525.Az

Xalq rəssamı Kamil Əliyev sərgi və konfransla anılır


 

Xalq rəssamı Kamil Əliyev sərgi və konfransla anılır<b style="color:red"></b>

Bu gün Azərbaycan Milli Xalça Muzeyində "Kamil Əliyev: rəssam və dövr" adlı sərgi açılacaq.

Milli Xalça Muzeyindən 525.az-a bildirilib ki, sərgi Prezident İlham Əliyevin Sərəncamına uyğun olaraq Xalq rəssamı Kamil Əliyevin 100 illik yubileyinə həsr olunub.

Sərgidə görkəmli sənətkar Kamil Əliyevin müəllifi olduğu Azərbaycan Milli Xalça Muzeyinin kolleksiyasında qorunan 18 xalça nümayiş etdiriləcək. Bundan əlavə, Azərbaycan Milli İncəsənət Muzeyinin kolleksiyasından rəssamın yaradıcılığına aid 3 xalça, habelə sənətkarın ailə arxivindən üç xalça və 5 eskiz də ekspozisiyada yer alacaq.

Xalça sənətinə peşəkarlıqla yiyələnən rəssam klassik xalça kompozisiyalarını yaradıcı şəkildə dəyişərək təkcə bu sənət üçün deyil, həmçinin digər tekstil növləri və keramika üçün də ornamentlər yaradıb. Portret xalçaları Kamil Əliyevə xüsusilə dünya şöhrəti gətirib. O, portret janrını hazırda xalçaçılıq sahəsində böyük tələbat olan istiqamətə çevirməyə nail olub.

Kamil Əliyev uzun və çox məhsuldar yaradıcılıq həyatı boyunca siyasi və ictimai xadimlərin, klassik şair və mütəfəkkirlərin, tanınmış mədəniyyət nümayəndələrinin obrazlarını xalça üzərində parlaq şəkildə canlandırıb.

Xalq rəssamı Kamil Əliyevin fərdi sərgiləri ölkəmizlə yanaşı Paris, London, Tokio, Dehli, Ankara, İstanbul, Tehran, Moskva, Kiyev və digər şəhərlərin nüfuzlu muzey və qalereyalarında keçirilmişdir. Onun müəllifi olduğu xalçalar dünyanın məşhur muzeyləri və şəxsi kolleksiyalarında saxlanılır.

Mədəniyyət Nazirliyi və Azərbaycan Milli Xalça Muzeyinin təşkilatçılığı ilə reallaşan sərgi noyabrın 21-dək davam edəcək.

Prezident İlham Əliyevin Sərəncamına uyğun olaraq oktyabrın 21-22-də Milli Xalça Muzeyində Xalq rəssamı Kamil Əliyevin 100 illik yubileyinə həsr olunmuş "Rəssam və xalça: bu gün və sabah" adlı beynəlxalq elmi-praktik konfrans təşkil olunacaq. Konfrans Mədəniyyət Nazirliyi və Milli Xalça Muzeyinin təşkilatçılığı ilə reallaşacaq.

Konfransa Azərbaycan, Türkiyə, Yaponiya, Argentina, Ukrayna, Türkmənistan, Rusiya, Latviya, Avstriya, Almaniya, Özbəkistan, Qazaxıstan, Qırğızıstandan olan 34 mütəxəssis qatılacaq. İkigünlük akademik sessiyada konfrans iştirakçıları "Xalçaçı rəssamlar ənənə çərçivəsində", "Xalça müasir rəssamların yaradıcılığında", "Müasir xalça sahəsində kurator layihələri", "Azərbaycanın müasir xalça sənəti" mövzularını əhatə edən məruzələrlə çıxış edəcəklər. Pandemiya şəraiti ilə əlaqədar bir sıra ölkələrdən olan mütəxəssislər konfransa onlayn şəkildə qoşulacaqlar.

Konfrans çərçivəsində qonaqlar üçün mədəni proqram da nəzərdə tutulub. Onlar Milli Xalça Muzeyinin ekspozisiyası ilə tanış olacaqlar, "İçərişəhər" Muzey Mərkəzini, Heydər Əliyev Mərkəzini ziyarət edəcəklər.

Oktyabrın 22-də tədbir iştirakçıları Fəxri xiyabanda Xalq rəssamı Kamil Əliyevin məzarını ziyarət edəcəklər.
 

 





21.10.2021    çap et  çap et