525.Az

Təkrarsız yazıçı, unudulmaz şəxsiyyət


 

XALQ YAZIÇISI HÜSEYN ABBASZADƏNİ XATIRLARKƏN...

Təkrarsız yazıçı, unudulmaz şəxsiyyət<b style="color:red"></b>

Elə insanlar var ki, illər keçsə də, onları unutmuruq, unutmaq istəmirik də. Çünki onların xatirəsi də gözəldi, düşündükcə bir daha qəlbimiz işıqlanır. Bir tərəfdən də, onları unutmaq elə insanlığı, mənəvi dəyərləri unutmaq deməkdi. Həmişə xeyirxahlığı, nurlu çöhrəsi, gülümsəyən gözləri ilə yaddaşımda qalan belə gözəl şəxsiyyətlərdən biri Xalq yazıçısı Hüseyn Abbaszadədir. 2002-ci ildə onu Yazıçılar Birliyinin binasında, foyedə görmüşdüm. Üzü gülər, mehriban, ağayana bir insan idi. O vaxt məcburi köçkün kimi sığındığımız dəmir vaqonla bağlı yazılar yazmışdım. Hüseyn müəllim onları mətbuatdan oxumuşdu. Dedi ki, bu mövzuda az yazılıb. AYB-nin katibi, mərhum Arif Əmrahovla da bu barədə danışmışdı. Sonra məni AYB-yə üzv qəbul etdilər. Onda mən çox gənc idim, bir kitabım da çap edilməmişdi. Bu geniş ürəkli yazıçının "Burulğanlar" romanını oxuyarkən həmin anları dəfələrlə xatırladım...

"Burulğanlar" romanını maraqla, bir yandan da tələsə-tələsə oxudum. Çünki onun qəhrəmanları sanki əlimdən tutub məni özləri ilə güllə kimi "aparırdılar". Mən də həvəslə onlara qoşulub həyəcanla bu qəhrəmanların başlarına gələnlərlə tanış olurdum. Tezliklə sonluğu öyrənməyə çalışırdın ki, görəsən, haqq öz yerini tapacaqmı, bu çətinliklər nə vaxt arxada qalacaq və qəhrəmanım nə vaxt öz xoşbəxtliyinə qovuşacaq? Əsəri oxuyarkən həyatda olduğu kimi, burada da müxtəlif insanlarla tanış olursan. Romanın qəhrəmanı Həmid Xələfov, pəhləvan Balağa, Nurlu, Umur baba, Fəttah, Davud və başqları nə qədər mərd, xeyirxahdırlarsa, Çopur Abdulla kimiləri o qədər xain, qəlbən yoxsul adamlardandı. 

Həmidin atası fəhlə idi, o, neft quyusu qazarkən faciəli şəkildə həlak olmuşdu. Həmid onda yeniyetmə gənc idi, Mikayılla İsmayıl adında iki əkiz kiçik yaşlı qardaşları vardı. Həmid tezliklə limanda işə düzəlib evə qazanc gətirməsəydi, anası Rübabə ailənin yükünü çəkə bilməzdi. Limanda çalışarkən Həmidin başqalarından fərqli gücünü, qoçaqlığını görən uzaq qohumu olan Mirhadi onu özüylə Maştağaya pəhləvanların güləşməsinə tamaşa etməyə aparır. Elə bütün hadisələr də, buradan cərəyan edir. Həmid orada iki pəhləvan və iki insanla xüsusilə tanış olur. Onlardan biri kürəyini yerə vurduğu Çopur Abdulla, o biri isə meydanda yenmək istəmədiyi, güzəştə getdiyi Balağa idi. Evlərinə qayıdarkən yolda onların qazalağına güllə atdıran Çopur Əhməd nə qədər kinli, xəbis biri idisə, Balağa o qədər nəcib və xeyirxah insan idi. Həmid Balağanın məsləhəti və qayğısı ilə Çopur Abdullanın təqibindən qorunmaq üçün bir müddət Həştərxanda dayısı Turabın dostu olan Pyotr Anisimoviçgildə qaldı. Burada fəhlə kimi çalışdı. Tezliklə onun gücünü, qabiliyyətini hiss edən tatar dostu Fəttah ona qardaş kimi əlindən gələn köməyi göstərir. Həmid daşoynadan kimi tanınmağa başlayır.

Əsərdə oxucu bu hadisələrin fonunda həmin dövrün çətinlikləri, yeni quruluşun yaranması ilə də tanış olur. Yeni hökumət, qayda-qanunlar yaradılır, Sovet quruluşu öz qanunlarını diktə edir. Umur baba, dayısı Turab bu mübarizədə həlak olurlar. Həmid, nəhayət, Həştərxandan evlərinə qayıdır. O, həmişə anasıgilə dəstək olan Balağanın qızı Nurluya aşıq olur. Ancaq dövr, Balağanın Çopur Abdullanın zavalına gələrək haqsız yerə tutulması onun arzularının üstündən xətt çəkir. Sonra II Dünya müharibəsi başlayır. İki qardaşı, Nurlunun həyat yoldaşı Muxtar müəllim kimi, o da müharibəyə yollanır. Müharibədə Həmid mərdliklə döyüşür, şücaətlər göstərir. Amma bir gün başqa döyüşçülər kimi düşmən tərəfindən əsir götürülür. O, əsirlikdə illərlə axtardığı Çopur Abdullaya rast gəlir. Həmişə öz xislətinə sadiq qalan bu xain, bədxah adamın əsl siması burada daha aydınlığı ilə oxucuya çatdırılır. Çopur Abdulla Vətən xaini olur və əsir düşən döyüşçüləri də, bu çirkin yola dəvət edir. Onun tor tutan gözləri Həmidi tanıya bilmir, onu yola gətirdiyini düşünür. Amma nəticədə özü qazdığı quyuya düşür və bir xain kimi Həmidin əlində alçaqlıqla gəbərir. Həmid düşünür ki, bundan sonra ölsə də, daha dərdi yoxdu. Çünki Balağa kimi neçə ləyaqətli insanı şərləyən, qanına bais olan bir xaindən dünyanı xilas etmişdi...

