525.Az

Gəncənin memarlığı haqda yeni nəşr


 

KİTABDA QƏDİM ŞƏHƏRİN SƏKKİZ ƏSRİ ƏHATƏ EDƏN MEMARLIQ NÜMUNƏLƏRİ TƏDQİQ EDİLİB

Gəncənin memarlığı haqda yeni nəşr<b style="color:red"></b>

Azərbaycanın şəhərlərinin memarlıq xüsusiyyətlərinin öyrənilməsinə yeni bir töhfə Gəncənin orta əsrlərdən yeni çağların astanasınadək olan dövrünü əhatə edib. Memarlıq üzrə elmlər doktoru, Azərbaycan Memarlıq İttifaqının üzvü, Beynəlxalq Memarlıq Akademiyasının, həmçinin, Şərq Ölkələrinin Beynəlxalq Memarlıq Akademiyasının müxbir üzvü, professor Rayihə Əmənzadənin "Gəncənin memarlıq salnaməsi. XII-XIX əsrlər" adlı kitabının Gəncə şəhərində təqdimat mərasimi keçirilib. Kitab özündə həm Azərbaycan, həm də rus dilində olan mətnləri birləşdirən elmi tədqiqat əsəridir.

Gəncə şəhərinin rəhbəri Niyazi Bayramov, AMEA Gəncə Bölməsinin sədri, akademik Fuad Əliyev, Türkiyənin Gəncədəki baş konsulu Zəki Öztürk, eləcə də  digər içtirkçılar çıxışlarında Azərbaycanın tarixi, mədəni və iqtisadi inkişafında daim böyük çəkisi olan Gəncənin məkan arxitekturası məsələlərinə həsr edilən yeni nəşrin bu sahədəki elmi araşdırma işinə əhəmiyyətli töhfə olduğunu vurğuladılar.

Müəllif də çıxışında kitabda Gəncənin memarlığının unikal cəhətlərinin diqqətə çatdırılmasına çalışdığını qeyd edib.

"Tarixi təlatümlər baxımından, xüsusi coğrafi mövqeyə sahib olan Azərbaycan müxtəlif dövrlərdə yadellilərin hücumlarına məruz qalıb, müharibə meydanına çevrilib. Lakin bütün bunlara baxmayaraq, ölkə ərazisində gözəl memarlıq abidələri tikilib. Bu abidələr arasında Gəncənin memarlıq nümunələri da  özünəməxsusluğu və xüsusi koloriti ilə seçilib. "Gəncənin memarlıq salnaməsi. XII - XIX əsrlər" kitabı əsasən, mütəxəssislər və memarlıqla maraqlananlar üçün nəzərdə tutulsa da, geniş oxucuların da marağını çəkə bilər", - deyə Rayihə Əmənzadə qeyd edib.

Müəllif həmçinin, Gəncənin özəl memarlığında məhəllə məscidlərinin və nekropolistik, yəni qəbirüstü tikililərin, sərdabələrin inşa üslubunun xüsusi yer tutduğunu və bu araşdırmada onlardan da söhbət açıldığını vurğulayıb. 

Zakir MURADOV, 
Gəncə

 

 





21.10.2021    çap et  çap et