525.Az

Deripaska presedenti - Xaqani Cəfərlinin siyasi şərhi


 

Deripaska presedenti -<b style="color:red"> Xaqani Cəfərlinin siyasi şərhi</b>

ABŞ Federal Təhqiqat Bürosu (FTB) əməkdaşlarının Nyu-York və Vaşinqtonda rusiyalı milyarder Oleq Deripaskaya məxsus iki mülkdə 11 saat axtarış aparması Rusiyada nüvə bombası partlayışı effekti yaradıb. ABŞ-ın Rusiyaya qarşı tətbiq etdiyi sanksiyaların heç biri Deripaskanın mülklərində axtarış aparılması qədər təsir doğurmamışdı. Hətta 2018-ci ildə Oleq Deripaskanın özünə və əsas şirkətlərinə qarşı sanksiya tətbiqi də FTB-nin əməkdaşlarının axtarışı qədər səs-küy doğurmamışdı. Yeri gəlmişkən qeyd edək ki, Oleq Deripaska bu sanksiyanın aradan qaldırılacağına ümid edirdi. Bu ümidlər qismən özünü doğrultmuşdu. 2018-ci ilin sonunda ABŞ hakimiyyət orqanları ilə əldə olunan razılığa əsasən, Deripaskanın şirkətlərinin bəzilərinə - “En+”, “UC Rusal i EvroSibEnerqo” şirkətlərinə qarşı sanksiyalar yumşaldıldı. Bunun üçün isə Deripaska şirkətlərdəki payının bir hissəsindən imtina etməli oldu. Ancaq özünə qarşı tətbiq edilən sanksiya qüvvədə qaldı. Deripaska bu qadağanın da aradan qaldırılacağına ümid bəsləyirdi. Hətta ötən ilin yanvarında Davos İqtisadi Forumuna qatılan Deripaska ona qarşı tətbiq edilən sanksiyanın aradan qaldırılacağı ilə bağlı nikbin açıqlamalar vermişdi. Ancaq bu ümidlər gerçəkləşmədi və bunu görən Deripaska sanksiyanın ləğvi üçün məhkəməyə müraciət etdi. Bu ilin iyun ayında ABŞ məhkəməsi Deripaskanın iddiasını rədd edərək, sanksiyanı qüvvədə saxladı. Deripaskanın vəkilləri iddia ərizəsində iş adamının sanksiya nəticəsində bir neçə milyard dollar itirdiyini əsas gətirərək qadağanın aradan qalxmasını istəyirdilər. Lakin onların bu dəlili ABŞ ədliyyəsini inandıra bilmədi.

Ancaq bu hadisə də FTB-nin 11 saatlıq axtarışı qədər təsir doğurmamışdı. Çünki bu günə qədər baş verənlərdən fərqli olaraq FTB-nin axtarışı Deripaskaya qarşı cinayət işinin başlanmasına səbəb ola bilər. ABŞ hakimiyyət orqanları Deripaskanın mütəşəkkil cinayətkar dəstələrlə bağlılığının olmasından şübhələnir.

Oleq Deripaska FTB-yə dəyərli xidmət göstərmiş nadir rusiyalı iş adamıdır. Məhz Deripaska FTB-nin İranda itkin düşmüş cəsusu Robert Levinsonun azad edilməsində mühüm rol oynayıb. İranda FTB cəsusunun izini tapmaq və azad etmək üçün Deripaskanın 25 milyon dollar sərf etdiyi ilə bağlı məlumatlar da var. Bu xidmətlərinə görə FTB Deripaskanı təltif də edib. Ancaq indi bu amillər FTB-nin Deripaskanın mülklərində axtarış aparmasının qarşısını almayıb. Hətta Deripaskanın Rusiya ilə yanaşı, İsrail vətəndaşı olması da onun imdadına yetməyib. Hətta məhz bu məqamları göz önünə alanda da Deripaskanın mülklərində axtarış aparılmasının mahiyyəti tam məlum olur. Belə qənaət yaranır ki, bundan sonra ABŞ-da mülkü olan hər bir əcnəbi, xüsusilə də rusiyalı FTB-nin hədəfi ola bilər. ABŞ-da mülkü və sərvəti olan rusiyalı zənginlər xüsusilə narahatdırlar. "Deripaskaya qarşı bunu edən, bizə nələri etməz?" sualı Rusiyanın biznes elitasında son günlər ən çox səslən narahatlıqdır. Bu narahatlığı necə aradan qaldırmağı isə heç kim bilmir.

