525.Az

Gənclik xətaları - Şahnaz Şahinin essesi


 

Gənclik xətaları -<b style="color:red"> Şahnaz Şahinin essesi</b>

Görkəmli fizik İsaak Nyuton hesab edirdi ki, sevgi körpü qurmaqdır, insanlar isə körpü qurmalı olduqları yerdə divar hörürlər və buna görə də yalnız qalırlar.

Hər şeyin bünövrəsi nəinki uşaqlıqdan, hətta ana bətnindən qoyulur. Bu, dərin tibbi məsələdir və mənim məsələnin bu tərəfindən söz açmaq fikrim yoxdur. Genetik olaraq bir çox bacarıqlar, istedad filan da ötürülür körpəyə, məsələn, elə hər hansı musiqi alətində ifa etmək bacarığı, gözəl səs, musiqi duyumu, elmin bu, ya başqa sahəsindəki biliklər. Amma hamilə qadının heç bir qan qohumluğu olmayan, tamamilə kənar, heç həyatda tanımadığı insanın heyran olduğu hər hansı bacarığı onun  övladının gələcək həyatında dominant əlamət kimi ortaya çıxa bilər. Bəli, arzulamaq, istəmək, düşünmək gerçək həyata təsir edir. Əbəs yerə demirlər ki, "insanı fikirləri idarə edir" və ya "ağıla gələn başa gələr". 

Gənclik insan həyatının əvəz olunmayan, arzulardan qanad çıxaran, cəsarətli, çılğın, qaynar və şux dövrüdür. Enerji dolu, fiziki cəhətdən güclü, sanki qollarında dağı dağ üstə qoymaq gücü hiss edən dəli-dolu gənc, həm də özünü hamıdan ağıllı hesab edir və  səhvlərdən uzaq olduğunu düşünür. Amma bəzən elə böyük uğurlara da, xətalara da əsasən bu dönəmdə imza atır. Gənc insan özünün dünyanı kökündən dəyişdirə biləcəyinə belə inanır! Bəs insan xarakteri necə formalaşır? Həyatının hansısa mərhələsindəsə dəyişirmi, haqlı olduğu məqamlara görə qürur hissi keçirdiyi qədər buraxdığı səhvlər üçün də peşman olurmu?.. 

Deyirlər insan yeddisində nədirsə, yetmişində də elə odur, nə deyim, razılaşmamaq olmur (Dəyişmə məsələsini başqa bir yazıda xırdalamışam, bu, yalnız şəxsin öz istəyi və üzərində işləməsilə mümkündür). 

Uzun illər öncə yaxın bir adamın etdiyi kobud hərəkətin ucbatından aramıza yağan qarları zaman əritdiyini və onun da ta bu yaşda səhvini anlamış olduğunu düşünürdüm, amma təsadüfən məlum oldu ki, adam o vaxt dediyini indi də dəstəkləyir! Yaşı artıb, vəssalam, bax ən pisi də budur...

Deməli, zaman heç də yaxşı müəllim və ya həkim deyil, sadəcə biz olanlara başqa yöndən baxırıq, eynən mənim kimi. Bu yaxınlarda bir qohumun qonağıydım, evdə iki uşaq böyüyür, iki can parçası nəvə, biri oğlunun, biri də qızının. Müşahidəm məni kədərləndirdi, yaşca böyük olan oğlan hələ heç yeriməyən qıza nəvaziş göstərmək istərkən balacanın anası tərəfdən kobud və əsəbi şəkildə rədd edildi. Pərt olan uşaq isə lal-dinməz geri çəkildi. Qəti əminəm ki, bu hərəkət uşağın şüuraltında yazılıb qaldı və heç bir vaxt unuda bilməyəcək.

İrqindən, dinindən asılı olmayaraq uşaqları sevmək, onlara olduqca həssas və diqqətli yanaşmaq lazımdır. Bu gün aldığı travma, ruhuna vurduğun zərbə sabah hansısa formada elə bu cəmiyyətə qayıdacaq. Uşaqların qəlbi bütün xəbislik və pisliklərdən kənar olur, onu kirlətmək olmaz! Dünyanı təzələnməyə vadar edən bu mələküzlülərə yaxşı nümunə olmalıyıq... Bu gördüklərim özümün də uşaqlıq yaddaşımı təzələdi...

- Bir imkanlı, yüksək vəzifə sahibi olan qohumumuz vardı, bir dəfə anamla onlara getdik, 7-8 yaşım olardı, ev sahibinin mənimlə həmyaş qızları olduğundan gecə də qalmaq istədim. Anam icazə verdi, onlar rayon mərkəzində yaşayırdılar. Anam qapıdan çıxandan evin yuxarı siniflərdə oxuyan ortancıl oğlu mənim orda qalmamağım üçün əməlli-başlı işə başladı. Elə şeylər dedi ki, darıxım, öz xoşumla gedim. İstədiyinə çatdı, bir az keçmiş mən həqiqətən anam üçün, evimiz üçün darıxmağa başladım. Oğlan sevincək, çiynindən daş yerə qoymuş kimi tez məni götürüb anamın hələ də dayanıb avtobus gözlədiyi dayanacağa gətirdi və 

- Bibi, qız qalmaq istəmədi, darıxdı, ağladı! - söylədi. 

