir iş sayırlar. Onlar azərbaycanlılara və türklərə qarşı düşmənçilik hissləri yaymaqdan uzaqlaşa bilmirlər. Erməni soyadını daşıyan ideoloqlar nadan millətçilik dəyirmanına su tökmək üçün dəridən-qabıqdan çıxırlar. Onlar öz millətini sərsəm ideyalar süfrəsində qonaq etməkdən həzz alırlar. RT ("Russia today" - "Rusiya bugün") beynəlxalq televiziyasının baş redaktoru Marqarita Simonyan Qars müqaviləsinin 100 illiyi ilə əlaqədar Rusiyaya Türkiyənin suveren ərazisi olan Qarsı və Araratı azad etməyi təklif edir, yəqin ki, aydınlıq gətirməsə də, bu yolla guya həmin ərazilərin Ermənistana birləşdiriləcəyini düşünür. Elə bil ki, Türkiyə öz torpaqlarını şahmat fiquru kimi qurban verməyə hazırdır. Bu vaxt çex din islahatçısı, Praqa universitetinin professoru Yan Husun məşhur "O sansta simplicitas!" - "Ey müqəddəs sadəlövhlük!" sözləri yada düşür. 1415-ci ildə dini şura tərəfindən katolik kilsəsini tənqid etdiyinə görə edam cəzasına məhkum edilmiş Hus Konstansada (indiki Rumıniyadakı şəhər) tonqalda yandırılarkən, bir beli bükülmüş qoca qadının əlində gətirdiyi çırpını alova atdığını gördükdə, təəccüblənib, bu sözləri demişdi. Həmin qadın "kafirin" tonqalda yandırılmasında iştirakını gözə çarpdırmaq istəyirdi. Jurnalist qız isə primitiv düşüncə tərzindən və xəstə təxəyyülündən yaranan sadəlövhlüyü ilə, yalnız millətçilik əsgəri olduğunu göstərmək üçün məsuliyyətsizcəsinə yeni müharibənin alovlanmasına çağırır. Türkiyə yeddi əsrlik tarixi olan dövlət olsa da, heç də qoca şirə bənzəmir, onu zəif hesab etməyin özü bağışlanmaz naşılıqdır. Türkdilli xalqların mayakı olan Türkiyə Respublikası yenə də öz hərbi qüdrəti ilə seçilir, onunla belə "zarafat etmək" də çox təhlükəlidir. Sərsəm təkliflərlə çıxış edənlər həm də unutmamalıdırlar ki, indiyədək ermənilərin millətçilik ağacı bu xalqa yalnız göz yaşları bəhrəsi vermişdir, onu becərənlər bunu nəzərdən qaçırmamalıdırlar.

Bu da bir həqiqətdir ki, ədalətsiz, işğal məqsədi güdən müharibə artıq yeni müharibənin başlanması və adətən işğalçının məğlub edilməsi ilə nəticələnir. Ədalətli müharibə öz haqqının müdafiəsinə qalxan xalqın qələbəsi ilə, sülhlə başa çatır və işğalçını əvvəlki iddialarından əl çəkməyə məcbur edir. Buna tarixdən çox sayda misallar gətirmək olar.

XIV-XV əsrlərdə (1337-1453-cü illər) gedən müharibənin ilk fazasında ingilislər Fransanın böyük ərazisini işğal etmişdilər, bir kəndli qızının şücaəti hesabına fransızlar son fazada igidliklə vuruşub, işğalçını materikdən qovdular. Yeddiillik müharibədə (1756-1763-cü illər) ingilislər Amerikada və digər hərb meydanlarında qalib gəlib, Fransadan Kanadanı və Şərqi Luisiananı, Hindistandakı mülkiyyətlərini aldı. Almaniya kayzeri II Vilhelmin təhriki ilə I Dünya müharibəsi başlandı, almanlar slavyan ölkələri, Fransa və Böyük Britaniya ilə vuruşdu. 1917-ci ildə ABŞ-ın Antanta ("Ürək razılaşması") tərəfində müharibəyə qoşulması ilə vəziyyət axırıncının xeyrinə dəyişdi. Ağır məğlubiyyət qorxusu altında almanlar sülh bağlamağı təklif etdilər, 11 noyabr 1918-ci ildə müharibə başa çatdı. Qitədəki böyük bədbəxt hadisənin təşəbbüskarı olan kayzer II Vilhelm taxt-tacdan getdi. O, doğma nənəsi kraliça Viktoriyanın oğul nəvəsi V Corcun kral olduğu Böyük Britaniyanı diz çökdürmək istəyirdi, bunu edə bilmədi və özü Hollandiyaya sürgünə yollandı. 

