525.Az

Bölgələrdə yerli turizm sektorunda çalışanların peşəkarlığı artırılır


 

BU YÖNDƏ NÖVBƏTİ TƏLİMLƏR GÖYGÖL RAYONUNDA KEÇİRİLİB

Bölgələrdə yerli turizm sektorunda çalışanların peşəkarlığı artırılır <b style="color:red"></b>

Bölgələrimizdə turizmin geniş perspektivləri bu sektorda çalışanların peşəkarlıq potensialının mütəmadi artırılması məsələsini diqqətdə saxlamağı zəruri edir. Bu baxımdan, turizm sektorunda fəaliyyət göstərən iş adamları və xidməti personalın təcrübə, bilik və bacarıqlarının artırılması istiqamətində aparılan tədbirlərin böyük əhəmiyyəti var.

İqtisadiyyat Nazirliyi yanında Kiçik və Orta Biznesin İnkişafı Agentliyi (KOBİA)  tərəfindən bölgələrdə kiçik və orta sahibkarlığın inkişafına dəstək məqsədilə aparılan təlim, seminar, eləcə də məsləhət və məlumat xarakterli silsilə tədbirlər də bu işə xidmət edir. Bu qəbildən növbəti  tədbir Göygöldə təşkil edilib. Təlimlər yerli və kənd turizmi, otelçilik, restoran və digər iaşə obyektləri üzrə idarəetmə və xidmət mövzularını əhatə edib. Turizim sektorunda fəaliyyət göstərən sahibkarlar və əməkdaşlara Türkiyədən dəvət olunan beynəlxalq səviyyəli mütəxəsislər təlim keçiblər.
"Cöğrafiyanın verdiyi gözəllikləri turizm baxımından daha səmərəli istifadə etmək zəruridir. Bizim bu təlimləri aparmaqda məqsədimiz Azərbaycanın turizm imkanlarının genişləndirilməsi işinə yardımçı olmaqdır. Yalnız Göygöl deyil, Quba, Xaçmaz, Qəbələ, Şəki və digər yerlərdə turizm obyektləri çoxaldıqca, xidməti personalın kəmiyyət və keyfiyyət göstəricilərinin artması da zəruridir", - deyə türkiyəli turizm mütəxəssisi Əmrə Yanac bildirib.

Təlimlər çərçivəsində yerlərdə praktik və məsləhət xarakterli görüşlər də aparılıb.

"Toğana kəndində kənd turizmi ilə bağlı seminar və maarifləndirici görüş aparıldı, həmçinin, Göygöl Olimpiya Kompleksində də inzibati heyət və personal üçün məsləhət və təlimlər həyata keçirildi", - deyə Daşkəsən-Göygöl  Kiçik və Orta  Biznesin İnkişaf Mərkəzinin koordinatoru Elnur Hacıyev bildirib.

Tədbirlərə qatılan iştirakçılarla onları maraqlandıran məsələlər ətrafında geniş müzakirələr aparılıb.

Zakir MURADOV, 
Göygöl

 





21.10.2021    çap et  çap et