525.Az

Kartof yeyənlər... - "Bir rəsmin dedikləri" rubrikası


 

Kartof yeyənlər... -<b style="color:red"> "Bir rəsmin dedikləri" rubrikası</b>

"Bir rəsmin dedikləri" rubrikasının budəfəki qonağı sənətşünas Ulduz Hüseynovadır. Ulduz xanımla dünya şöhrətli holland rəssamı Vinsent Van Qoqun "Kartof yeyənlər" əsəri haqqında danışmışıq.

***

- Əsərin yaranma tarixçəsi barədə nə bilirik?

- Van Qoq 1885-ci ilin aprelində qardaşı Teoya məktubunda yazırdı ki, ömrümün sonunacan burada qalacağımı istisna etmirəm, mənim tək arzum budur ki, kənddə yaşayıb kənd həyatını təsvir edim. Elə həmin məktubunda Van Qoq "Kartof yeyənlər" adlanan tablo çəkmək istəyini qardaşına bildirir. Amma o, hələ dəqiq bilmirdi ki, nahar, yoxsa şam yeməyini təsvir edəcək, işıq gün işığı, yoxsa lampa işığı olacaq. Əsərin etüdləri üzərində işə hələ qışda başlayan rəssam tablonu 1885-ci ilin aprel-may aylarında Nyuenendə çəkib tamamlayır.

- Tabloda gördüyümüz adamlar kimlərdir?

- "Kartof yeyənlər" tablosunda Van Qoq dostlaşdığı Qrootlar ailəsini təsvir edib. Qrootlar kəndli idilər. Ailə ata, ana, oğul və iki qızdan ibarət idi və onlar tarlada işləyirdilər. Kasıb olduqları üçün əsas yeməkləri kartof idi. Rəssam tez-tez onlara qonaq gedərdi. Onun həmin dövrə aid bir çox etüd və rəsmlərində də bu ailənin üzvləri təsvir edilib. Onu da qeyd edim ki, Van Qoqun yaşadığı kənddə rəssama münasibət birmənalı deyildi. Kəndin katolik keşişinin ondan xoşu gəlmirdi və rəssama poza verməyi günah sayan keşiş yerli sakinləri bundan çəkindirməyə çalışırdı. Ona görə də, Qrootların bu tablonun çəkilməsinə razılıq verməsi rəssamın uğuru sayıla bilər.

Rəssamın ailə ilə necə yaxın olması ilə bağlı İohann Nater yazır ki, Qrootun qızının 1885-ci ildə dünyaya gətirdiyi oğlan uşağı kürən olduğundan bütün kənd düşünürdü ki, uşaq Van Qoqun nigahdankənar oğludur.

Van Qoq bu tablosunda sivilizasiyanın təsiri altında yaşayan insandan fərqli həyat tərzi sürən insanlar haqqında təsəvvür yaratmaq istəyirdi və qardaşı Teoya yazdığı məktubda bildirirdi ki, bu tablo vasitəsilə göstərmək istəyirdi ki, bu adamlar lampa işığında kartofu torpaq qazdıqları əlləri ilə yeyirlər, onlar ağır əməklə məşğuldurlar və öz yeməklərini halallıqca qazanıblar.

- Bəlkə də zəhmətin təcəssümü olan əlləri daha aydın göstərmək üçün lampa əllərə belə yaxın təsvir olunub.

- Bəli, tamamilə doğru vurğulayırsız. Kəndli ailəsinin əziyyətə, zəhmətə qatlaşdığını rəssam əllərinin qaba olması ilə göstərib. Lampanın daha aşağıda təsviri həm evin köhnəliyini, həm də ailənin çox zəhmətkeş ailə olduğunu göstərir.

- Evdə olmalarına baxmayaraq, ailə üzvləri ev üçün qalın sayıla biləcək paltarlardadırlar. Yəqin bu da evin soyuq olmasından xəbər verir.

- Rəssam əsəri qış aylarından  işləməyə başlayır. Ona görə də fəsli ön plana çıxarmaq üçün personajların geyimini əsas götürür və onları qalın geyimdə təsvir edir. Günəş işığının düşməməsi, geyimin qalın olması məhz havaların soyuq olmasına işarədir.

- Kofe süzən qadın daha qəmgindir, deyəsən.

- Nəzərə alsaq ki, ailə imkanlı ailə deyil, onda qadının küskün, qəmgin təsirli təbiidir. Anadır axı, çox düşünür.

- Əsərin rəng koloriti barədə nə deyə bilərsiniz?

- Ümumi olaraq qeyd edə bilərəm ki, Van Qoq bütün əsərlərində işıq-kölgə, rəng koloriti, simmetriyanın dəqiq olması kimi detallara çox önəm verən rəssamlardan idi. Bu tabloya da diqqət yetirsək, soyuq rənglərin ahəngdarlığının ön planda olduğunu görərik. Əsərin tünd rəngli olması onun haqqında ümümi fikir deməyə imkan verir.

- Tablo haqqında tənqidçilər nə deyirdi?

- Tablo rəssamın dostu Rappard tərəfindən tənqid olunur və bu, rəssamın xətrinə dəyir. Vinsent dostuna yazırdı ki, sizin mənim işlərimi bu tərzdə tənqid etmək hüququnuz yoxdur, mən həmişə nəyisə etməyi bacarmayanda onu necə etməyi öyrənməyə çalışıram və onu edirəm.
Van Qoq "Kartof yeyənlər"i özünün ən uğurlu tablosu adlandırmasına baxmayaraq, bu tablonu yenidən işləmək istəyirdi. Bizə gəlib çatan eskizlərdən görünür ki, rəssam lampa işığı effektini gün işığı ilə əvəz etmək istəyib.

- Tablo hazırda harda saxlanır?

- Əsər Hollandiyanın Amsterdam şəhərində, Van Qoq muzeyində qorunub saxlanılır.

- Sizcə, bu rəsm bizə nə deyir?

- Rəsmin bizə nə dediyini Van Qoq haqqında bioqrafik kitabın müəllifi olan İohan Naterin fikrinə istinad edərək vurğulamaq yerinə düşərdi. İohan Nater deyirdi ki, Van Qoqun kəndlilərin yoxsulluğunu və ağır taleyini təsvir edən tablolarında sosial protest hiss edilmir, fermer əməyi ideallaşdırılır, sadə kənd həyatına nostalji hissləri duyulur.

Tabloda olan personajların hər biri tənha və təcrid olunmuş görünür, onlar arasında canlı ünsiyyətin olmaması da aydındır. Onlar bir-birlərinə baxmırlar. Təcrid olunmanın bu tutqun atmosferində bir birləşdirici detal var: lampa. Van Qoqun məhəbbət simvolu olan işıq saçan lampa bu tənhalıqda onlara təsəlli verir.

Aytac SAHƏD
 

 





21.10.2021    çap et  çap et