Hitler Almaniyanı böhrandan çıxarmaqla yanaşı, güclü hərb maşını yaratmağa səy göstərdi və əsasən buna nail oldu. II Dünya müharibəsi Almaniyanın Polşaya hücumu ilə başlandı. Yeddi ay ərzində "qəribə müharibə" adlanan sakitlik dövrü baş verdi. Sonrakı iki ay ərzində almanlar şimal qonşuluğundakı bir neçə dövləti işğal etməklə, Fransanı da məğlub etdi. Bir il sonra isə SSRİ-yə hücum etdi.Vaxtilə Napoleon da Rusiyaya ov quşu kimi baxırdı, lakin nəhəng ordusunu itirməklə, işğal etmək istədiyi ölkədən qaçıb canını qurtardı və gələcək acı məğlubiyyətlərinin və öz məhvinin bünövrəsini qoydu. Hitler də məşhur sələfi kimi Rusiyanın qədim paytaxtını zəbt etmək istəyirdi və şəhərin astanasında idi. Lakin elə oradaca ilk ağır zərbə aldı və müharibə onun öz paytaxtının tutulması, Almaniyanın qeyd-şərtsiz təslim olması ilə başa çatdı.

Yaponlar məhdud iqtisadi imkanları olmasına baxmayaraq, Koreyanın, Mancuriyanın, sonra isə Çinin daha böyük ərazisinin işğalından ruhlanıb, bütöv Asiya qitəsində hökmran olmaq istəyirdi. 1941-ci ilin dekabrında ABŞ-ın Pyorl-Harbor hərbi bazasına hava hücumu edib, onu darmadağın etdi. Yeddi aydan sonra ABŞ hərbi-hava qüvvələri Miduey atollu yanındakı dəniz və hava döyüşündə onun dörd təyyarə daşıyan gəmisini məhv edib, bu mühüm döyüşü uddu. Tədricən Yaponiya dəniz hərbi teatr səhnəsində qazandığı ağalığını itirdi, hava qüvvələri də amerikanlara uduzurdu. Lakin yapon əsgərləri fanatikcəsinə vuruşurdu. Bir yapon döyüşçünün məhvi amerikanlara on dəfədən çox baha başa gəlirdi. ABŞ 1945-ci ilin avqustunda Yaponiyanın iki şəhərinə atom bombası atıb, on minlərlə dinc insanın ölümünə və həmin iri yaşayış məntəqələrinin viran qoyulmasına səbəb oldu. Yapon monarxının ilahi mənşəyi ilə öyünən mikado Hirohito çoxillik lallığına son qoyub, 14 avqustda radio ilə çıxış edib, Yaponiyanı və yapon xalqını məhv olmaqdan xilas etmək üçün qeyd-şərtsiz təslim olmaqla razılaşmaq lüzumunu qeyd etdi. II Dünya müharibəsi Hitler nasizminin və yapon militarizminin acı məğlubiyyəti ilə başa çatdı. Almaniyadan fərqli olaraq Yaponiya öz tarixində ilk dəfə olaraq, bilavasitə təqsirinin cavabı kimi yadelli düşmənə məğlub olmuşdu.

Ermənistanı həmin dövlətlərlə müqayisə etmək pişiyi öz cinsindən olan pələngə oxşatmağa bənzəyir. Lakin o da bir müddət öz işğal siyasətindən "ilham" almışdı. Yeni Baş nazir Paşinyan müharibə caniləri olan öz sələfləri Ter-Petrosyanı, Koçaryanı, Sarqsyanı yamsılamaq üçün Şuşadakı Cıdır düzündə yallı gedirdi. İşğal narkotikinin təsiri onu da havalandırmışdı. Az sonra, 8 noyabr 2020-ci ildə Azərbaycan Ordusu qəhrəmanlıqla Şuşanı azad edəndə, o, erməni ordusunun məhv olunmaq təhlükəsini hiss edib, barışıq müqaviləsi bağlamaq barədə yalvarmağa başladı. Açıq havadakı rəqs onun bunkerdə gizlənməsilə əvəz olundu. 

Ermənistan hökuməti qonşu xalqlara qarşı düşmənçiliyə son qoymalı, birinci növbədə öz təhlükəsizliyi naminə tam əks xarakter daşıyan siyasətə keçməlidir. Yeni müharibə Ermənistanın düşdüyü girdabı dərinləşdirə, oradan çıxmaq variantını qeyri-mümkün edə bilər. Kiməsə arxalanıb özünü cəngavər hesab etmək ağılsızlıqdır. Güvəndiyin arxandan qaçdıqda, sən köməksiz bir səfilə çevrilə bilərsən, axı bunu acı təcrübəndə görmüsən. Yetimin hami dayısı kömək edə bilmədiyini uzaq məsafədə olması ilə izah edib, sadəlövh fağırı aldatmaq üsulundan istifadə etməyə üstünlük verir, çünki köməyə tələssəydi, özünə problem yarada bilərdi. Qatı millətçilər isə Allahın da onlara kömək edəcəyini vəd etdikləri halda, yalanları ilə daim öz xalqına yalnız bədbəxtliklər ərməğanı bəxş edirlər.

