525.Az

Onun əlləri - Türkan Turan yazır


 

Onun əlləri -<b style="color:red"> Türkan Turan yazır</b>

Filmə yetişmək üçün qaçaraq salona çatdım. İşıqlar çoxdan söndürülmüşdü. Reklamlar demək olar ki, bitmək üzrə idi. Yerimi axtararkən havada hərəkət edən bir cüt əl gördüm. Biletdə göstərilən sıranın hansı olduğunu müəyyən etmək gərəyi duymadan sonuncu sıraya yaxınlaşdım.

Qaranlığın içində işim-işim işıldayan əllərin yanındakı boş yerə ruhumu təslim edər kimi səssizcə oturdum. Kreslonun kənarında əsalətlə duran, nadir sayılacaq gözəllikdə olan əllərə gözlərimi dikdim. Əsrarəngiz, zərif, bir o qədər də güclü və təmiz idi, tərtəmiz. Enerji axını o qədər güclü idi ki, bədəninə yığılmış ehtiras barmaqların uclarından fışqırırdı sanki. Solumda, ürəyimin düz yanında tərpənən, əyilən, bükülən möcüzəvi əllərdən baxışlarımı çəkə bilmirdim. Hətta bir ara ağlıma Abidin Dinonun "Əllər"i gəldi; böyük əllər, kiçik əllər, sarılan, qucaqlayan, oxşayan, ayrılan, birləşən əlləri təsvir etmişdi eyni adlı kitabda və əlavə etmişdi, "Dörd ayaqlı bir canlı olan atın gözlərinə diqqətlə baxmısınız? Barmaqsız ayaqlarının ucları nə nəsə verəcək, nə də ala biləcək vəziyyətdədir. Beləcə at nə rəsm çəkə bilər, nə də sığal. Gözlərindəki sonsuz kədər buna görədir". Dinonun bir müddət əvvəl oxuduğum sətirlərinin fərqinə bir sinema salonunda varmaq da varmış dedim, gözlərimi bir anlıq solumdan çəkib qaranlıq tavana zilləyərək. Bir cüt ələ yenik düşmüşdüm. Böyük bir çaşğınlıqla, gözlərim yerindən çıxacaqmış kimi seyr edirdim hər zərrəsini. Cazibəsi göz qamaşdıracaq cinsdəndi bu maraqlı canlının. Sanki bütün həyat dəqiqələr içində ovuclarına köçmüş, əllərinin ortasında dövr edirdi dünya. Film? Onu doxsan yeddi dəqiqənin ilk saniyəsində unutmuşdum. İşə bax ki, izləməyə gəldiyim kino 80 yaşa çatmış, gün keçdikcə yaddaşı silinən, qocalıq adlı labirintin içində hər gün bir az daha itən, bir dəfə xatırlayıb hər dəfə unudan adamdan bəhs edirdi. Filmin qəhrəmanı illərə, mən isə dəqiqələr için tanımadığım, daha öncə qarşılaşmadığım, kimə məxsus olduğunu bilmədiyim iki ələ təslim olmuş, hamını, hər şeyi unutmuşdum. O ana qədər olanları, keçib gedənləri, iki əlli yapışdığım qolları artıq xatırlamırdım. Sahilə çırpılaraq geri çəkilən dalğa kimi çəkib aparmışdı silinməz sandıqlarımı. İki əl nəhəng bədənləri qoparmışdı sığındıqları "limandan", dərin kökləri olduğunu düşündüyüm "çinarları" devirmişdi beynimdə.  Birdən, Dürer "Tanrının əli"ni, Leonardo da Vinçi "Mona Liza"nın əllərini, Mikelancelo "Adəmin yaradılışı" adlı o əsrarəngiz tablodakı barmaqları çəkərkən yaşadıqları hisslərin düşüncəsi bir ürpərti kimi keçdi bədənimdən. Görəsən, onlardan biri olsa qarşısında donub qaldığım bu əlləri necə təsvir edərdilər, adını nə qoyardılar? Bəs Amadeo Modilyani? Əksər əsərində olduğu kimi əlləri kəsib, bədəni ön plana çıxardardımı? Bunu düşünmək belə sanki beynimə tikan kimi batdı. Axı, bu əlləri hansı rəssam görməzlikdən gələ bilərdi ki?

Birdən dəhşətli bir həqiqətin fərqinə vardım. Gözüm əllərdən başqa heç nə görməmişdi. Kim idi bu əllərin sahibi? Başımı qaldırıb üzünə baxmaq niyə ağlıma gəlməmişdi? Həqiqətən, bu əllərin hansı qolda olduğu, qolların hansı gövdəyə birləşdiyi mənim üçün maraqlı idimi? Sanmıram! Həmin an nə üzü, nə gözü, nə özü, bütün enerjinin, gücün, ehtirasın toplandığı əllər idi beynimin mərkəzinə hakim olan. İnsanı özünə maqnit kimi çəkirdi. Maraqdan qovrulurdum, görəsən, necədir hərarəti, göründüyü qədər hamar, yumşaqdırmı? Kaş barmaqlarımı barmaqlarının arasına keçirib tək əl olana qədər sıxa bilsəm... kaş, kaş deyirdim pıçıldayaraq. O an mənə elə gəlirdi ki, bircə dəfə toxunsam, Yer üzündə ayrı düşən bütün əllər birləşəcək! Sonra nə oldu, bilmirəm! Çünki qaranlıq salonda yüksələn səslər, gurultular, insanların qapqara bir kölgə kimi o tərəf, bu tərəfə gedib gəlməkləri, həyəcanları, böyük ekrandan qopan qışqırıqlar, tənginəfəs qalan aktyorların dialoqları sanki sehirlənmiş kimi donub qaldığım əllərin yanında birdən birə yox olmuşdu. Ölmüşdü hər şey, hər kəs. Nəfəs alan, hərəkət edən, yaşayan sadəcə o idi - o əllər...
 

 





24.10.2021    çap et  çap et