"İmamzadə" tarixi-dini memarlıq kompleksinin ətrafındakı məzarlıq ərazisində ümumşəhər iməciliyi keçirilib.
525.az xəbər verir ki, kütləvi iməcilik Gəncə şəhər İcra Hakimiyyətinin və Kəpəz Bələdiyyəsinin təşkilatçılığı, Gəncə İctimai İştirakçılıq Məclisinin təşəbbüsü ilə Kompleksin ətrafında yerləşən qəbiristanlıqda aparılıb. İməcilikdə Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı Niyazi Bayramov, idarə, müəssisə, təşkilat rəhbərləri, YAP-ın şəhər təşkilatının gənc könüllüləri, İştirakçılıq Məclisinin üzvləri, şəhər ictimaiyyətinin, gənclər qurumlarının fəalları və sadə sakinlər iştirak ediblər. İməcilik zamanı Kompleksin ətrafında yerləşən qəbiristanlıqda təmizlik və abadlıq işləri həyata keçirilib, məzarların ətrafı qurumuş alaq otlarından təmizlənib, daş, qum və torpaq qalıqları yığılaraq ərazidən kənarlaşdırılıb. İməcilik zamanı məzarlıq ərazisində olan ağac və gül kollarına aqrotexniki qulluq da göstərilib. İşlərə Gəncə şəhər Mənzil Kommunal Təsərrüfatı İstehsalat Birliyinin xeyli sayda canlı qüvvəsi və texnikası da cəlb olunub.
Üç yüz nəfərə yaxın insanın qatıldığı iməcilikdə ümumi ərazisi 53 hektar olan qəbiristanlığın müəyyən bir hissəsini təmizlənib. Həmçinin, qəbiristanlıq ərazisində Kəpəz Bələdiyyəsi tərəfindən 250 metrlik asfalt salınması üçün yol və kənarları təmizlənib və tam hazır vəziyyətə gətirilib. Yaxın günlərdə qəbiristanlıq ərazisinə əlavə 3 ədəd böyük və xeyli sayda orta həcmli zibil qutuları quraşdırılacaq.
"Belə təşəbbüslər həm vacib, həm də şəhərimizdə uzun müddət necə deyərlər, nəzərdən qaçmış işlərə diqqət yönəltmək mənasında ictimai faydalı sayılmalıdır. Bugünkü iməcilik, hesab edirəm ki, vətəndaşlarımıza da bir mesajdir. Axı heç də sirr deyil ki, qəbiristanlıqlarımızdakı səliqəsizlik və zir-zibilli mənzərələri biz sakinlər özümüz yaratmışıq. Məgər, öz yaxınının qəbirini təmizləyərkən, çıxan ot-ələfi, zir-zibili yığıb, aparıb bunun üçün müəyyən edilən yerlərə tökmək əvəzinə, yaxınlıqdakı digər qəbirlərin ətrafına tökənlər azdır? Gəlin, birdəfəlik qəbul edək ki, bu kimi hallar heç də mədəni cəmiyyətə yaraşmaz", - deyə iməciliyin iştirakçısı İlyas Xəlilov bildirib.
Qeyd edək ki, iməcilik zamanı Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı Niyazi Bayramov Gəncə Dövlət Tarix-Mədəniyyət Qoruğunun balansında olan Qədim Gəncə Qalasına və Comərd Qəssab türbəsinə də baş çəkib. Şəhər rəhbəri vaxtı ilə tökülmüş inşaat tullantılarının ərazidən daşınması, yolun hamarlanması ilə bağlı aidiyyəti qurumlar qarşısında məsələ qaldırılması və kompleks işlərin icra olunması ilə əlaqədar olaraq müvafiq tapşırıqlar verib.
İstər "İmamzadə" ətrafında, istər də şəhərin təcili səliqə-sahman yaradılması vacib olan digər yerlərində iməciliklər keçirilməsi ənənəsi davam etdiriləcək.
Zakir Muradov,
Gəncə