Ermənistan üçün əsl mövcudluq və arzulanan inkişaf şərti yalnız onun militarizmdən və əsassız iddalardan əl çəkib, ən doğru üsul kimi birdəfəlik öz neytrallığını elan etməsidir. Axı Almaniya və Yaponiya böyük iqtisadi qüdrətə yiyələndikdən sonra da keçmişdəki səhvlərini məhkum etməkdən uzaqlaşmadılar, cinayətkar ideya kimi nasizmi, yaponlar isə müvafiq olaraq militarizmi lənətləməkdə davam etdilər. Ermənilər sayca kiçik xalqdılar, ölkə də varlılığı ilə öyünə bilməz, ona görə də hədsiz ambisiyalarını cilovlamağı bacarmalıdır. "Böyük Ermənistan" xülyası tarixin zibilliyinə atılmalı, nə qədər gec deyil, yaddaş məkanını birdəfəlik tərk etməlidir. Başabəla erməni ideoloqları uydurmalarına son qoyub, milli nartsizmlə, keçmişinə bəslədiyi hiper-vurğunluqla vidalaşıb, həm də başqa xalqlara məxsus tarixi təcrübədən çox şey götürə bilərlər. 

Avropanın ən sakit və əhalisinin nisbətən firavan yaşadığı İsveçrəni hamı neytral dövlət kimi tanıyır. 1499-cu ildə Müqəddəs Roma İmperiyasından ayrıldıqdan sonra o, müstəqil konfederasiyaya çevrilmişdi. Gənc dövlət olmasına baxmayaraq, Şimali İtaliyanın işlərinə qarışmağa can atırdı, bu isə qüdrətli dövlət kimi Fransanın xoşuna gəlmirdi və onu intizama dəvət etmək lazım gəldi. Amansız reallıq onu öz qüvvəsinə və imkanlarına ayıq gözlə baxmağa məcbur etdi. İsveçrə əvvəlki illərdə geosiyasi maraqlarına görə Venetsiya, Araqon və İngiltərə ilə ittifaqa girmişdi, bu alyansın başlıca məqsədi Fransa kralı XII Luiyə qarşı durmaq idi. 1512-ci ildə həmin Müqəddəs Liqa fransız qoşunları tərəfindən ağır məğlubiyyətə uğrasa da, elə həmin ili isveçrəlilər fransızları Şimali İtaliyadan çıxara bildilər. Lakin bu, İsveçrəyə baha başa gəldi. 1515-ci ildəki Marinyano yaxınlığındakı döyüşdə Fransa kralı I Fransisk Milan hersoqunun muzdlu qüvvələri kimi vuruşan isveçrəliləri məğlub etdi və Milana yenidən sahib oldu. Fransız ordusu da alman muzdlularından istifadə etmişdi və meydana gələn məğlubiyyət İsveçrənin məğlubedilməz döyüşçülərə malik olduğu barədəki yenicə formalaşmış rəyi bir andaca yoxa çıxardı. İsveçrə əvvəlki iddialarından bütünlüklə geri çəkilməyə məcbur oldu. 1516-cı ildə "əbədi sülh" meydana gəldi, bu müqaviləyə görə, İsveçrə İtaliyanın işlərinə qarışmaqdan imtina etdi. Sonralar qəbul edilən bir neçə rəsmi sənəd də dövlətin neytrallığını bütünlüklə təsdiq etdi. Onu da qeyd etmək lazımdır ki, İtaliya həmin vaxt yalnız coğrafi məfhum idi, onun birləşib mərkəzləşmiş dövlət olmasını Almaniya kimi üç əsr yarıma bərabər olan bir müddətdə gözləmək lazım gəldi.

İsveçrə XVI əsrdə məcburiyyət qarşısında meydana gələn neytrallığına daim sədaqətli olaraq qalır, hətta XX əsrdə getmiş iki Dünya müharibəsi ərzində də özünə məxsusluğu ilə seçilən təəhhüdlərinə əməl etmişdir. Bu dövlət heç də öz xoşu ilə deyil, ağır məğlubiyyətə düçar olduğuna görə xarici siyasətdə neytrallıq adlanan birgəyaşayış qaydasını seçməyə məcbur olmuşdu. Ermənistan da 2020-ci ildə oxşar ağır taleyi yaşamalı oldu. Ona görə də qonşuları ilə normal münasibət qurmaq üçün əvvəlki iyrənc iddialarından əl çəkib, onlarla qarşılıqlı faydalı iqtisadi əməkdaşlığa keçməlidir. Başqa alternativ yoxdur, revanşizm xülyaları baş tutsa, onu daha dərin uçuruma aparacaq və oradan artıq çıxa bilməyəcəkdir. Neytrallıq dövlətin xarici siyasətini büdrəmələrdən, səhvlərdən qoruyacaqdır, hökumətin rəhbərliyinə təsadüfən gələn birisinin şəxsi özbaşınalığından asılı olmayaraq, dövlət siyasətinin elan olunmuş imperativini qüvvədə saxlayacaq, onun dəyişdirilməsi imkanını sıfıra endirəcəkdir. Bu siyasət öz toxunulmazlığına təminat verməklə, dövləti ağılsız addımlar atmaqdan çəkindirəcəkdir. Özünə qarşı təhlükə kabusundan qorxu da yoxa çıxacaqdır.

