Azərbaycanda Atatürk Mərkəzində ulu öndər Heydər Əliyevin anadan olmasının 91-ci ildönümünə həsr edilmiş "Xalqa bəxş edilmiş ömür" mövzusunda elmi-nəzəri konfrans keçirilib.
"Mərhəmət elçisi" jurnalının baş redaktoru Şakir Əhmədli Bakı Şəhər Mədəniyyət və Turizm İdarəsinin Nəsimi rayonundakı X.R.Ulutürk adına kütləvi kitabxanasının və rəhbərlik etdiyi nəşrin birgə təşkilatçılığı ilə keçirilən konfransın əhəmiyyətindən danışıb.
Konfransda yazıçı-publisist, əməkdar jurnalist Aqşin Babayev "Heydər Əliyevin dil siyasəti və Azərbaycan jurnalistikasının inkişafına qayğısı" mövzusunda məruzə ilə çıxış edib. Ümummilli Liderin "Xalq öz ziyalıları, öz mədəniyyəti, öz elmi ilə tanınır" kəlamını xatırladan natiq bu böyük şəxsiyyətin jurnalistlərə, dilimizə, mədəniyyətimizə göstərdiyi diqqət və qayğıdan söhbət açıb.
Elmi-nəzəri konfransda "Müstəqil Azərbaycanın inkişafı və dünyada tanıdılması" mövzusunda məruzə ilə çıxış edən fəlsəfə üzrə elmlər doktoru Əsədulla Qurbanov qeyd edib. Ulu Öndər tariximizin, dilimizin, mədəniyyətimizin qorunması, Azərbaycan iqtisadiyyatının gücləndirilməsi məqsədi ilə qətiyyətli siyasi addımlar atıb. XX əsrin sonlarında, mürəkkəb və taleyüklü tarixi bir dövrdə dövlətə və xalqa rəhbərliyi öz üzərinə götürmüş ulu öndər Heydər Əliyev Azərbaycanı siyasi anarxiya, vətəndaş müharibəsi, parçalanma, tamamilə yer üzərindən silinmə kimi bəlalardan xilas edərək dövlət müstəqilliyinin, milli dirçəlişin, sülh və tərəqqinin əsas təşkilatçısına çevrilib.
Xalq artisti, bəstəkar Nəriman Əliyev "Heydər Əliyevin mədəniyyətə qayğısı" mövzusunda məruzə ilə çıxış edərək, Ulu Öndərin xalqın təkidli tələbi ilə ikinci dəfə hakimiyyətə qayıdışından sonra elm, mədəniyyət incəsənət və musiqimizin dirçəldiyini diqqətə çatdırıb, bu böyük tarixi şəxsiyyətin mədəniyyət xadimlərinə xüsusi qayğısından danışıb. Bəstəkar Ulu Öndərin xatirəsinə 15 musiqi əsəri bəstələdiyini bildirib.
Konfransda "Heydər Əliyev və musiqi mədəniyyətimiz" mövzusunda məruzə ilə çıxış edən Xalq artisti Canəli Əkbərov Ulu Öndərin musiqi duyumundan, bu sahəni professional musiqiçilərdən daha dəqiq analiz etmə bacarığından danışıb. Bu gün Ulu Öndərin adını daşıyan Heydər Əliyev Fondunun muğamlarımızı dünyada tanıtmasını, UNESCO-nun Qeyri-Maddi Mənəvi İrsi Siyahısına daxil edilməsini də böyük siyasətin davamı adlandırıb.
Elmi-nəzəri konfransda çıxış edənlər dünya şöhrətli siyasi xadim Heydər Əliyevin Azərbaycanın hərtərəfli, dinamik inkişafında misilsiz xidmətləri olduğunu söyləyib.
S.ABDULLAYEVA
çap et