525.Az

Bolqarıstanda Azərbaycanla bağlı sərgi təşkil edilib


 

Bolqarıstanda Azərbaycanla bağlı sərgi təşkil edilib<b style="color:red"></b>

Şanlı Zəfərimizin 1-ci ildönümü ərəfəsində və Azərbaycan Respublikasının Dövlət Müstəqilliyinin bərpasının 30-cu ildönümü ilə əlaqədar 18 oktyabrda Bolqarıstanın paytaxtı Sofiya şəhərindəki səfirliyimizin təşkilatçılığı ilə "Azərbaycan Respublikası: çoxmədəniyyətliliyin gözəl diyarı" başlığı ilə sərgi təşkil olunub. 

Sərginin açılışında Bolqarıstanın dövlət qurumları və Bolqarıstanda akkreditə olunmuş diplomatik korpusun nümayəndələri, həmçinin, Azərbaycan diasporunun üzvləri və KİV nümayəndələri iştirak ediblər.

Azərbaycanın Bolqarıstandakı səfiri Hüseyn Hüseynov dövlət istiqlaliyyətini 1991-ci ildə bərpa etmiş Azərbaycan Respublikasının müstəqilliyin ilk dövründən milli təhlükəsizliyinə ciddi təhdid və çağırışlarla üzləşdiyini və onların sırasında ən başlıcasının qonşu Ermənistanın hərbi təcavüzü və bunun nəticəsində Azərbaycanın 20 faiz ərazisinin işğal etməsi olduğunu vurğulayıb. Daxili siyasi sabitliyin təmin edilməsi, uğurlu xarici siyasət və bütün sahələrdə genişmiqyaslı islahatların aparılması sayəsində dövlətçiliyin əsasları tədricən möhkəmlənib, ordu güclənib və iqtisadiyyat sürətlə inkişaf edib. Səfir Azərbaycanın 30 ilə yaxın davam edən işğaldan sonra 2020-ci ildə ərazi bütövlüyünü bərpa etdiyini və noyabrın 8-də Zəfər Gününün 1-ci ildönümünün qeyd olunacağını xüsusi vurğulayıb. 

Səfir H.Hüseynov bildirib ki, ərazi bütövlüyünü bərpa etmiş ölkəmizdə multikultural cəmiyyətin inkişafı kursu davam etdirilir və Azərbaycan bütün dünyaya göstərir ki, müsəlmanlar, xristianlar və yəhudilər çoxmədəniyyətlilik damı altında çiyin-çiyinə birgə yaşaya, döyüşə və vahid Vətən - Azərbaycan uğrunda canlarından keçə bilərlər.

Sərginin Azərbaycanın qədim tarixi və zəngin mədəniyyətini nümayiş etdirdiyini diqqətə çatdıran səfir, ölkəmizdə müxtəlif etnik qrupların və dini təriqətlərin sülh və əmin-amanlıq şəraitində birgə yaşadığını, tolerant və multikultural mühitin formalaşdırıldığını bildirib.   

Bir neçə həftə ərzində Sofiya şəhərinin mərkəzində nümayiş etdiriləcək sərgidə Azərbaycan təbiətinin füsunkar gözəllikləri, qədim və əsrarəngiz adət-ənənələri, həmçinin, mədəni müxtəlifliyinin əks olunması ilə yanaşı, ölkəmizin müasir memarlığı və tarixi abidələri də yüksək səviyyədə nümayiş olunur. Sərgi şəhər sakinləri və qonaqlar tərəfindən böyük maraqla qarşılanıb.

 





20.10.2021    çap et  çap et