525.Az

Orta və ali məktəblərdə COVİD-ə yoluxma ilə bağlı xəbərlər artır - Sosial şəbəkədə yazılanlar


 

Orta və ali məktəblərdə COVİD-ə yoluxma ilə bağlı xəbərlər artır -<b style="color:red"> Sosial şəbəkədə yazılanlar</b>

Aydın Mirzəzadə, millət vəkili:

- Ermənistanın Xndzoresk kəndinin sakini Syunesiyə Gorus-Qafan yolunun Azərbaycan hissəsindən keçən zaman yol hərəkət qaydasını pozduğuna görə Azərbaycan Yol Polisi əməkdaşı tərəfindən cərimə protokolu yazılıb.

Bu barədə Yerevan.Todey yazıb.

Ermənistan vətəndaşı cəriməni necə ödəməyi bilmir.

Azərbaycan DYP-dən bildiriblər ki, cərimə ödənməsə, həmin avtomobil bir də Azərbaycan ərazisindən keçərsə, cərimə meydançasına yerləşdiriləcək.

***

Dilqəm Əhməd, jurnalist:

- Türkiyədə ilginc şeylər olacaq. Mühafizəkar cameənin adayı kim olacaq, maraqla gözləyirəm. CHP, görünür, bələdiyyə başqanları ilə deyil, Kılıçdaroğlunun özü ilə gedəcək, ona görə də hərtərəfli aktivləşib. Təbii olaraq, əsla şansı yoxdur. Bunun o qədər səbəbi var ki. Bilirsiniz. Yəni müxalifət qanadında həmənkilərdir.

Maraqlı mühafizəkar cameənin adayı olacaq.

***

Taleh Şahsuvarov, jurnalist:

- Orta və ali məktəblərdən COVİD xəbərləri gəlir və gələn xəbərlər getdikcə də çoxalır. İlk başdan demişdim ki, məktəblərdə pandemiyanı nəzarətdə saxlamaq olmayacaq. Bu gün bir qrupda bir nəfərdə yayılıb, 14 gün dərs keçirildi distanta, sabah o qrupda başqasında çıxacaq. Mən həmişə yüksək təhsilin tərəfdarıyam, amma sağlıq daha önəmlidir. Odur ki, təhsil tam olaraq distanta keçməlidir, pandemiya bitənə qədər. Yoluxmuş bir insanın müalicəsi ailələrə ən ucuz formada neçə yüz manata başa gəlir, izolyasiya, stress, risk...

***

Vilayət Quliyev, filologiya elmləri doktoru:

- 100 il bundan əvvəl, 1921-ci il martın 15-də erməni terrorçusu Soqomon Tehliryan Berlində Osmanlı imperiyasının keçmiş sədrəzəmi (baş nazir) Mehmet Tələt Paşanı qətlə yetirmişdi. Motiv Tələtin uydurma erməni "genosidinin" təşkilatçılarından biri olması idi. Berlin məhkəməsi qətlin affekt vəziyyətində törədilməsini əsas gətirərək caniyə bəraət qazandırmışdı.

Öldürülən həmin Tələt Paşa idi ki, İttihad və Tərəqqi hökumətinin daxili işlər naziri olarkən Əhməd Ağaoğlu ilə söhbət zamanı onun "Bəs ermənilərə münasibətdə hansı mövqeyi tutacaqsınız?" sualına belə cavab vermişdi: "Türklərlə eyni münasibəti. Biz gənc türklər üçün artıq erməni-türk söhbəti yoxdur. Biz ümumi bir vətənin övladlarıyıq. Bu vətən hamımızın üzərinə eyni vəzifələr qoyduğu kimi, hamımıza da eyni hüquqlar verməlidir. Üstəlik də, ermənilər dövlətimizin ən fəal, ağıllı, işgüzar vətəndaşlarıdır. Onlar vətənimizi sevirlər, indiyə qədər bizdən çox təzyiqlərlə üzləşsələr də, azadlıq mübarizəmiz üçün az iş görməyiblər, bizdən az qurban verməyiblər. Artıq onlar əsgər kimi türk ordusuna alınacaqlar və inanıram ki, bu sahədə də özlərini göstərəcəklər. Bir sözlə, səltənətin gələcəyi üçün biz başqaları ilə müqayisədə erməni vətəndaşlarımızdan daha çox şey gözləyirik" (Əhməd Ağaoğlunun "Yeni daxılı işlər nazirinin yanında. Türklər və ermənilər" adlı yazısı "Kaspi" qəzetinin 1909-cu il 187-ci sayında dərc olunub).

