525.Az

Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyasının 100 illik yubileyinə həsr olunmuş konsert keçirilib


 

Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyasının 100 illik yubileyinə həsr olunmuş konsert keçirilib<b style="color:red"></b>

22 oktyabr, 2021-ci il tarixində Müslüm Maqomayev adına Azərbaycan Dövlət Akademik Filarmoniyasında Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyasının 100 illik yubileyinə həsr olunmuş tədbirlər çərçivəsində Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının professor, müəllim və tələbə heyəti ilə Görüş-konsert keçirilmişdir. Qeyd etmək lazımdır ki, Musiqi Akademiyasının 100 illik yubileyi çərçivəsində Azərbaycan, o cümlədən, xarici ölkə universitetləri ilə tez-tez görüş-konsertlər keçirilir.

Konsertin dirijorları Azərbaycanın xalq artisti Yalçın Adıgözəlzadə və Əməkdar artist Fuad İbrahimov olmuşdur.

Öncə çıxış üçün səhnəyə Azərbaycanın xalq artisti, professor Zəhra Quliyeva dəvət olunub. DİA-nın professor, müəllim və tələbə heyətini salamlayan Z.Quliyeva bu il 100 illik şanlı yubileyini qeyd edən Bakı Musiqi Akademiyasının yaranma tarixi, inkişaf yolu, habelə, bu müqəddəs ocağın yetişdirdiyi istedadlı musiqiçilər haqqında məlumat verib.

Konsert proqramı dahi Ü.Hacıbəylinin “Koroğlu” operasından Üverturanın səsləndirilməsi ilə başlayıb.

Bundan sonra vokalçı S.Nəsibli Niyazinin “Arzu” əsərini, Azərbaycanın Əməkdar artisti Aleksey Miltıx görkəmli rus bəstəkarı S. Raxmaninovun “Vocalise” əsərini səsləndirib.

Daha sonra dinləyicilərə Azərbaycanın Xalq artistləri Yeganə Axundova və Murad Hüseynovun ifasında fransız bəstəkarı F. Pulenkin iki fortepiano və simfonik orkestr üçün Konserti (II və III hissələr), Əməkdar artist, Bakı Musiqi Akademiyasının baş müəllimi İlham Nəzərovun ifasında G. Hendelin “Rinaldo” operasından ariya, S.Nəsirli və İ. Nəzərovun ifasında Azərbaycanın Xalq artisti F.Bədəlbəylinin “Ave Maria” əsəri təqdim olunub.

Konsert proqramının davamında Azərbaycanın Xalq artistləri Fərhad Bədəlbəyli və Murad Adıgözəlzadə görkəmli rus bəstəkarı Sergey Raxmaninovun iki fortepiano və orkestr üçün süita əsərini səsləndirib (işləməsi A. Varenberq, III-IV hissələr). İfa dinləyicilərin gurultulu alqışları ilə qarşılanıb.

Musiqi Akademiyasının 100 illik yubiley tədbirləri çərçivəsində Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının professor, müəllim və tələbə heyəti ilə Görüş-konsert Əməkdar artist Fuad İbrahimovun dirijorluğu altında Fikrət Əmirovun “Azərbaycan kapriççiosu” əsərinin ifası ilə başa çatıb. Qeyd edək ki, görüş-konsert dinləyici auditoriyasının diqqət və rəğbəti ilə qarşılanıb.

 

 





23.10.2021    çap et  çap et