525.Az

Əlvida, Elnur! - Elnur Əşrəfoğlunun işıqlı xatirəsinə


 

KORONAVİRUSDAN DÜNYASINI DƏYİŞƏN TANINMIŞ TELEJURNALİST DƏFN OLUNDU

Əlvida, Elnur! -<b style="color:red"> Elnur Əşrəfoğlunun işıqlı xatirəsinə</b>

Oktyabrın 19-da koronavirusdan vəfat edən tanınmış telejurnalist, Azərbaycan Cüdo Federasiyasının mətbuat xidmətinin rəhbəri, baş katibinin müavini Elnur Əşrəfoğlu dəfn olunub. O, Saray qəbiristanlığında torpağa tapşırılıb. Dəfn mərasimində mərhumun yaxınları ilə yanaşı, idman ictimaiyyəti və jurnalistlər iştirak edib.

Qeyd edək ki, bir müddət əvvəl koronavirusa yoluxmuş Elnur Əşrəfoğlu "Yeni Klinika"da müalicə alırdı. O, ECMO aparatına qoşulmuşdu. Tanınmış jurnalist srağagün vəfat edib.

"MİSTER NO PROBLEM DÜNYASINI DƏYİŞDİ"

E.Əşrəfoğlunun vəfatı ilə əlaqədar Beynəlxalq Cüdo Federasiyasının rəsmi saytında yazı yayımlanıb. "Mister No Problem dünyasını dəyişdi" başlıqlı yazıda E.Əşrəfoğlunun bir jurnalist və Azərbaycan Cüdo Federasiyasının nümayəndəsi kimi fəaliyyətindən ətraflı bəhs edilib.

Yazıda BCF-nin media komandasının üzvü Pedro Lusyenin Elnur haqda xatirələrinə yer verilib və o, gülərüz, pozitiv insan kimi xarakterizə edilib.
"Yayımla bağlı çətinliklər var... O deyirdi ki, problem yoxdu, həll olunar. Zəif internet var? Problem yoxdur, həll edilər. Otelin restoranı gecə uzun iş rejimindən sonra bağlıdır? O deyirdi ki, problem yoxdur, həll olunar. Elnur həmişə yanımızda olurdu və hər dəfə eyni cavabı verirdi. O, təşkilati işlərlə bağlı yaranan problemləri həll edirdi" - deyə yazıda bildirilir.

ƏFLATUN AMAŞOV:
"ELNURUN YOXLUĞU ÇOX AĞIRDIR"

Azərbaycan Mətbuat Şurasının sədri Əflatun Amaşov  özünün feysbuk səhifəsindəki paylaşımında yazıb:

"Neçə vaxtdır, ümüdlə gözləyirdim. Gözləyirdim ki, möcüzə olacaq. Olmadı! Olmadı!

Amansız COVİD Elnuru da aldı əlimizdən, kisəmizdən götürdü. Sarsıldım. Çox sarsıldım. Yaxşı jurnalistin yetişməsi çətin prosesdir. Yaxşı idman jurnalistinin yetişməsi sahənin spesifikliyi baxımdan daha çətindir, məncə. Elnur yetişmişdi, püxtələşmişdi. Elnur Əşrəfoğlu adlı imza sahibiydi Elnur. Elnur həm də sadə, səliqəli, böyük-kiçik yeri bilən, qayğıkeş bir insan olaraq da yetişmiş, formalaşmışdı. Bütün bunlara və sadalamadığım bir çox insani keyfiyyətlərinə görədir ki, yoxluğu çox ağırdır. Hədsiz ağır.

Jurnalist Elnur Əşrəfoğlunun doğmalarına, əzizlərinə, dostlarına və həmkarlarına dərin hüznlə başsağlığı verirəm.

Allah rəhmət eləsin. Nur içində yatsın!"

"NƏ BELƏ BİR YER GÖRMÜŞƏM, NƏ DƏ BAYRAQLI MAŞINA MİNMİŞƏM..."