Neytrallıq siyasətinin, onu seçən dövlət üçün mühüm əhəmiyyətlərdən biri onun ağır hərbi xərclərdən azad olması, iri ordu saxlamağa ehtiyac duymamasıdır. Axı müasir müharibə ən yeni, təkmilləşmiş silah və digər döyüş vasitələri tələb edir. Kasıb dövlətin onları almağa gücü çatmır, fiziki və mənəvi cəhətdən aşınmağa məruz qalmış silah isə fayda vermir, metal qırıntısı təsəvvürü yaradır.

Vaxtilə müdafiə üçün qalın divarlar tikilir, Avropada çox sayda qəsrlər inşa edilirdi. Topların icadı ilə nəhəng divar nə Konstatinopolu müdafiə edə bildi, nə də qəsrlər mühafizə funksiyasını yerinə yetirə bildi. Qarabağda qurduqları müdafiə istehkamları da ermənilərin xeyrinə gəlmədi. Son müharibədə Azərbaycan əsgərinin igidliyinə pilotsuz uçuş aparatları və digər vasitələr əlavə olunduqda erməni ordusu xilasını qaçmaqda gördü. 
Neytrallığı qəbul edən dövlət könüllü olaraq öz iddialarını da unutmalı olur. Çünki bu siyasət onun üçün həm də mühafizə sipəri rolunu oynayır. Neytrallıq əvvəllər azğınlıq yoluna düşənlər üçün əsl sığınacaqdır, onlar bu qılafı yırtıb çıxmağa bir daha cəsarət etmirlər. 

Ermənistan indi həyati əhəmiyyət kəsb edən dilemma qarşısındadır - ya əvvəlki səhvlərinin təkrarı kimi militarizmə meyl etməli, ya da sülhsevər xətt götürüb, ən sərfəli variant kimi neytrallığı seçməlidir. Bu seçim qonşu dövlətlərin də Ermənistan barədəki şübhələrinə son qoymaqla, əslində, regionda təhlükəsizliyin rəhni ola bilər.

Ermənistan bugünkü reallığı və gələcəyini nəzərə alaraq düzgün yol seçməlidir. Onun neytrallığı, dinc yanaşı yaşamaq prinsipinə əməl etməsi hamıdan çox onun özünə lazımdır. Millətçilik virusu ilə sirayətlənmiş xalqını sağaltmağa cəhd etsə, onun gələcəyinə elementar qayğı göstərsə, neytrallıq dövlətin düz yola çıxması üçün sadəcə bir vasitə deyil, onu bəlalardan xilas edən panatseya rolunu oynayacaqdır. Seçim ölkənin rəhbərliyindən asılıdır, həm də bu, müəyyən cəsarət və iradə tələb edir. Digər ağılsız yol hökmən fəlakətə aparacaqdır.

Müharibə başa çatsa da, otuz il davam edən vəhşiliklərin qalıqları və timsalı olmayan vandalizmin dəhşətli yaraları qalmaqdadır. Vaxtilə işğal edilmiş ərazilərdə normal yaşayış şəraitinin bərpası üçün nəhəng məbləğdə vəsait tələb olunur. Ona görə də Ermənistan ağır təzminatın ödənilməsi üzərində ciddi düşünməlidir. Bu, məsələnin maddi tərəfidir. Mənəvi  cəhətə gəldikdə, ermənilər törətdikləri insanlığa yad olan əməllərinə görə tövbə etməlidirlər. İisus Xristos öz ardıcıllarına deyirdi: "Tövbə edin, mən arzu edirəm ki, mənə inanc gətirənlərin bütün həyatı tövbə olsun". Bir xristian kimi ermənilər İisusun bu qiymətli vəsiyyətinə əməl etməyi unutmamalıdırlar, tövbələri həm də onların sağlam düşüncə tərzinə keçmək cəhdi olduğunu göstərməklə, layiq olduqları cəzaya çatdırılmalarının da tam haqlı olduğunu anlamalarına xidmət edəcəkdir.  

16.10.2021  
 

 





20.10.2021    çap et  çap et