Gözləntilər müqabilində Tələt Paşa erməni terrorçusunun gülləsini, türk xalqı isə dəhşətli xəyanət və satqınlıq aldı.

Ona görə də qonşuluqda yaşadığımız bütün müddət ərzində həqiqi "dəmir yumruq" xalqımıza qarşı cinayət törədən hər bir erməninin başını xəmirə çevirməlidir.

***

- Şuşi haradan çıxdı?

1843-cü il mayın 21-də rus çarı Birinci Nikolay tərəfindən Şuşa şəhərinin gerbi təsdiq olunub. Həmin dövrdə Şuşa inzibati baxımdan Xəzər vilayətinin Yelizavetpol quberniyasının tərkibinə daxil olduğundan (qəza şəhəri statusunda) gerbin yuxarı hissəsində Xəzər və Abşerona aid rəmzlər (Bakının gerbində yer alan alov dilləri də daxil olmaqla), aşağıda isə sırf Şuşa ilə bağlı simvolika (Asiya tipli yəhər və yüyənli Qarabağ atı) yer alıb. Ermənilər iştahalarının və həyasızlıqlarının hüdudsuzluğuna baxmayaraq, hələ də Qarabağ atlarına iddiaçı çıxa bilməyiblər. Deməli, gerb dili olan rəmzlər sırf Azərbaycana bağlıdır.

Yaxşı, bəs nədən ermənilər "qədim erməni şəhərinin" adının 1843-cü ildə Şuşi kimi göstərməsinə nail olmayıblar? Axı Azərbaycan türkləri ilə müqayisədə onlar xristian qardaşları ruslarla daha yaxın idilər. Rus işğal qüvvələrinə bələdçilik edirdilər. Qarabağ xanlığının ləğvindən sonra Şuşanın idarəçiliyi Valerian Mədətov, Aşot Xandəmirov, Tarxan Maurarov kimi erməni əsilli nüfuzlu rus əlaltılarının ixtiyarında idi. Niyə onlar "doğma şəhərə" qədim adını qaytarmaq barəsində düşünməmişdilər? Niyə ruslar Ağdam, Cəbrayıl, Qubadlı, Zəngilan, Laçın, Kəlbəcər kimi adların ermənilərin indi hər vasitə ilə dövriyyəyə soxmağa çalışdıqları uydurma variantlarından istifadə etməmişdir? Aydın məsələdir, çünki dövrün rus məmurları boş erməni nağıllarına deyil, tarixi vəsiqələrə, yazılı mənbələrə inanmışdılar.

Şuşanın adını Şuşiyə çevirmək ideyası Birinci Qarabağ müharibəsindən və şəhərin işğalından sonra meydana çıxmışdı. Eyni zamanda başa düşmüşdülər ki, şəhəri məsələn, Craberd, yaxud Tiqranakert adlandıra bilməzdilər. Bu, lap ağını çıxarmaq və Şuşanın 200 illik tarixi üzərindənn xətt çəkmək olardı. Ona görə də sondakı bir hərfi dəyişdirməklə Şuşanı "erməniləşdirmək" fikrinə düşmüşdülər.

Gülünc təşəbbüsdür. Fransızlar öz paytaxtlarına Paği deyirlər, ruslar, elə də biz Paris deyirik. Amma bu tələffəz fərqindən fransız şəhəri rus, yaxud Azərbaycan şəhərinə çevrilmir... Musiqili Şuşa ilə bağlı isə Krılov babanın sanki ermənilərə ünvanlanmış bu misraları lap yerinə düşür: "A vı, druzğə, kak ne saditesğ, Vse v muzıkantı ne qoditesğ!" Murdar əllərinizi Şuşadan çəkin! Gedib Hindistanda özünüzə Nor-Şuşi şəhəri tikin və şüvəninizi davam etdirin.

***

Azad Əliyev, jurnalist:

- Hələ tələbə ikən Qumda dini təhsil alıb vətənə qayıtmış bir gənclə ünsiyyətdə olarkən vəziyyətin nə qədər ciddi olduğunu anlamışdım. Fars şovinist müəllimləri din təhsili pərdəsi altında adamın beynini elə ustalıqla yumuşdular ki, Azərbaycanın 1918-ci ilədək dövləti olmadığını və bu müddət ərzində yalnız bu coğrafiyada farsların dövlət qurduqlarını deyirdi. Mən sizə 1999-cu ildəki əhvalatı nəql edirəm. 2021-ci ilədək minlərlə belə gəncimizin beyni zəhərlənərək geri göndərildi. Ona görə mənə deməyin ki, kimsə şəhid yaxınına kömək etdi, qaziyə baş çəkib yardım etdi. Həmişə vicdanını, vətənini satan adamların üzlərini tutub gizləndikləri qalxanları urapatriotluq olur. İnsanların qəlblərindəki sarı simə toxunub xımır-xımır missiyalarını yerinə yetirirlər. Görə-görə gəlirik.

