525.Az

Vətəni sevdin, Süleyman oldun - Bayram Məmmədov yazır


 

Vətəni sevdin, Süleyman oldun -<b style="color:red"> Bayram Məmmədov yazır</b>

Uşaqlığın maraq dünyası nəhayətsiz olur.

Uşaqlıq oyunlarının çoxu idman yönümlüdü. Uşaqlar bunun fərqinə varmadan oyunların cazibəsində illər yaşayır. Uşaqlıq marağından böyük idmana necə gəldiyini soruşanda çoxu bunun gerçək səbəbini bilmir. Bu, həmin idman növünə vurğunluğun fəlsəfəsidir.

Cüdo döyüş sənəti növü deyil. Bu növün fəlsəfəsi haqqında danışanlar birmənalı şəkildə deyir ki, bu idman növünün mahiyyəti rəqibin gücünü özünü məğlub etməyə yönəltməkdir. Süleyman Məmmədli də zamanında belə yaşayıb, belə cavanlaşıb. İdmana marağının nə zaman böyük idmana yönəldiyini özü də bilməyib. Onu bilib ki, böyük idmandan ayrı yaşaya bilməyəcək...

İdmanın, həm də təkbətək mübarizənin fəlsəfəsini özü də mənimsəmişdi, tələbələrinin də bu fəlsəfənin dərk etməsinin cəfakeşi olub. İlk məşq günündən son nəfəsinəcən. Az qala 50 il...

Həyatın fəlsəfəsi yaşam üçündü. Rəngkarlığın fəlsəfəsi, ədəbiyyatın (poeziyanın) fəlsəfəsi dünyaduyumu üçündü, düşüncələr üçündü, ürək üçündü, fəsillərin dəyişməsi, planetlərin hərəkət qanunları və onun fəlsəfəsi ömür məfhumunun dərki üçündü bəlkə?

Çingiz Aytmatov, Xudu Məmmədov, Məmməd Araz, daha kimlər, kimlər filoloq deyildi, dünya ədəbiyyatında örnək əsərlər yaratdılar. Xudu müəllimin bir kəlamını vətənsevərlik düsturu bilirəm: Uşaqlara Vətəni sevməyi öyrətmək lazım deyil. Siz onlara Vətəni tanıdın, özləri sevəcəklər. Süleyman Məmmədli Vətənimizi yaxşı tanıyırdı, böyük sevgisi vardı Vətənə, Vətəni tanıda-tanıda sevirdi, sevə-sevə tanıdırdı. Söhbətləri şeiriyyətdən yoğrulurdu. Çox mətləbi ya gözəl bir fəlsəfi fikirlə, ya da gözəl, yaddaqalan misralarla bildirirdi: ruhu rəvan adam idi Süleyman müəllim. Bir dəfə söhbət zamanı "Azərbaycan ona görə dünyanın həsəd ünvanı olub ki, Süleymanların Vətənidi...", - demişdim. Bir anlığa baxışları məşq edən tələbələrinin ağılasığmaz hərəkətlərinə sarılmışdı. Fikrini

Bu Vətən kürreyi-ərzin başının tacı olub,
Mən də sevdim Vətəni, sevdim, Süleyman oldum,

beyti ilə tamamlamışdı. Gülümsünmüşdük; təbəssüm təbəssümə söykək olmuşdu. 

Şeirə böyük marağı vardı Süleyman müəllimin. Klassik ədəbiyyatımızı da sevirdi, çağdaş ədəbiyyatımızı da. Aşıq şeir növlərinin vurğunu idi. "Gəraylı ruhun, qoşma düşüncənin şeiriyyətidi", - söz düşəndə belə deyərdi. Qurbaninin "Bənövşə"sini ruhunun dilmancı bilirdi.

Çox təvazökar insanıydı Süleyman müəllim. Yüzləri, minləri öyrədib, bu proses bu gün də davam edir. Nə qədər ki, bu idman növləri var, Süleyman müəllim ehtiramla xatırlanacaq...

"Hamımızın ustadımız birdi: xalq. Biz xalqımızın min illərlə yaratdığını unudulmağa qoymuruq. Özümüz nəsə yaradırıqsa, bu da xalqın qüdrətinin zərrəsidi". Nə yaradıb Süleyman müəllim, nələr yaradıb?..

Süleyman Məmmədli 28 avqust 1948-ci ildə Tovuzda anadan olub. O, orta təhsilini Tovuzda, ali təhsilini isə Rusiyada alıb. Daha sonra Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasını bitirib. Onun da uşaqlığı idmana marağın cazibəsində keçmişdi. Bu maraq istəyə çevriləcəkmiş, istək dönməzləşəcəkmiş, dönməzlik dünyəvi şöhrətə işıq olacaqmış. Bu işıq Azərbaycanı xəritə bütövlüyü ilə işıqlandıracaqmış...

