525.Az

Göygöldə "Tanya" tarlaya çıxır


 

RUSİYADAN GƏTİRİLƏN BU TAXIL SORTUNUN ƏKİNİ HEYVANDARLIĞIN YEM BAZASININ ZƏNGİNLƏŞDİRİLMƏSİ ÜZRƏ EKSPERİMENTLƏR ÇƏRÇİVƏSİNDƏ APARILIR

Göygöldə "Tanya" tarlaya çıxır<b style="color:red"></b>

Heyvandarlıq sahəsində məhsuldarlığın yüksəldilməsinin başlıca amili mal-qaranın yem rasionunun zənginliyi və rəngarəngliyidir. Bu baxımdan, dünyanın qabacıl aqrar ölkələrində yem bazasını formalaşdıran btkilərin tərkib zənginliyinin təmin edilməsi yönündə ardıcıl işlər aparılır.

Ölkəmizdə də bu sahədəki yeniliklər diqqətdə saxlanılır, yemlik bitkilərin kəmiyyət və keyfiyyət göstəricilərinin yüksəldilməsi üzrə tədbirlər görülür. Göygöl rayonunda yerləşən Heyvandarlıq Elmi Tədqiqat İnstitutunda ilk dəfə olaraq, payızlıq taxıl əkinini mövsümündə,  xaricdən gətirilən yüksək keyfiyyətli buğda sortundan istifadə edilməsi də bu məqsədlərə xidmət edir.

Bu qurumun bazasında 23 hektar sahədə yerli  "Cəlilabad-19"  arpa sortunun əkini yekunlaşdıqdan sonra, 40 hektar sahəyə Rusiyadan gətirilmiş "Tanya" sortlu taxılın səpini aparılır. Son dövrlər yem tədarükü üçün səmərəli sortlardan biri kimi tanınan bu taxıl dəmyə şəraitdə yaxşı yetişən bitkilərdən sayılır və hər hektara 3 tona yaxın məhsul verə bilir. Sort həmçinin şaxtaya və quraqlığa, eləcə də müxtəlif xəstəliklərə qarşı dözümlüdür.

Heyvandarlıq sahəsinin yem bazasının zənginləşdirilməsi üzrə araşdırmalar çərçivəsində institutun sahələrində dənli bitkilərlə yanaşı, digər fəsilə və növlərə aid bitkilərin də yetişdirilməsi həyata keçirilir.

"Sahələrimizdə həmçinin qarğıdalı, soya, eləcə də tərkibinə görə heyvandarlıqda böyük əhəmiyyət kəsb edən, Sorqo fəsiləsinə daxil olan yemlik bitkilərin səpinləri aparılır. Ötən il paxlalı bitki olan soyanın hər hektarından 25 sentnerədək məhsul götürdük. İstər onun, istər də digər yem bitkilərinin əkin sahələrini genişləndirməyi nəzərdə tutmuşuq" - deyə,  HETİ-nin böyük elmi işçisi Niyaz Abbasov  bildirib.

Amma mütəxəssislər sözügedən "Tanya" taxıl sortunun yığım mövsümünü maraqla gözləyirlər. Belə ki, indiyədək bu sort Rusiyada Şimali Qafqaz regionunda becərilmə üçün əlverişli hesab olunub. Daha cənubda yerləşən ölkəmizdə də bu taxılın məhsuldarlıq çıxımının yüksək olacağı proqnozlaşdırılır.

Zakir Muradov, 
Göygöl

 





22.10.2021    çap et  çap et