2003-2006-cı illərdə Azərbaycanın İstanbuldakı Baş konsulu vəzifəsində çalışan İbrahim Nəbioğlu isə Elnur Əşrəfoğlu ilə bağlı illər öncəki xatirəsini bölüşüb. O, bu barədə özünün feysbuk hesabında yazıb:

"2003-cü ilin avqust ayının sonları idi.  İstanbula yenicə Baş konsul təyin olunmuşdum.  Qərargahı İstanbulda olan Türk Silahlı Qüvvələrinin 1-ci Ordu komandanlığına təbrik ziyarətinə gedirdim. Türk Ordusunun önəmli komandanlarından biri, Orgeneral (Ordu generalı) Yaşar Büyükanıt yenicə 1-ci Ordu Komandanı təyin olunmuşdu. Azərbaycan Dövləti adından Yaşar Paşanı təbrik ziyarəti üçün Bosforu Avropadan Asiyaya keçirdim. 

Yolda qardaşım zəng vurdu ki, Elnur İstanbuldadır, sənin nömrəni istədi, mən də verdim dedi. "Yaxşı elədin" dedim, "Zəng eləsin, mütləq görüşəcəm", - əlavə elədim. "Yox, sən zəng vur, abırlı adamdır axı, birdən narahatlıq vermək istəməz", - qardaşım israr etdi.

Elnur mənim keçmiş iş yoldaşım idi, bir-birimizi çox istəyirdik. Amma qardaşımla daha çox yaxınlıq edirdi. Məndən yaşca kiçik olduğu üçün yəqin...
Elnura zəng vurdum maşından. Sabah İstanbuldan hansısa idman yarışı üçün hansısa ölkəyə uçacağını dedi. "Olduğun yerdə qal, indi maşın gəlib səni tapacaq" söylədim...

1-ci Ordu Komandanlığı İstanbulun Anadolu yaxasında - Asiyadakı tarixi Selimiye Kışlasında yerləşir. Türk Hərb Tarixinin önəmli hadisələrinə səhnə olan bu əfsanəvi məkana ayaq basmaq, oranın havasını tənəffüs etmək hər bir insan üçün əlçatmaz bir xəyaldır. Telefonumu sürücüyə verib Yaşar Paşanın üst mərtəbələrdə yerləşən möhtəşəm otağına çıxdım...

Görüşdən sonra Yaşar Paşa nəzakətlə məni yola salanda yavəri bizə yaxınlaşıb yavaşca nəsə dedi. Fanatik futbol həvəskarı olan Yaşar Büyükanıt mənə tərəf dönüb gülümsəyərək "Sizin önəmli spor spikeriniz kapıdaymış" dedi və əlavə etdi: "Buraları gezdirmişler" (Selimiye Kışlasına girmək normal şərtlərdə nəinki çətindir, mümkün deyil). 

Binadan çıxanda Elnur sevinclə mənə sarılıb dedi: "Dünyanın çox ölkəsində olmuşam, nə belə bir yer görmüşəm, nə də bayraqlı maşına minmişəm..."

Sürücüm Mehmet Elnurun dalınca gedəndə xidməti maşındakı Azərbaycan bayrağını (xaricdəki diplomatik missiyaların başçılarının xidməti maşınlarında sağ tərəfdə təmsil etdiyi ölkənin bayrağı dalğalanır) çıxarmayıb ki, gecikməsin, ehtiyat zolaqdan sürsün avtomobili. Elnur da Selimiyeye gələndə yolboyu polislər ona salam verib, maşına öncəlik tanıyıblar.

Axşam Üsküdarda, Bosforun sahilindəki balıq restoranlarından birində Elnurla gecəyarısına qədər dadı damağımızda qalan bir axşam yeməyi yedik, doyunca söhbət etdik. 

Bu dəqiqə, bu sətirləri yazarkən onun gülən üzü gözümün önündən getmir. 

Çox kədərliyəm. Sarsılmışam.

Əlvida, əziz dost! 

Torpağın bol olsun!"
 

 





21.10.2021    çap et  çap et