525.Az

"Nuhun gəmisi"ni harada axtarmalı? - EL Roman yazır


 

"Nuhun gəmisi"ni harada axtarmalı? -<b style="color:red"> EL Roman yazır</b>

Nuh tufanı bir neçə mədəniyyətdə və dini kitabda dünyanın ən əsrarəngiz və ən böyük fəlakətlərindən biri olaraq yer alır. Əsrarəngiz deyirəm, çünki tufanda qurtulanları daşıyan gəmi bu gün dünyanın hər hansısa bir yerində kəşf olunmağı gözləyən sirrə çevrilib. 

Yaşananların gerçək ya da uydurma olması ilə bağlı düşünən insanlar iki qrupa bölünür. Bir çoxu bu hadisəni hətta lağlağa mövzusuna çevirsə də, əslində, vəziyyət ABŞ-ın məsələyə müdaxilə edib bəzi sənədləri gizlətməsi qədər ciddidir. 

Tufanın ardınca suların çəkilməsindən sonra quruya çıxan gəmi haradadır? Uzun zaman dünyanın hər yerindən araşdırmaçılar bu gəmini axtarırdı. Bütün işarələr gəminin Mesopotomiya və çevrəsində olduğunu düşündürürdü. Axtarılan gəminin uzunluğu təxminən 200, genişliyi 35, yüksəkliyi 20 metrə qədər idi. 

Fridrix Perot gəminin izinə düşən ilk araşdırmaçı idi. Mənbələri araşdıraraq Türkiyədəki Ağrı dağının zirvəsinə çıxan Perot üçün bu cəhd nəticəsiz qaldı. 

1916-cı ildə rus pilot Vladimir Roskovski uçuş zamanı gözünə dəyən gəmi parçasını axtarmaq üçün Ağrı dağına gəldi. Amma 100 nəfərdən ibarət rus komandasının axtarışı da nəticə vermədi. 

1994-cü ildə ABŞ-a aid olan gizli bir sənəd tapıldı. Belə ki, 1949-cu ildə ABŞ hava qüvvələrinə aid təyyarə SSRİ-yə qarşı gizli əməliyyatla bilgi toplayacaqdı. Pilotlar Ağrı dağının üzərindən keçəndə qəribə formalı obyektlər gördülər. Görüntüləri görən kəşfiyyat mərkəzi həmin obyektləri gəmi qalıqlarına bənzətdi və oraya araşdırma komandası göndərdi. Ancaq bu dəfə də araşdırmanın nəticəsində gəmiyə aid heç bir iz tapa bilmədilər. 
Fransanın Dijon və Lion şəhərləri arasında qalan Sena dağında araşdırma etmiş geologiya professoru və paleontoloq Albert Quardi uzun araşdırmaların sonunda bu cür açıqlama verdi: "Zirvədəki qayalardan birində yarıq vardı və bu yarığın içi heyvan sümükləri ilə doluydu. Hansı səbəbdən bu qədər qurd, at, ayı və öküz hər yerdən uzaqda olan bu təpəyə çıxmışdı? Niyə hamısı eyni yerdə və eyni anda ölmüşdü?" 

Fikrimcə, bu da Nuh tufanını isbat edən bir nəticə deyil. Tarixin müəyyən dövrlərində irihəcmli suların enmə və qalxmaları müşahidə edilib. Düşünürəm ki, səbəb yüksələn dalğalardan qaçan heyvanların məhz oraya sığınmaları da ola bilər. 

Yəni onu deyim ki, məsələ artıq çoxdandır dini, mifik kontekstdən çıxaraq, elmi səciyyə daşımağa başlayıb. Belə ki, sovet dövründə məşhur Avropa və Rusiya arxeoloqları bu məqsədlə Qafqaz coğrafiyasına çox səfər etdilər. Amma onları elmdən də çox, siyasi məsələlər maraqlandırırdı. Onlar xristian təəssübkeşliyini burada da önə çəkmək fikrində idilər. Bu səbəbdən də bir çox xristian alimlər qeyri-səhih informasiyalar yaymağa başladılar. Məsələn, Türkiyədə olduğu kimi Naxçıvanda da bu işə gizli yolla girişmək istəyən Andrey Polyakov və onun ətrafındakılar qanunsuz şəkildə Naxçıvana gəlib elmi əsası olmayan məlumatlar yaydılar. 

Fikrimcə, hətta min illər keçsə belə, bu mövzu öz aktuallığını müəyyən qədər qoruyacaq və öz əsrarəngizliyini heç vaxt itirməyəcək. Bunun nəticəsidir ki, bu ölçülüb-biçilmiş sirr həmişə maraqlı olaraq qalacaq.
 

 





22.10.2021    çap et  çap et