***

Aqşin Kərimov, jurnalist:

- Qərbin dəstəyi ilə Mixail Qorbaçova Nobel mükafatı verilib deyə, bəzi milli QərbPƏRƏSTlər Qorbaçovu az qala mələk elan edir.

Bir müsahibə oxudum, ordan bu qənaətə gəldim.

Qısası, bunlara görə, Qorbaçov gözdür, qaşdır, ürəkdir!

Qırğınların müəllifi Qorbaçova bu cür simpatiya ürək bulandırır, ikrah yaradır.

***

Fərasət Qurbanov, Azərbaycan Respublikasının Prezidenti yanında QHT-lərə Dövlət Dəstəyi Şurası Katibliyinin İcraçı direktoru:

- Ermənilər son 100 ildə başlarına gələnləri müzakirə ediblər. Bu məqsədlə Ermənistan Milli Elmlər Akademiyasının təşkilatçılığı ilə "Ermənistan bölgəsi: Dərslər, dəyərlər, perspektivlər" mövzusunda beynəlxalq konfrans keçiriblər. Konfransda ermənilər tərəfindən təkrarlanan tarixi səhvlər və onların aradan qaldırılması yolları müzakirə edilib. Ermənistan Milli Elmlər Akademiyası Tarix İnstitutunun direktoru, akademik Aşot Melkonyan İkinci Qarabağ müharibəsinin tez başa çatmasını 100 il əvvəl buraxılan səhvlərin təkrarlanmasında görür. Aşot Melkonyan 1921-2021-ci illər arasında paralel apararaq bildirib ki, regionda indi yeni status-kvo uğrunda mübarizə gedir. O, həmçinin, Rusiyanı regionda strateji xarakterli səhv etməkdə də günahlandırıb. Melkonyan bildirib ki, "Rusiya artıq bölgəni təkbaşına idarə etmir, Türkiyə ilə yenidən əməkdaşlıq etməli və eyni zamanda ona qarşı mübarizə aparmalıdır. Əgər 1921-ci ildə bölgədə Türkiyə və Rusiya olmaqla iki diktə edən var idisə, bu gün 44 günlük müharibə zamanı hərəkətsiz siyasət yürüdən və indi "təhlükəni" görən regional inkişaflarda fəal iştirak edən İran da cəlb olunub".

Beləliklə, ermənilər İranı da hərəkətsizlikdə günahlandırırlar. Göründüyü kimi, ermənilər Rusiya ilə yanaşı, İrandan da konkret hərbi müdaxilə dəstəyini umublar. Baxmayaraq ki, İran belə bir müdaxiləyə cəhd göstərib. Azərbaycan rəhbərliyinin təmkinli davranışı ilə bu müdaxilənin qarşısını alıb. Sonda ermənilər  xarici siyasətdə düzgün mövqe tutmaq və silahlı qüvvələri bərpa etməyin vacibliyini bildiriblər. Bu da onu deməyə əsas verir ki, ermənilərin ərazi iddiaları hələ bitməyib. Əslində, ermənilər növbəti 100 ilin planlarını və bununla əlaqədar atılacaq strateji addımları müzakirə ediblər. Azərbaycanın müvafiq dairələri də ermənilərin bütün hərəkət və addımlarını yaxından izləməli və onların təsirlərinin zərərsizləşdirilməsi üçün lazımi tədbirlər görməlidir.

***

Sahib Məmmədov, siyasətçi:

- Rusiyada koronovirusa görə 8 gün iş olmayacaq və təhsil müəssisiələri bağlanacaq. Sonra vaxtın artırılması da ola bilər. Əhali sayı ilə götürdükdə bizdə yoluxma artıq Rusiyadan çoxdur.  Heç olmasa təhsili onlayn etmək və toylara nəzarəti artırmaq lazımdır. Toylarda kim nə qədər istəyir, o qədər də insan dəvət edir. Tam korrupsiyalaşıb bu məsələ.
 

 





22.10.2021    çap et  çap et