525.Az

"The Economist"dəki yeni gizli mesajlar


 

"The Economist"dəki yeni gizli mesajlar <b style="color:red"></b>

"The Economist" jurnalı 18 sentyabr 2021-ci il tarixli "Dovşan dəliyindən aşağıya" başlıqlı nömrəsində yenə də gizli mesajlar ötürüb. Jurnalın bu nömrəsinin üz qapağında "Alisa möcüzələr ölkəsində" mövzusu işlənilib. Şəkildə Alisa və dovşan bir dovşan dəliyindən baxarkən təsvir edilib. Çuxura tərəf yaxınlaşan bəzi kriptovalyutalar və maliyyə ilə bağlı loqolar da var. İlk baxışda düşünülür ki, kriptovalyutalar çuxura düşəcək, yəni böyük bir çöküş yaşayacaq. Amma həqiqət belə deyil. Jurnal bu mesajla, əslində, kriptovalyutaların dəyərinin artacağını vurğulamaq istəyir.

Buradakı vacib detal məhz dovşan dəliyidir. Bildiyimiz kimi, Alisa dovşanın arxasınca qaçaraq dovşan dəliyinə düşmüş, sonra da özünü möcüzələr ölkəsində tapmışdı. Elə burada da Alisanın, yəni şəkildəki Alisa obrazı ilə təmsil olunmuş bəşəriyyətin kriptovalyuta ilə yeni bir dünyaya qapı açacağını anlamaq mümkündür. Amma bu yeni dünya möcüzəvimi olar, yoxsa bərbadmı, bunu demək çətindir. 

"The Matrix" filmində Neodan soruşulan sual hazırda bizdən soruşulur. İnsanlıq iki seçim arasında qalıb. Kriptovalyutalara inanaraq onların arxasında gedib heç bilmədiyimiz möcüzələr ölkəsinəmi gedəcəyik, yoxsa onların olmadığı bir dünyanımı seçəcəyik? 

Dovşanın qolunda bir saat var və tam dəqiq görünməsə də saatın 11:11-i göstərdiyi bilinir. Bu say onlar üçün önəmlidir. Hətta bundan əvvəlki bəzi qapaqlarında da bu sayın qəsdən işləndiyini görmək mümkündür. Buradakı saatla zamanın artıq gəldiyi, yəni kripto dünyasına keçmək üçün gecikməmək lazım olduğu vurğulanır. Elə filmdəki səhnədə də dovşanın saatı göstərərək Alisaya artıq zamanın gəldiyini dediyi, Alisanın isə həmin səhnədə dovşanın ardınca qaçaraq həmin çuxura düşdüyü göstərilmişdi. 

Təsvirin orta hissəsində çuxura ən yaxın çəkilən "Etherium" kripto loqosunu görürük. Onun ardınca üzərində Bitkoin, Dollar, Tərəzi simgəsi və Mərkəzi Bank təsviri olan dəmir pullar gəlir. Hamısının o dəliyə qaçdığını açıq şəkildə görmək mümkündür. Kriptovalyutalardan başqa da fərqli dəyərlər var, amma çatdırılmaq istənilən fikir yeni bir dövrün başlayacağı, bütün dünyanın bundan təsirlənəcəyidir. 

Təsvirdə Alisanın bədən dilinə diqqətlə baxsaq görərik ki, kifayət qədər təmkinli dayanıb və olanları diqqətlə izləyir. Eyni zamanda arxaya tərəf uzanan əlindən yeni dünyadakı vəziyyətin necə olacağı haqqında narahat göründüyünü də söyləmək mümkündür. Buradakı başqa önəmli məsələ Alisanın ayağının dibində təsvir olunmuş ilandır. Daha diqqətlə baxsaq, ilanın üstündə kriptovalyutaya xas olan rəqəmlər çoxluğunu görmək olar. İşin qəribə tərəfi isə ilanın başının artıq çuxura girməsidir. İlan bir çox mitologiyada şəri təmsil edir. Düşünürəm ki, məhz ilan kriptovalyutaların təhlükəsini vurğulamaq üçün seçilib. 

Yuxarıda ağacların üstündə qara rəngli pişik görürük. Bu pişik "Alisa möcüzələr ölkəsində" filmində də vardı. Filmdəki pişik qısa, keçici və yox olmağa məhkum olan bir film qəhrəmanı idi. Əgər şəkildə də bunun üçün çəkilibsə, kriptovalyutalar barədə möhtəşəm mesaj olduğunu demək mümkündür. 

Alisa "Hansı yoldan getməliyəm?" deyəndə pişik "Hansı yoldan getmək istəyirsən?" deyə soruşdu. Alisa bilmədiyini dedi. Pişik də "o halda, hansı yoldan gedəcəyinin bir fərqi yoxdur" dedi. 

Bəs insanlıq hansı yolu seçəcək?

 





22.10.2021    çap et  çap et