525.Az

"Prezident Zəngilanla bağlı şad xəbərlər verdi" - Elvin Əlizadə


 

ELVİN ƏLİZADƏ: "GƏLƏN İLİN ƏVVƏLİNDƏ AĞALI KƏNDİNƏ - "AĞILLI" KƏNDƏ BÖYÜK QAYIDIŞ BAŞ TUTACAQ"

"Prezident Zəngilanla bağlı şad xəbərlər verdi" -<b style="color:red"> Elvin Əlizadə</b>

Oktyabrın 20-də Zəngilanın işğaldan azad olunmağının ildönümü ilə əlaqədar Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Zəngilana səfər ediblər. Səfər zamanı Ağalı kəndində həyata keçirilən "Ağıllı kənd" layihəsi çərçivəsində görülən işlərlə, Zəngilan Beynəlxalq Hava Limanının tikintisi ilə, Dövlət Sərhəd Xidmətinin Zəngilan rayonunda yerləşən hərbi hissə kompleksində yaradılan şəraitlə tanış olublar, "Azərişıq" ASC-nin Zəngilan Rəqəmsal Yarımstansiyasının təməlqoyma mərasimində və 110/35/10 kV-luq "Zəngilan" yarımstansiyasının açılışında iştirak ediblər. Eyni zamanda, Prezident və xanımı Zəngilan rayon ictimaiyyətinin nümayəndələri ilə görüşüblər.

Səfərdə iştirak edən zəngilanlıların içərisində əslən Ağalı kəndindən olan Azərbaycan Yazıçılar Birliyinin üzvü, Sumqayıt Poeziya evinin əməkdaşı Elvin Əlizadə də var idi. Artıq ikinci dəfə idi ki, Elvin  Prezidentin iştirakı ilə Zəngilana səfər edirdi. O, səfər təəssüratlarını "525-ci qəzet"lə bölüşüb.

Elvin Əlizadə qeyd edib ki, ana təbiət də bu qayıdışı hiss edib: "Bu mənim Zəngilana ikinci səfərimdir. Zəngilana səfər xəbərinin sevincini ifadə eləmək çox çətindir. Hava çox yağışlı idi. Sanki, möcüzə baş verdi - Qarabağa daxil olanda yağış kəsdi, gün çıxdı. Həmin günün səhəri Zəngilana gedəndə yenə hava yağışlı idi, biz çatanda gün şəfəqlərini saçmağa başladı. Təbiət də bizim sevincimizdən xəbərdar idi. Elə bil, ana öz balasını qəbul edəcək deyə, hər şey dəqiq hesablanmışdı, o torpaqlarda bu görüş üçün hazırlıq görürmüşdülər".

Səfərdən qürurla bəhs edən Elvin Əlizadənin sözlərinə görə, Zəngilanda çox sürətlə yenidən bərpa işləri gedir. O, vurğulayıb ki, Prezident zəngilalılarla səmimi ünsiyyətdə olub, onların xatirələrini dinləyib: "Cənab Prezident Zəngilanla bağlı şad xəbərlər verdi. Ali Baş Komandan Zəngilandakı quruculuq işləri ilə tanış oldu. Zəngilanla əlaqədar yeni qərarlar verdi. Prezidentin Bəsitçay Dövlət Qoruğunun yenidən fəaliyyəti barədə imzaladığı fərman bizi çox sevindirdi. İlham Əliyev rayon ictimaiyyəti ilə tanış olduqdan sonra rayonun müəyyən yerlərini birgə gəzintiyə çıxdıq. Sökülən evlərin sahibləri də bizim aramızda idilər. Onlar öz ata-baba yurdları haqqında Prezidentə məlumat verdilər. Erməni vandalizminin nəticələri insanları çox sarsıtmışdı. Bəzi məşhur binalar var idi ki, tamamilə tanınmaz hala düşmüşdü. Yerli sakinlər bu binalar barədə Prezidentə ürək yanğısı ilə bəhs edirdilər. Zəngilanın azad olunmaq xəbəri keçmiş prokurorluğun binasının qarşısında məruzə olunmuşdu. Cənab Prezident göstərdi ki, orada dalğalanan bayrağı mən ucaltmışam. Bütün bunlar bizim üçün böyük fəxr idi. Rayonun mərkəzi küçələrində xeyli dolaşdıq. Çox maraqlı söhbətlər oldu".

Elvin Əlizadə "Ağıllı" kənd layihəsi çərçivəsində yenidən qurulan doğma Ağalı kəndindən də bəsh edib: "Cənab Prezident vurğuladı ki, ola bilsin, bu ilin sonu, gələn ilin əvvəlində Ağalı kəndinə - "Ağıllı" kəndə böyük qayıdış baş tutacaq. Kəndimizdə bütün işlər tamamlanmaq üzrədir".

Gənc qələm adamı Qarabağın azadlığının bədii yaradıcılığına böyük təsiri barədə danışıb. O qeyd edib ki, parlaq zəfərimiz bizi məğlub ölkənin yazarlığından xilas elədi, qalib ölkənin qələm adamına çevirdi: "Qarabağ zəfəri ədəbiyyatda obrazları, mahiyyəti, motivləri dəyişdi. Əvvəl bədbin ruhda şeirlərə üstünlük verirdik. Hətta, bir çoxlarının Qarabağa qayıtmaq ümidi ölmüşdü. Amma mən və mənim kimi bir çox insanın qəlbində, hələ də, böyük bir inam var idi. Mən bilirdim ki, gec-tez o torpaqlara qayıdacağıq, haqq-ədalət qələbə çalacaq. Zəngilandan qayıdandan sonra bir şeir yazmışdım - "Dünən Zəngilana getmişdim, ata"... Qalib ruhda yaradıcılıq nümunələri ərsəyə gəlməlidir. Səfər zamanı kamança ustası Elnur Əhmədovla bu haqda söhbətimiz oldu. Əvvəl el şənliklərimiz "Qarabağ" şikəstəsi ilə başlayırdı: "Aləm cənnətə dönsə, yaddan çıxmaz Qarabağ!". Söz, sənət, musiqi Qarabağın unudulmamağına xidmət edirdi. Biz bundan sonra elə əsərlər yaratmalıyıq ki, daha möhtəşəm olsun. Qələbə ruhlu şeir yazmaq bədbin şeir yazmaqdan daha çətindi. Qələbə haqqında ən böyük şeiri əsgərlərimiz, şəhidlərimiz yazıb. Biz nə yazacağıqsa, onların kölgəsində qalacaq. Amma hər bir mədəniyyət adamı, qələm sahibi Qarabağ zəfərinə rəng qatmağa çalışmalıdır".

Elvin Əlizadə sonda vurğulayıb ki, Zəngilan tam abadlaşandan sonra mütləq doğma torpağına qayıdacaq: "Dövlətimiz tərəfindən indiyə kimi bizə hər cür qayğı və diqqət göstərilib, müəyyən imtiyazlar verilib. Bundan sonra da Zəngilanda müxtəlif iş yerləri yaradılacaq. Mən də, bir mədəniyyət işçisi kimi, orada işləməyə, yazıb-yaratmağa hazıram. Bu mənim borcumdur".

Zəngilanlıların sevincinə şərikik. Nəinki zəngilanlılar, bütün Azərbaycan o torpaqların azadlığına görə qürur hissi keçirirlər. İnanırıq ki, Qarabağ əvvəlkindən də yaxşı - innovativ standartlara cavab verən bölgəyə çevriləcək.

Nadir YALÇIN
 

 





22.10.2021    çap et  çap et