525.Az

Mən səni sevirəm, Vətən!.. - Xosrov Natil yazır


 

Mən səni sevirəm, Vətən!.. -<b style="color:red"> Xosrov Natil yazır</b>

Xosrov Natil

20 oktyabr Zəngilan şəhərinin işğaldan azad olunduğu gündür...

Təqvimin mübarək, Vətən! Bu sözləri söyləmək üçün 60 ildən çox yaşamalıydım, əslində, sən mənim olmayanda da sevdim səni, 27 il həsrətini çəkdim, hər gün səni sevdim və elə hər gün də unutdum, başımı iş-güclə, vərdişlə qatdım, tez-tez özümü ovutdum, güldüm, qəhərləndim, amma özümü boğdum ki, sənə çatım, sənə yetim, sarılam sənə və ... səndə dəfn olunum, bir qarış torpağın olum.

Atam-babam burda doğuldu, mən də elə burada - Zəngilanda, Üdgün obasında dünyaya gəldim. Doğulduğu torpaqda  dəfn olunmaq yaradanın bir lütfümü, ilahi?! 

Yerində yerin dururmu, de görüm? 
Göyündə göyün dururmu, de görüm? 
Sonunda neçə ildi -
gecəli-gündüzlü
ulduz sayı, 
ay sayı, 
Günəş sayı yaşadım, Vətən.
Yaşadım, özgə kimi yaşadım - 
qürbət kimi,
qərib ölkə kimi yaşadım, Vətən.

Nə yaxşı ki, Tanrı bu şansı mənə çox görmədi. Sənə yetişməyimə bəlkə də günlər qalıb, Vətən.  

... İndi payızdır, yəqin indi köçəri quşlar da uçub gedib, yəqin indi oturaq boz sərçələrin çinədanı boş qalıb.

İndi Narlı dərənin susuzluqdan çatlamış od rəngli turş dənələrini dişimə sıxmaq istərdim.

Kəklikotunun dili ağzında yandı, yəqin.

Yəqin indi dağ nanəsinin tikan-dırnaqları öz ətinə-bətninə batır.

Yəqin qaratikan kolları ağ-qara şəkil kimi çöllərə səpələnib.

Yəqin yollar əynini dəyişməyə hələ vaxt tapmıyıb.

Kirəmit damlı evlərin ayıbı örtülməyib yəqin - yəqin navalçaları çoxdandı su başına çıxmır. 

Yəqin yadigar yazılan yazıları oxunmur məzarlığın. 

Mən səni sevirəm, Vətən!..

***

Mən bir Dağdağan ağacıyam, Vətən!

Kəndimizdə Qocam ölən çinarın üst tərəfində, böyük bir yarğanın qaşında, qayaların arasında dağdağan ağacı vardı, onun meyvəsinə də, budağına da su salmazdıq. Amma qarda,  yağışda soyuqdan, istidən daldalanmaq üçün onun köksünə sığınardıq, onun bitdiyi oyuq mağara bizi ildırımdan, tufandan qoruyardı.    

Bu şəhərdə onu çoxları heç tanımazlar, sevməzlər. Dağdağan dağlıq bölgələrdə bitir, quraq yerlərdə də uzun müddət susuz yaşaya bilir, bəd nəzərdən, yaman gözdən adamı qoruyur. Gözqaytaran bitkidir. Onu tez-tez qırırlar, düyünlər  bağlayırlar. Kölgəsi qalın, dibi sərin olur. Payız vaxtı üstü nazik qabıqla örtülü, kiçik, amma çox dadlı meyvələri yetişir. Əsl yeməli vaxtıdır yəqin.

Mən bir dağdağan ağacıyam, Vətən! Mənim meyvələrim mənim yazılarımdır. Adına yazdığım yazıları sənə təslim etməyə gec qaldım, Vətən!.. 
Mən bu yazıları məcburi köçkün həyatı yaşadığım başkənddə yazdım. 27 il o kənddən, o qəsəbədən uzaqda - bircə dəfə ürəyim çəkiləndə görmək istədiyim, nə acı ki, burnumun ucu göynəyəndə görə bilmədiyim doğma yurddan uzaqda yazdım. İndi bu yazılarımı dağarcığıma yığıb, doğulduğum kəndə aparmaq istəyirəm. 

Mən bu yazıları gözünü qırpmadan könlünü halal işin altına verməyə can çəkməyənlər üçün yazdım, sadə və sadədil torpaq adamları üçün, Kərbəlayı Kərimxanın nəticələri, kötücələri üçün, Qara Məmməd üçün, Həmid üçün, Ağabəyoğulları üçün, Səfqulu üçün, Muzdur Paşanın, Palançı İbişin, Molla Əzizin, Keçəl Hüseynin... nəvə-nəticələri üçün yazdım.   

Və Allaha qurban olum ki,  O, mənə arzuolunmaz yollardan uzaq durmağıma yardımçı oldu.   

Mən səni sevirəm, Vətən!.. 

 

 





20.10.2021    çap et  çap et