1969-cu ildə ilk dəfə karate ilə tanış olanda ürəyində hələ özünə də bəlli olmayan duyğular tərpənmişdi. Bu tərpəniş maraq biçimli sevgi imiş. Sevdi və ömrünü əlbəyaxa döyüş idman növlərinə şam-çıraq elədi. Tanındı, dünyanın peşəkar idmançıları, idman təşkilatçıları onun qadirliyini yüksək dəyərləndirirdi.

1980-ci ildə şəxsi çağırışla Macarıstana getmişdi. İlk rəsmi beynəlxalq səfər idmanın Süleyman Məmmədlisini kifayət qədər səmimiyyətlə tanıtdı. 1983-cü ildə bu ölkəyə növbəti səfəri zamanı bura məşqlər keçirməyə gəlmiş kyokşinkayın yaradıcısı Ayamayla da tanış oldu. Belə tanınmış, məşhur mütəxəssis sıradan biri ilə tanış olardımı? - qətiyyən...

"Turan Do" döyüş sənətinin yaradıcısıdı Süleyman müəllim; neçə-neçə döyüş sənəti təlimlərinə bələd olmalısan ki, onların sintezindən başqasını ayırd edə biləsən, fərqləndirəsən və yenisini yaradasan. Turan Do döyüş sənətinin banisi Süleyman müəllim bunu bacardı. Bu idman növü haqqında Süleyman Məmmədli belə deyirdi: "Bu idman növünü 2004-cü ildə yaratmışam. Tam əminliklə deyirəm ki, onun bütün növlərdən üstünlükləri var. Çünki digər növlərdəki hərəkətlər yarandığı dövrə aiddir və tələblərə cavab vermir. Amma Turan Do həm müasir, həm universal, həm də real döyüş növüdür. Hərbiləşdirilmiş Turan Do isə bütün idman növlərindən üstündür. Bu idman növünün yarışı olmur, ancaq xüsusi təyinatlı qruplara keçilir"...

Azərbaycanda taekvondonun, hapkidonun, uşunun, kikboksinqin, subakso tanqsudonun, çun kundonun, Tae Kuk Mu Sul-un, Cit Kun Do-nun, Donq Ku Yudo Kvan-ın və s. yaradıcısı olub Süleyman Məmmədli. Chun Kuhn Do, Turan Do, Combat Mixed MA, Combat Chinese, Musul Taekwon Do, Combat Korea MA, Jeet Kune Do döyüş sənəti üzrə qrand-master olub. Tae Kuk Mu Sul, Universal Combat MA və Turan Do üzrə 10-cu dan qara kəmər ustası olub.

Mütəxəssislər qürurla deyir ki, bütün Koreya idman növlərini Azərbaycana Süleyman Məmmədli gətirib...

Süleyman müəllim Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasının "İdmanın təkmübarizlik növləri" kafedrasında dosent, döyüş sənətləri və onların fəlsəfəsi üzrə professor, doktor, beynəlxalq dərəcəli təlimatçı və hakim idi. Azərbaycan Hapkido Federasiyasına rəhbərlik edirdi.

Azərbaycan Respublikasının Əməkdar bədən tərbiyəsi və idman xadimi Süleyman Məmmədli həm də Dünya Turan Do, Dünya Universal Döyüş sənətləri, Yaşlıların Dünya Döyüş sənətləri Assosiasiyalarının, Dünya Döyüş sənətləri Assosiasiyası Qlobal Konfederasiyasının prezidenti və yaradıcısı olub.

Fitri istedada və ensiklopedik biliyə, geniş dünyagörüşə malik Ustadlar ustadı həm elmi, həm də bədii yaradıcılıqla da məşğul olurdu. "Taekvando", "Tanq Su Do Su Bak Do və Hap Ki Do", "Müxtəlif xalqların döyüş sənətləri", "Kikboksinq Muay Tay", "Əlbəyaxa döyüş" və s. dərsliklərin, "Həsrət", "Qisas", "Könül söhbəti", "Söndürülmüş ocaqlar yandırılmalı!", "Atəşlərə yanan könül" şeir kitabların, "Sağlamlığa çağırış" və digər kitabların müəllifidir. Bundan əlavə, 50-yə yaxın elmi məqaləsi dərc edilib. "Karate Do" dərsliyini sağlığında nəşriyyata təqdim edib.

Həyat təkcə öz ömrünü yaşamaq deyil. Həyat həm də el-oban üçün, Vətənin üçün Zərdüşt fəlsəfəsinin mahiyyətini yaşatmaqdır - xeyirli düşüncəyə malik olmaq, xeyirli işlər görmək, xeyirli əməllər yiyəsi olmaq deməkdir. Süleyman Məmmədli babası Mehdi ağanın kəlamlarını dinləyə-dinləyə, dərk edə-edə ayları il edirdi, illəri ömür; baba ruhuna böyük sədaqətlə...