Mən, uşaq olduğumdan həqiqətləri illər ötəndən sonra dərk elədim və qəlbimin qapıları o insanların üzünə bağlandı. Çox sonralar, artıq həyatda gərəkli mövqe sahibi olandan sonra və əlimdə olan imkanlar daxilində o ailənin üzvlərinə dayaq durdum, kömək elədim. Bu zaman artıq çox şey dəyişmiş, ailə ard-arda çox ağır sınaqlarla üzləşmişdi, ta o gəlhagəl də yox idi. Bəli, bu, elə taleyin ironiyası idi, onları mənim qapıma gətirmişdi... Bu gün də içimdə həmin günün acı xatirələri yaşayır, bəli, uşaqlıq heç yerə getmir, əzizlərim!

...Sıfırdan başlayaq, yoxdan doğulaq,
Yuyunaq bakirə göz yaşlarında.
Sındıraq, dağıdaq təkəbbürləri,
Əfv umaq bir körpə baxışlarından...
Gedək uşaqlardan sevmək öyrənək! 

Yaşadığımız dünyada deyilən hər bir söz, görüb görmədiyimiz hər bir əşya vəzifə tutumundan daha nəhəng məsələlərin açarıdır. Əhəmiyyətsiz hesab etdiyimiz bir çox şeylər sadəcə var deyil, o, həm də yaşlı ağac kimi köklü-köməcli məsələlərdir. Yaxa qurtara bilmədiyimiz, adət-ənənə deyib təpəmizə çıxardığımız bir çox şeylərin kökü var. Min illərin üstündən "uğurla" adlayıb təəssüf ki, bu günümüzü də zəbt edən gəlin-qayınana, gəlin-baldız və s. məsələlərdən necə can qurtarasan? Az bir hissə bacarır, gəlinə ana ola bilən qayınana, qayınanasını anası qədər sevən gəlin artıq bu tabunu sındırmış hesab edilir. Amma bu, azdır, çox az... Və bu işlərdə təəssüf olsun ki, özünün ailə həyatında psixoloji zədə almış keçmiş gəlin və indiki qayınana mühafizəkar mövqe sərgiləyir, necə deyərlər, bir növ gördüklərini tətbiq edir.

Sözsüz ki, ailədə kişi və qadının öz rolu var, amma hələ də cəmiyyətdə də, elə ailədə də qadınla kişinin hüququ bərabər deyil, deməli, patriarxiyanı dəyişmək iqtidarında deyil insanlar, çünki onun da kökləri çox dərindədir. 

Cəmiyyətdə sanki bir kabus kimi dolaşır dözümsüzlük, insanlar bir-birinə çiyni üstdən baxmağı vərdişə çevirir, hamı ağıl etalonuna dönüb elə bil, "hamıdan gözəl mənəm" deyərək dost axtarışına çıxan Tıq-Tıq xanım sayağı düşdüyü eqo gölməçəsində boğulsa da, inadından əl götürmür. Bütövlükdə cəmiyyət xəstədi, tək-tək fərdlər yox... 

Bir səhər, 
oyanıb görərsən ki, 
yoxdu dəniz..
Əllərində quruyar 
dünyanın ən gözəl çiçəkləri...

Həyatda baş verənlər tam bir qanunauyğunluqla baş verir. Hər şey sanki ardıcıl düzülmüş domino daşları kimidir, bir toxunuş və vəssalam! Elə "Kəpənək effekti" kimi. Bu riyazi terminə əsasən, hesablama zamanı rəqəmlərin birində edilən kiçik bir dəyişiklik sonda böyük fərqlər yarada bilər. Proqnozlaşma modelinin yaradıcısı E.Lorens sübut edir ki, bütün dəqiq sistemlərdə əhəmiyyət verilməyən xırda xətalar olur və elə bu da iri xaoslara gətirib çıxarır. Bu fenomenin mənası isə budur ki, məsələn, "Bir kəpənəyin qanad çalması dünyanın yarısını ağuşuna ala biləcək bir qasırğanın yaranmasına səbəb ola bilər". Eynən gənclik xətaları kimi... 

Unutmayaq, əsas məqsəd günahsız olmaq yox, Tanrını dərk etmək olan dünyada sevmək ən ali bacarıqdır, elə Dostoyevskiyə istinad etsəm: "Birini sevmək, onu Tanrının istədiyi kimi görməkdir!"

Tanrı bəndələrini sevək ki, Tanrı da bizi sevsin...
 

 





22.10.2021    çap et  çap et