FTB-nin Deripaskanı nədə ittiham elədiyi isə dəqiq məlum deyil. "Vaşinqton Post" qəzetinin məlumatına görə, FTB Deripaskanı biznesdəki rəqibini ölümlə təhdid etməkdə, dövlət məmurunu qanunsuz olaraq dinləməkdə, qəsb və reketçilikdə iştirakda günahlandırır.

"Financial Time" isə ABŞ Maliyyə Nazirliyindəki mənbəsinə istinadən xəbər verib ki, FTB Deripaskanı Rusiya prezidenti Vladimir Putinin çirkli pullarını yumaqda və prezident seçkilərinə müdaxilədə ittiham edir.

NBC telekanalının məlumatına görə, Deripaskanın mülklərində axtarış rusiyalı milyarderin ABŞ-ın keçmiş prezidenti Donald Trampın seçki kampaniyası ilə bağlı ola bilər.

Rusiyalı təhlilçilər isə iki əsas məsələyə diqqət çəkirlər. İlk olaraq FTB-nin bu yoxlamasının ABŞ Dövlət katibinin müavini Viktoriya Nulandın Moskvaya səfərindən dərhal sonraya təsadüf etməsi qabardılır. İddia olunur ki, xanım Nulandın səfəri zamanı Moskva ilə Vaşqinton arasında heç bir anlaşma əldə olunmayıb və bundan sonra ABŞ hakimiyyət orqanları hərəkətə keçiblər. Təhlilçilər bildirirlər ki, Deripaska ilə bağlı baş verənlər yalnız başlanğıcdır və davamı da olacaq.

İkincisi isə bu olay Rusiya prezidenti Vladimir Putinə yaxınlığı ilə tanınan iş adamlarına qarşı tətbiq edilməsi təklif olunan sanksiyanın qəbul olunacağından xəbər verir. Təhlilçilər qeyd edirlər ki, Rusiyanın yüksək vəzifəli şəxslərinin, biznes elitasının və dövlətə məxsus media qurumlarının rəhbərlərinin adlarının yer aldığı 35 nəfərlik siyahıda adı olan hər kəsə qarşı sanksiya tətbiq ediləcək. Qeyd edək ki, bu siyahı Rusiya müxalifətinin lideri Aleksey Navalnı tərəfindən təklif olunduğu üçün "Navalnı siyahısı" kimi tanınır. Dəqiqləşməmiş məlumatlara görə, "Navalnı siyahısı" daha da genişləndirilib və sanksiya tətbiq olunması təklif edilən şəxslərin sayı 60 nəfərə qədər artırılıb. Bu şəxslərə viza qadağası ilə yanaşı, ABŞ-dakı sərvətlərinin üzərinə həbs qoyulması da təklif edilir. Ən təhlükəsi isə budur ki, sərvətlərinin qanuniliyini əsaslandıra bilməyənlərin sərvətinin müsadirə olunması da təklif olunur.

Bütün bunlar isə Rusiyanın biznes elitasında əsəbilik yaratdığı kimi, işgüzar münasibətlərin zəifləməsinə və şirkətlərin dəyər itirməsinə səbəb olur. Vaşinqton və Nyu-Yorkdakı iki mülkdə aparılan axtarış artıq Oleq Deripaskanın şirkətlərinin ciddi dəyər itirməsinə yol açıb. "Deripaska presedenti"nin davam edəcəyi halda Rusiyanın biznes elitasının seçim qarşısında qalacağı da təhlilçilərin qənaətlərindən biridir.

Vaşinqtonda isə hesab edirlər ki, rusiyalı iş adamları Moskvanın təcavüzkar siyasətindən bəhrələnir və Rusiyada mövcud olan rejimin tərkib hissəsidirlər. Bu isə faktiki olaraq Rusiya biznesinin qanunsuz vəziyyətə düşməsinə gətirib çıxaracaq ittihamlardır. 
 

 





24.10.2021    çap et  çap et