Süleyman müəllim 1981-ci ildə "Qorxma mən səninləyəm" filmində və sonra bir neçə filmdə kaskadyor kimi çəkilib. Bu filmi tələbəsi Yuli Qusman çəkdiyinə görə filmdə çəkilməyə razılıq verib. O zaman Qusman filmdə karate elementlərinin göstərilməsi üçün icazə almışdı... Sonra "Koroğlu" çoxseriyalı filminə çəkilib, amma hansı səbəblərə görəsə bu film ekranlara çıxmayıb.

Süleyman müəllimin bir xatırlamasını xatırlayıran: "Finlandiyada taekvando üzrə Avropa çempionatı keçirilirdi. O vaxt Azərbaycan Taekvando Federesiyasının prezidenti idim. Avropa Taekvando Birliyinin vitse-prezidenti mənə dedi ki, "sən bizə oxşayırsan". Dedim ki, "Koreyanın tarixi hardan başlayır?" Dedi ki, "Altaydan, Uraldan". Dedim "orada kim yaşayıb?", dedi "Türklər". Dedim ki, "indi gör kim kimə oxşayır?" Bu fakt Süleyman Məmmədlinin türkçülüyə, deməli, azərbaycançılığa sevgisinin, sədaqətinin təsdiqidir, şübhəsiz.

Ustadlar ustadının son müsahibələrindən birində dedikləri gerçəkliyin ifadəsidir: "Bu yaxınlarda bəzi hərəkətlər göstərmişəm Amerikada və o hərəkətləri "Ginnesin rekordlar kitabı"na təqdim etmişəm, ancaq hələlik cavab gəlməyib. Onlardan cavab gözləyirəm. Mən saniyədə 10-17 zərbə vururam. O gün də ölçdülər, saniyədə 60-70 metr edir və ayaq zərbələrimi də ölçəcəklər. Brüs Lini yazıblar ki, saniyədə 20 metr zərbə vurub. Məndə ondan çoxdur", - müsahibənin bu məqamlarına nədən heç bir münasibət bildirilməyib? Etiraf edilməyən həqiqətlər dünya idmanına biganəlik, bəşəriliyə hörmətsizlik deyilmi? Bu səviyyəli idmançının dedikləri həqiqət naminə təsdiq edilməliydi. Qəlbipaxırlar inkar etməyə cəsarətlənməyib. Ağa necə qara deyə bilərdilər? Gerçəkpərəstlər onları "quru yuyub yaş sərərdi..." 

Süleyman müəllim ruhunun əsgəri idi. Ustadlar ustadı bütün tələbələrini əzizi bilirdi. Hansı xarakterinə görəsə, mənim oğlum Orxanı bəzən digərlərindən fərqləndirirdi. Ona görə də hərdən ustad-tələbə könül söhbəti edərdilər. Könül söhbəti şeirlə, ya qoşmayla, ya da gəraylıyla tamamlanardı. Oğlum Orxan ustadının bir şeirinin bəndini kövrəkliklə xatırlayır:

Hərə bir ömürün kirədarıdı.
Dostların dilinə dad doğulmuşam.
Ruhumun işığı ömrümə bəsdi,
Vətən, ocağına od doğulmuşam.

Süleyman müəllim vətənpərvər vətəndaş idi. Birinci Qarabağ müharibəsində tez-tez Tovuza gedərdi. "Tovuza düşən hər mərmi ürəyimə düşür elə bil...", - Süleyman müəllim belə deyərdi. Xüsusi təyinatlıların döyüş hazırlığında xidmətlərini, köməyini əsirgəməzdi. Döyüşlərdən söz düşəndə şəhidlərə görə, şəhid tələbələrinə görə qəhərlənərdi. Bu qəhəri son nəfəsinəcən yaşadı...

İdmana marağı olanlar bilir ki, hapkido idman növü 1948-ci ildə yaranıb, öz rəngarəngliyi, yəni fəndlərin assosiasiyası baxımından digər növlərdən üstündür. Taekvando hapkido idman növündən sonra 1955-ci ildə general-leytenant Çhve Honq Hi tərəfindən yaradılıb. Həyatda heç nə təsadüfən olmur. Taekvando Federasiyasının ilk prezidenti olan Süleyman Məmmədli onunla da görüşüb...

...İnsanı xeyirli əməlləri yaşadır. Süleyman Məmmədlini dünya idmanına xidmətləri yaşadır, yaşadacaq. Biz yaşadacağıq. Vətənini sevənlər...
 

 





21.10.2021    çap et  çap et