Müharibədə Mikayıl, Muxtar müəllim qəhrəmanlıqla həlak olurlar. Həmid isə bir qolunu itirir. O, ömrü boyu sevgisinə sadiq qalır, ailə qurmur. Əvvəlcə anası Rübabəni, sonra isə Nurlunu itirir. Ona yeganə təsəlli olan qardaşı İsmayıl və onun ailəsi, bir də gənclik dostu saatsaz Davud qalır...      
Qeyd edim ki, bu həvəslə oxuduğum roman 1984-cü ildə Dövlət Mükafatına layiq görülüb.        

              

"Burulğanlar" romanından sonra müəllifin hekayələrini oxumağa başladım. Oxuduqca yazıçı qələmi ilə insan qəlbinin necə rəsminin çəkilməsinə tamaşa elədim. Düşünürsən ki, belə hekayələri ancaq Hüseyn müəllim kimi insan sərrafları yarada bilər. Məsələn, onun "Meynə" hekayəsi günümüzdə olduğu kimi, həyatın özündən götürülüb. Burada iki qadın, iki insan üz-üzə dayanıb. Qışqırıb-bağıran, hamının, hətta uşaqların belə sevmədiyi paxıl Nurcahanla, qayğıkeş və sakit təbiətli Mərziyə... Paxılın, anlamazın dili uzun olur, deyilmi? Nurcahan da, həyətdə qışqırır: 

-...Siz bunun iddiasına baxın, ay camaat, görün bir necə qabaqdan gəlmişlik eləyib, özünü mələk kimi göstərir. Siz dediniz, mən də inandım. Yaxşı olsaydınız, əriniz sizi qoyub getməzdi. İndi bayquş kimi tək qalmazdınız"... Beləcə, Nurcahan bir vaxt babasının əkib-becərdiyi meynə ağacının qonşulara kölgə salan budaqlarını sındırır. O, insanları, həm də ağacı incidir, yaşıllığı məhv edir. Mərziyənin necə üzüldüyünü görən xeyirxah qonşular onun balkonunu gül-çiçəyə qərq edib, həyətdə yeni bir meynə ağacı əkirlər. Bəli, pislik yenə də paxıl Nurcahana qalır...        

"Uçurumdan keçən yol" hekayəsində isə sözünə sadiq olmaq, əhdə vəfa etmək kimi yüksək mənəvi keyfiyyətdən söhbət gedir. Dostlardan biri uçurumu görüb geri qayıtmaq istəyir. Ancaq Nahid iş yoldaşına söz verdiyini xatırlayır və çətinliklə də olsa sözünə əməl edir. "...Su sürətlə axırdı. Nahid az qaldı ki, yıxılsın. O, axının əksinə doğru yönələrək daşlı, çınqıllı sahilə çıxdı. Rahatlıqla geri döndü. Səfinin durduğu yerə baxdı ki, yoldaşına əl eləyib getsin. Səfi uçurumun qırağında yox idi. O, Nahidin getdiyi cığırla kol-kosdan tuta-tuta ehtiyatla dərəyə enirdi"... Beləcə, Nahid sözübütövlüyü, mübarizliyi ilə dostu Səfiyə örnək olur. Bayaqdan uçurumdan qorxan Səfi qarşıdakı bütün çətinlikləri gözə alıb dostunun arxasınca gedir... 

İnsan oxuduğu, əzbərlədiyi əsərdən nəsə öyrənmədisə, deməli, vaxtı boşuna sərf edib. H.Abbaszadəni bir oxucu kimi, sanki yenidən kəşf elədim. Mütəxəssislər bu əsərlərin gənclərin mənəvi dünyasına necə müsbət təsiri olduğunu xüsusi qeyd ediblər. Onun müsbət qəhrəmanları da, özünə bənzəyir. "Burulğanlar" romanında olduğu kimi, digər əsərlərində də yaxşılar yamanlardan çoxdu. Tənqidçi, hörmətli Vaqif Yusifli də, H.Abbaszadənin insani keyfiyyətlərinin əsərlərinə sirayət etməsini vurğulayıb.   

Hüseyn Abbaszadə nəsrimizdə "General" romanı ilə xüsusi olaraq yadda qalıb.

Düşünürəm ki, nə yaxşı belə bir insanı, dəyərli yazıçını dünya gözüylə görmək, onunla görüşmək mənə də, nəsib olub. Ruhu şad olsun! 

 





21.10.2021    çap et  çap et